Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Ermənistanla Azərbaycanın sərhəddində silahlı toqquşmalar gedir. Bu dəfə qarşıdurma Qarabağdan uzaqda, biləvasitə iki respublikanın arasında alovlanıb. Yaranmış gərginliyə görə tərəflər bir-birini ittiham edir. Bakı artıq bir neçə hərbi qulluqçusunun öldüyünü təsdiqləyib, Yerevan isə qurbanlar barədə məlumat vermir. “İzvestiya” baş verənlərin səbəbləri və mümkün fəsadlarını araşdırmağa çalışıb.
Ovqat.com Rusiyanın məşhur “İzvestiya” qəzetinin "İkigünlük müharibə: Ermənistanla Azərbaycan nə üçün toqquşdular?" sərlövhəli məqaləsini təqdim edir.
Nə baş verir?
Ermənistanla Azərbaycan arasında toqquşmalar iyulun 12-də başlayıb. Vacib məqam ondan ibarətdir ki, münaqişə biləvasitə iki ölkə arasında, yəni Qarabağdan uzaqda qızışıb. Hadisə yeri Azərbaycanın Tovuz rayonu ilə Ermənistanın şimal-şərqindəki Tavuş vilayətinin sərhəddidir.
Bakıdan bildirirlər ki, qarşı tərəf Azərbaycanın mövqelərini artilleriyadan atəşə tutub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan isə bir qrup Azərbaycan hərbçisinin “naməlum səbəbdən” UAZ markalı avtomobillə dövlət sərhəddini pozmağa cəhd göstərdiyini deyir. Onun sözlərinə görə, edilən xəbərdarlıqdan sonra azərbaycanlılar avtomobili ataraq, öz mövqelərinə qayıdıblar. Bir saatdan sonra isə artilleriya atəşi ilə Ermənistanın dayaq məntəqəsini ələ keçirməyə çalışıblar.
Bakı toqquşmalar nəticəsində 5 hərbçisinin yaralandığını, 3 nəfərinsə həlak olduğunu etiraf edib: “Müddətdən artıq hərbi qulluqçular – çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu həlak olublar. Həkimlərin səylərinə baxmayaraq, aldığı yaralardan əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da vəfat edib”.
Həlak olanların cənazəsi iyulun 13-nə keçən gecə Tovuz şəhərinə gətirilib. Onlara hörmət əlaməti olaraq, yüzlərlə insan küçələrə axışıb. Toplananlar onları alqışlayaraq, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.
Yerevan isə ermənilər tərəfdən ölənlərin olduğunu inkar edir. Deyilənə görə, guya cəmi 2 polis nəfəri yüngül yaralanıb.
Bu arada Azərbaycanın Müdafiə Nazirliyi erməni mövqelərinə endirdiyi zərbənin videosunu yayıb. “Artilleriya, minaatan və tanklar vasitəsilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissə ərazisindəki avtomobil texnikası və canlı qüvvəsi məhv edilib”, - deyə videonun icmalında bildirilir.
Bundan başqa, “Voyennıy Obozrevatel” telegram-kanalında döyüş zamanı çəkildiyi təxmin edilən video yayılıb. Videoda partlayışlar görünür, atəş səsləri eşidilir. Lakin baş verənlərin vaxtı və yerini müəyyən etmək mümkün deyil. Erməni tərəfi hər iki görüntünü şərhsiz qoyub.
İyulun 13-ü gündüz tərəflər toqquşmaların davam etdiyini bildiriblər. Ermənistanda qeyd edirlər ki, düşmən hər 15-20 dəqiqədən bir artilleriya atəşi açır. Azərbaycanda isə deyirlər ki, ermənilər snayper və pulemyotçuların vasitəsilə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.
Azərbaycan prezidenti İlham Əliyev baş verənləri Təhlükəsizlik Şurasının toplantısında belə şərh edib: “Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə, Azərbaycan torpağına keçə bilmədi”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumətin növbədənkənar iclasında məsuliyyəti Azərbaycanın üzərinə atıb. “Düşmən sərhəddə təxribat törədib. Bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə o, bildirib.
Səbəb nədir?
Baş verənlərin əsas səbəbi Ermənistan və Azərbaycan cəmiyyətlərində yığılıb qalmış ziddiyyətlərdir. Koronavirus pandemiyası hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan vurub. Ermənistanda dəymiş ziyanın miqyasını 1,5 milyard dollar qiymətləndirirlər. Burada martdan qüvvədə olan fövqəladə vəziyyət rejimi sonuncu dəfə avqusta qədər uzadılıb. İyunda vətəndaşlara evdən maskasız və sənədsiz çıxmaq qadağan edilib. Bu tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib. Lakin məmurların dəfələrlə özünütəcrid qaydalarını pozduğu üzə çıxıb. Ölkədə yoluxma statistikası yüksək olaraq qalmaqdadır. Nəticədə ölkədə hakimiyyətdən narazılıq artıb, etiraz aksiyaları başlayıb.
Azərbaycan da koronavirus pandemiyasını ağır keçirir. Hökumətin son qərarına görə iyulun 4-dən 20-dək ölkənin 7 böyük şəhərində xüsusi karantin rejimi tətbiq edilib. İri ticarət mərkəzləri bağlanıb, nəqliyyatın və vətəndaşların hərəkəti məhdudlaşdırılıb. İxracın əsasını təşkil edən neftin ucuzlaşması isə iqtisadiyyata əlavə ziyan vurur.
Lakin Ermənistanda gərginliyin daha bir səbəbi var – hakimiyyətin siyasi opponentləri ilə mübarizəsi. İyunda parlament qanunvericiliyə Konstutisiya Məhkəməsi sədri və heyətini dəyişməyə imkan verən dəyişikliklər edib. Məsələ ondadır ki, son zamanlara kimi Konstitusiya Məhkəməsi Nikol Paşinyandan müstəqilliyini saxlaya bilmiş yeganə vacib dövlət orqanı idi. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun artıq sabiq rəhbəri Qagik Tsarukyana qarşı üç cinayət işi açıb.
Daha bir vacib məqam Dağlıq Qarabağla bağlı danışıqların “dalana dirənməsi”dir. Fevralda keçirilmiş Münxen Təhlükəsizlik Konfransı zamanı iki ölkə liderlərinin ilk açıq diskussiyası qarşılıqlı ittihamlardan ibarət olmuşdu. Nikol Paşinyan Bakını “DQR”lə birbaşa dialoqa getməməkdə günahlandırmış, İlham Əliyev isə Yerevandan bu qanunsuz quruma maliyyə ayrılmasını dayandırmağı, Azərbaycan ərazisindən çıxmağı tələb etmişdi.
Bəs sonra?
Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycanın sərhəddində vəziyyətin kəskin pisləşməsindən ciddi narahatlığını ifadə edib. “Bölgənin təhlükəsizliyinə xələl gətirən gərginliyin davam etməsini yolverilməz hesab edirik. Qarşıdurma tərəflərini təmkinli olmağa, atəşkəs rejiminə qəti əməl etməyə çağırırıq. Rusiya XİN-i öz növbəsində, vəziyyətin sabitləşməsi üçün lazımi dəstəyi verməyə hazırdır”, - deyə nazirliyin saytında dərc edilmiş bəyanatda bildirilir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas isə baş verənlərlə əlaqədar təşkilatın növbədənkənar toplantısını çağırıb.
Bütün bunların fonunda ekspertlər toqquşmaların tammiqyaslı müharibəyə keçəcəyini düşünmür. “Müharibə üçün əsaslı zəmin yoxdur. Lakin atışmaların və mövqe döyüşlərinin sayı arta bilər. Beynəlxalq müşahidəçilər tərəflərin danışıqlara sövq edilməsində daha fəal olmalıdırlar”, - deyə Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin əməkdaşı Stanislav Pritçin bildirib.
Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov isə “İzvestiya”ya açıqlamasında Rusiyanın tərəfləri barışdırmağa çalışacağını bildirib: “Biz tərəflərə öz mövqeyimizi qəbul etdirməyə çalışmırıq, yaxınlaşmaya yardım edirik. Hər şeyin nədən başladığını, necə baş verdiyini və nəyə gətirdiyini müəyyən etmək lazımdır. Vəziyyəti status-kvoya qaytarmaq lazımdır. Status-kvo isə hərbi gücün tətbiqini istisna edir”.
Sülməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun Direktoru Denis Denisov “İzvestiya”ya deyib ki, belə insidentlər qismən həllini tapmış və ya “dondurulmuş” münaqişələrə xasdır. “Bunun Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycanla Ermənistanın sərhəddində baş verməsi bir daha göstərir ki, bu dövlətlərin problemi təkcə Qarabağla bağlı deyil”, - deyə o, qeyd edib. Denisov hesab edir ki, məsələnin həlli üçün danışıqlar bərpa olunmalıdır: “Rusiya belə körpülərin yaranması üçün zamin kimi çıxış edə bilər”.
Müəlliflər: İqor Karamzin, Aleksey Zabrodin
İzvestiya, Rusiya
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar