Xəbər lenti

 
Xəbər verdiyimiz kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova Avropada nəşr olunan «Moderndiplomacy nəşrində ciddi iddia ilə çıxış edib. Onun "Azərbaycan artıq «orta miqyaslı» dövlətdirmi?"  sərlövhəli məqaləsində ölkəmizin kiçik dövlət olmadığı, beynəlxalq siyasətin müəyyənləşməsində oynadığı rolla daha yüksək mərhələyə yüksəldiyi iddia olunur.
 
Qeyd edək ki, «Moderndiplomacy» Avropa Birliyinin ən önəmli beynəlxalq münasibətlərin təhlili nəşrlərindən sayılır. Dərgi Esmira xanımın bu iddialı məqaləsini dərc edibsə, deməli arqumentləriylə də razılaşıb.
 
Sual oluna bilərOrta miqyaslı dövlət nədir və müəllif hansı əsaslara söykənərək Azərbaycanı bu kateqoriyaya şamil edib?
 
Gəlin, ən yaxşısı, bu suala Esmira Cəfərovanın iddialı məqaləsini oxuyaraq cavab tapaq.
 
 


Esmira Cəfərova
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü 
 
 
 
Orta miqyaslı dövlətlər bir çox beynəlxalq təşəbbüsün həyata keçirilməsində əsas rol oynayırlar. Belə təşəbbüslərin icra edilməsi zamanı isə resursların koordinasiyası və dəyərlərin təbliği tələb olunur. Orta miqyaslı dövlətlər nə böyük, nə də çox kiçik olduqları üçün belə adlandırılır. Amma bu sahənin alimləri belə dövlətləri yalnız coğrafi ölçü mənasında xarakterizə etmirlər. Yəni orta miqyaslı dövlətlər alimlər üçün təkcə ərazilərinin ölçüsü baxımından önəmli deyil. 
 
Mariyke Broyninq kimi alimlər dövlətləri belə təsnif edirlər: böyük/fövqəldövlət, orta miqyaslı dövlətlər, regional dövlətlət və kiçik dövlətlər. Broyninq ayrıca olaraq orta miqyaslı dövlətlər belə xarakterizə edir: «Bu dövlətlər hərbi güc nümayiş etdirmədən müəyyən təsir gücünə malik olur».
 
Alimlər hesab edir ki, orta miqyaslı dövlətlər bir qayda olaraq, varlı ölkələrdir. Onlar öz resurslarından sülhün güclənməsi, qlobal iqtisadi qeyri-bərabərliyin aradan qaldırılması üçün istifadə edir. Bu kateqoriya aid dövlətlər beynəlxalq normaları dəstəkləyir, müəyyən beynəlxalq standartların qəbuluna hər zaman «hə» deyir. Üstəlik, onlar başqa dövlətləri də belə normaların qəbulunun vacibliyinə inandırmağa çalışır. Bu işdə onlar bütün diplomatik imkanlardan yararlanmağa çalışır.


 
Karsten Holbrad orta miqyaslı dövlətlər belə xarakterizə edir: «Onlar dövlətlər arasında münasibətləri yumşaltmağa, mülayimləşdirməyə çalışır. Orta miqyaslı dövlətlər böyük dövlətlər arasında belə, gərginliyi azaldır, münaqişələrin qarşısını alır. Məsuliyyət hissi daha çox olan orta miqyaslı dövlətlər beynəlxalq təşkilatların əsas dəstəkçiləridir».
 
Belə ölkələr iqtisadi inkişafı təmin edən beynəlxalq əməkdaşlıqda da müəyyən rol oynayır. Bu dövlətlərdə qərar verən şəxslər dayanıqlı iqtisadi inkişafa çalışırlar.
 
Orta miqyaslı dövlətə misal olaraq Kanadanı göstərmək olar. »Böyük səkkizlik»də yer alan Kanada özünü çoxdan orta miqyaslı dövlət kimi təsdiqləyib. Onun beynəlxalq arenadakı rolu hər kəsə məlumdur.
 
Daha bir orta miqyaslı dövlət Norveçdir. 1993-cü ildə imzalanmış Oslo Sazişindən əvvəl israilli və fələstinli nümayəndələr arasında danışıqlara məhz Norveç yardım etmişdi.



Niderlandla İsveç də bu kateqoriyadandır. Onlar davamlı olaraq beynəlxalq normaları müdafiə edən ölkələr kimi tanınır, vasitəçiliyə çalışır, ekologiya sahəsinə xüsusi diqqət ayırır.
 
Lakin orta miqyaslı dövlətlərlə bağlı ümumi meyarlar müəyyən edilməyib. Bu məsələdə konsensus yoxdur. Odur ki, çox vaxt beynəlxalq məsələlərdə fəallıq nümayiş etdirən ölkələr özlərini orta miqyaslı dövlətlər kimi təqdim edir. Bu məsələdə maraqlı məqamlardan biri orta miqyaslı dövlətlə kiçik dövlət arasındakı fərqdir. Ekspertlər hesab edir ki, kiçik dövlətləri müəyyən etmək heç də asan deyil. Çünki burada da söhbət yalnız coğrafi ölçülərdən getmir. Onların başqa ölkələrə təsiri çox azdır və bu dövlətlər beynəlxalq münasibətlərdə gücdən çox nadir halda istifadə edir.
 
Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanın ərazisi kiçik olsa da, bu məqaləmdə artıq orta miqyaslı dövlət olduğunu sübut etməyə çalışacağam.


 
Azərbaycan regional lider olmaq üçün uzun yol keçib, beynəlxalq tərəfdaşları ilə birgə enerji və infrastruktur layihələri həyata keçirib və s. Misal kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, «Cənub Qaz Dəhlizi» meqalayihəsini göstərmək olar. Sonuncu layihədə işlərin 2020-ci ildə başa çatacağı gözlənilir.
 
Amma bu layihələr təkcə gəlir əldə etmək üçün gerçəkləşdirilməyib. Onlar Avropa daxil olmaqla, bir sıra regionun və qonşu ölkələrin enerji təhlükəsizliyinin, sabitliyinin təmininə yönəlib. Hər halda, təhlükəsizlik həm də sabitlik deməkdir. Sabitliklə gəlir isə sonda dayanıqlı inkişafı təmin edir.
 
Azərbaycanın həyata keçirdiyi enerji və infrastruktur layihələrini kənara qoysaq, onun son illərdə beynəlxalq aləmdə nüfuzunun artdığını, beynəlxalq normaları qoruyan dövlətə çevrildiyini söyləyə bilərik. Odur ki, bu məsələlər diqqətlə öyrənilməlidir. Azərbaycan müxtəlif təşəbbüslər irəli sürür, cəmiyyəti birləşdirən müxtəlif dəyərləri ön plana çıxarır, həmçinin bir-birilə rəqabət aparan qüvvələr arasında körpü rolu oynayır. Odur ki, o, artıq orta miqyaslı dövlət adlanmağa layiqdir.
 
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq arenadakı şüarlarından biri tolerantlıq və multikulturalizmdir. Bakı uzun müddətdir bu dəyərləri təbliğ edir. Azərbaycanın bu dəyərlərlə əlaqəli təşəbbüslərinin, həmçinin bu istiqamətdəki dövlət siyasətinin həyata keçirilməsinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yardım göstərir. 2016-cı il Azərbaycanda »Multikulturalizm İli» elan edilmişdi. Çox sayda etnik azlığın, müxtəlif din nümayəndələrinin yaşadığı Azərbaycanda milli azlıqların hüquqlarına, o cümlədən dini etiqad azadlığına hörmət edilir. Bir sözlə, tolerantlıq Azərbaycan cəmiyyətinin unikal xüsusiyyətidir.


 
Digər tərəfdən, Bakının çoxtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verməsi bu mənada çox mühümdür. Azərbaycan artan beynəlxalq nüfuzu sayəsində 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü də olub. Onun BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi dövründə (2013-cü ilin oktyabrında) məhz Bakının təşəbbüsü ilə «Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirməsi» mövzusunda yüksək səviyyəli iclas keçirilmişdi. Yeri gəlmişkən, bu, BMT Təhlükəsizlik Şurasında bu mövzuda aparılan ilk müzakirə idi.
 
Bakının çoxtərəfli əməkdaşlığa önəm verdiyi onun son təşəbbüslərində də ortaya çıxır. O, müxtəlif maraqları, dini etiqadı və milli kimliyi olan dövlətləri bir araya gətirə bilir. Yeri gəlmişkən, OPEC+ faktiki olaraq, Azərbaycanın təşəbbüsü ilə yaradılıb. İndi bu təşkilat dünya bazarında neftin qiymətinin sabitləşməsində aparıcı qüvvəyə çevrilib. Neftin qiymətinin davamlı dəyişdiyi dövrdə beynəlxalq neft bazarında problemlərin həlli üçün OPEC təşkilatı ilə quruma daxil olmayan neft istehsalçıları bir formatda birləşib və bu, Azərbaycan prezidenti İlham Əliyevin ideyasıdır


 
Prezident Əliyev hələ 2016-cı ilin yanvarında Davos İqtisadi Forumunda bu təşəbbüslə çıxış etmiş, bildirmişdi ki, OPEC-ə daxil olan və olmayan əsas neft istehsalçısı ölkələrin bir araya gəlməsi, razılaşmalar əldə etməsi yaxşı olardı. Neft istehsal edən ölkələr Azərbaycanın bu təklifinə anında dəstək verərək bir araya gələ biliblər. Bununla da OPEC+ qlobal neft bazarı ilə bağlı əsas quruma çevrilib. Bir sözlə, beynəlxalq əməkdaşlığa, beynəlxalq təşkilatların roluna xüsusi əhəmiyyət verən Azərbaycanın təşəbbüsü ilə neft istehsal edən ölkələr ümumi hədəflərə çatıb, eyni zamanda, beynəlxalq neft bazarında müəyyən balans yaranıb.
 
Bakının bütün bu təşəbbüsləri göstərir ki, Azərbaycan artıq məhz orta miqyaslı dövlətdir. O, beynəlxalq normaları tam dəstəkləyir, üstəlik hər zaman müəyyən əlavə beynəlxalq standartların qəbulun lehinə çıxış edir. Bakı digər ölkələri də belə normaların qəbulunun vacibliyinə inandırmağa çalışır.
 
Azərbaycan ayrı-ayrı dövlətlər arasında münasibətləri səhmana salmağa, mülayimləşdirməyə də cəhdlər göstərir. Beynəlxalq təşkilatları dəstəkləyən əsas ölkələrdən olan Azərbaycan hər sahədə məsuliyyət nümayiş etdirir.


 
Yeri gəlmişkən, Azərbaycan özünü bir daha orta miqyaslı dövlət kimi göstərmək üçün əla şans qazanıb. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik məhz Bakıdadır. Bu hərəkat BMT-dən sonra ən çox üzvü olan ikinci təşkilatdır. Bundan başqa, Azərbaycan bu il Türk Şurasına, GUAM və TRASECA-ya da sədrlik edir.
 
Ötən ilin oktyabrında Türkdilli Dövlətlərin 7-ci Sammiti, Qoşulmama Hərəkatının isə 18-ci Sammiti məzh Azərbaycanın sədrliyilə keçirilib. 2019-cu ilin noyabrında Dünya Dini Liderlərinin İkinci Sammitinə də Bakı ev sahibliyi edib.
 
Bir sözlə, Azərbaycan bütün sadalanan təşkilatlarda xüsusi rola malikdir. O, bu qurumlar çərçivəsində də tolerantlığa, dinlərarası dialoqa xüsusi diqqət göstərir. Başqa sözlə, Azərbaycan beynəlxalq normaları dəstəkləyən orta miqyaslı dövlət kimi çıxış edir.
 
Koronavirus pandemiyası dövründə də Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının onlayn iclasları keçirilib. Hər iki sammitdə əsas mövzu qlobal pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması səyləri, üzv ölkələrin bu məsələdə həmrəylik nümayişi olub. Hər iki iclasda birlikdən, çoxtərəfli, həmçinin beynəlxalq əməkdaşlıqdan, ümumi dəyərlərə bağlılıqdan danışılıb. Vurğulanılıb ki, effektli çoxtərəfli əməkdaşlıq, koronavirus pandemiyasından əziyyət çəkən bütün dövlətləri birləşdirən ümumi dəyərlərə bağlılıq sayəsində problemləri həll etmək mümkündür.


 
Bakı dayanıqlı inkişafı dəstəklədiyini də dəfələrlə ortaya qoyub. Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına, həmçinin xüsusilə yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası ölkələrinə dəstək məqsədilə 10 milyon dollar ianə ayırıb. Bu da onun beynəlxalq normaları nə dərəcədə dəstəklədiyini, orta miqyaslı dövlət statusuna nə qədər layiq olduğunu göstərir.
 
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə enerji və infrastruktur layihələri həyata keçirir, bununla da qonşu ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyini və dayanıqlı inkişafını təmin edir. Holbardın da qeyd etdiyi kimi, orta miqyaslı dövlətlər böyük dövlətlər arasında gərginliyin azalmasında böyük rol oynayır, mümkün münaqişələri məhdudlaşdırır. Bu konteksdə qeyd etmək lazımdır ki, Azərbaycan Rusiya və Qərb dövlətləri rəsmiləri arasında bir neçə görüşə ev sahibliyi edib. İlk belə görüş 2018-ci ilin aprelində Bakıda keçirilib. O zaman Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Suriyadakı vəziyyəti müzakirə etmişdilər. İkinci görüş də həmin ilin dekabrında keçirilmişdi.


 
Belə görüşlər 2019-cu ildə də davam edib. Ötən ilin iyulunda V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters ilə görüşüb. Tərəflər Avropadakı və qlobal təhlükəsizliyi, Rusiya ilə NATO arasında insidentlərin qarşısının alınmasının yollarını və hərbi ekspertlər arasında dialoqun bərpası perspektivlərini müzakirə ediblər. Görüşdə terrorçuluq və dəniz quldurluğuna qarşı mübarizə, həmçinin Əfqanıstan və Suriyadakı vəziyyət də müzakirə olunmuşdu.
 
Ötən ilin noyabrında Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüş keçirilib. V.Gerasimovun NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volterslə növbəti görüşü də Bakıda, bu ilin fevralında baş tutub.
 
Aydındır ki, Rusiya və NATO rəsmilərinin görüşlərinin Bakıda keçirilməsi təsadüfi deyil. Bakı artıq müxtəlif, çox vaxt bir-birilə rəqabət aparan qüvvələr üçün münasib görüş məkanına çevrilib. Demək, o, orta miqyaslı dövlətlə bağlı daha bir meyara cavab verir.


 
Sonda, orta miqyaslı dövlət anlayışı ilə bağlı müxtəlif fikirlər ola bilər. Məqalədə istifadə etdiyimiz fikirlər bu anlayışın izahına, ondan analik məqsədlə istifadəyə imkan yaradır. Azərbaycanın orta miqyaslı dövlət olduğunu sübut etmək üçün son illərdə onun təşəbbüsü ilə həyata keçirilən layihələrdən, ortaya qoyulan strategiyadan danışdıq. Bütün bunlar özündə çoxtərəfli əməkdaşlıq, multikulturalizm, tolerantlıq, dinlərarası dialoq, dayanıqlı inkişaf və s. dəyərləri ehtiva edir.
 
Hər halda, qeyd olunan dəyərlər və təşəbbüslər bütün cəmiyyətlərdə, bütün dövlətlərin xarici siyasətində əks olunsaydı, dünyamız daha gözəl olardı. Bu dəyər və normaların daha geniş miqyasda tanınması anarxiyanın hökm sürdüyü beynəlxalq sistemdə sülhün bərqərar olunmasına, dialoqa və qarşılıqlı anlaşmaya töhfə verərdi. Odur ki, beynəlxalq normaları dəstəkləyən orta miqyaslı dövlətlər müxtəlif dəyərlər sisteminə qiymət verdiklərinə görə mühüm əhəmiyyət kəsb edirlər. Əslində, ümumi dünyamızı bu dəyərlər sistemi qurur. Onu məhz bu dəyərlər sistemi birləşdirir, təkmilləşdirir və möhkəmləndirir.
 
Göründüyü kimi Azərbaycan doğru yoldadır. Odur ki, onun orta miqyaslı dövlətə çevrilmək iddiasına ciddi yanaşılmalıdır.


Ana səhifəyə qayıt        Baxış: 3 228          Tarix: 20-05-2020, 21:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma