Xəbər lenti
 
 
  
Bir neçə gün əvvəl Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində, Azərbaycanın Tovuz rayonu istiqamətində qəfil silahlı toqquşmalar başlayıb. Bundan dərhal sonra Türkiyə ilə Azərbaycanın yüksək rütbəli hərbçiləri arasında görüş keçirilib. Ankara Bakıya logistik dəstək verib, onlar hərbi məsələləri koordinasiya etməyə başyayıb. 
 
Bəs Türkiyənin Ermənistanla Azərbaycan arasında baş verən toqquşmalara nə aidiyyatı var? Yoxsa Ankara yaşananları özünə də təhlükə sayır?
 
Ovqat.com xəbər verir ki, Qətərin dünyaca ünlü “Əl-Cəzirə” agentliyi Yeni münaqişə meydanı: Ermənistan-Azərbaycan qarşıdurmasında Ankara harada dayanır? sərlövhəli məqaləsində bu suala cavab axtırıb.
 
Məqalənin tərcüməsini təqdim edirik.
 
Ermənistan ordusu Azərbaycanın sərhəddə yerləşən strateji yüksəkliyini ələ keçirməyə çalışıb. Nəticədə tərəflər arasında başlayan toqquşma hər iki rətəfdən 16 nəfərin həyatına son qoyub. Bu yüksəkliyin ələ keçirilməsi Ermənistana mövqe üstünlüyü, eləcə də bu bölgədən keçərək Gürcüstan və Türkiyə istiqamətində uzanan neft-qaz boru kəmərlərini nəzarətə götürmək imkanı verəcəkdi.
 
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildən Azərbaycan ərazisinin 20%-ni – Dağlıq Qarabağı və ona bitişik bir neçə rayonu, o cümlədən Ağdam və Füzuli rayonlarının bir hissəsini işğalda saxlayır.
 
Ankara Ermənistanın son təxribatını dərhal pisləyib. O, Yerevanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, işğal etdiyi torpaqlardan çıxmağa, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməyə çağırıb.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Azərbaycanın hüquqlarına, torpaqlarına hücumlara cavab verməkdə bir an belə, tərəddüd etməyəcək.
 
Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir isə “Twitter” sosial şəbəkəsindəki hesabında ölkəsinin Müdafiə Sənayesi silahlarının, PUA, raket və elektron müharibə sistemlərinin, eyni zamanda, hərbi təcrübəsinin Azərbaycanın ixtiyarında olduğunu yazıb.
 
Bundan başqa, Türkiyə parlamentində təmsil olunan 4 böyük partiyası – Ədalət və İnkişaf Partiyası (AKP), Millətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CXP) və İYİ Partiya birgə bəyanat yayaraq, Ermənistanın Azərbaycana təcavüzünü pisləyib.
 
Türkiyəyə təcavüz
 
Hökumətə yaxınlığı ilə tanınan türkiyəli yazar İbrahim Qaragül hesab edir ki, Gürcüstan və Türkiyəyə uzanan boru xətlərinin keçdiyi Tovuz rayonuna hücum artıq məsələnin Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsindən çıxdığını göstərir. Onun fikrincə, artıq Rusiya, Fransa, BƏƏ-dən yardımlar alan Ermənistan hökuməti təhrikçi qüvvə kimi, Türkiyəyə də mesaj verməyə çalışır.
 
Qaragül “əl-Cəzirə”yə müsahibəsində Ankaranın bunun bir mesaj olduğunu yaxşı anladığını söyləyib. “Prezidentindən tutmuş, Müdafiə Nazirliyinə qədər bütün dövlət institutlarının Azərbaycana tam dəstək verməsi, türkiyəli rəsmilərin “Biz bir dövlət kimi, birlikdəyik” deməsi bunun göstəricisi idi”, - deyə o, qeyd edib.
 
Yazarın fikrincə, ermənilər Azərbaycana hücum etməklə, həm də Türkiyənin “nəbzini yoxlamağa” çalışıb: “Lakin Türkiyə istənilən an Ermənistana təzyiq göstərmək iqtidarındadır”.
 
“Ankara Rusiya və İranın Türk dünyasına təfriqə salmaq, Ermənistandan istifadə etməklə, Türkiyənin Orta Asiya ilə bağlarını qoparmaq planını bilir. Qarabağın və Azərbaycanın digər ərazilərinin hələ də işğal altında qalmasının əsas səbəblərdən biri də budur”, - deyə o, vurğulayıb.
 
İbrahim Qaragül hesab edir ki, Tovuza hücum təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı yönəlmişdi: “Lakin Türkiyə Azərbaycanı tək qoymayacaq. İki ölkənin müdafiə sahəsində tərəfdaşlığı da bunun göstəricisidir. Azərbaycanın müdafiəsi Vətənin müdafiəsi deməkdir. Bizim düşüncəmiz, siyasi kimliyimiz, geostrateji baxışımız və müdafiə strategiyamız budur!”.
 
Ankaranın narahatlığı
 
Kocaeli Universitetinin beynəlxalq hüquq üzrə professoru Samir Saleha isə Ermənistanla Azərbaycan arasında budəfəki toqquşmaların onilliklərdir münaqişə zonası olan Qarabağdan uzaqda baş verdiyinə diqqət çəkir. “Toqquşmalar münaqişə zonasında baş versəydi, bu, gözlənilməz olmazdı”, - deyə o, bildirib: “Qarşıdurmanın Azərbaycanla Ermənistanın dövlət sərhədində baş verməsi fəqiqətən də gözlənilməz idi”.
 
Türkiyəli alim “əl-Cəzirə”yə açıqlamasında bildirib ki, “ermənilərin son hücumu heç də təsadüf deyil. Burada məqsəd Türkiyəni də çaşqınlığa salmaq olub”. Samir Saleha hesab edir ki, burada məqsəd regionda yeni gərginlik ocağının yaradılması ilə Türkiyənin diqqətinin Suriya, Liviya, Aralıq dənizinin şərqi və Afrikadan yayındırmaq idi.

Professorun fikrincə, Tovuzda baş verənlər Ermənistanla Azərbaycan arasında 4 il əvvəl baş vermiş döyüşlərdən daha təhlükəlidir. “Moskva gərginliyi azaltmaq üçün məsələyə tez bir zamanda müdaxilə etməzsə, Türkiyənin şübhələrinin artması üçün səbəb yaranacaq”, - deyə o, bildirib.
 
Saliha deyir ki, hər dəfə mövzu erməni məsələsi olduqda, bir neçə regional güc, həmçinin Qərb qüvvələri dərhal birləşir, siyasi və təhlükəsizlik sazişlərinin imzalanmasına başlanılır.
 
“Ermənilər Azərbaycana qarşı bu təxribata Moskvanın xəbəri və icazəsi olmadan əl ata bilərdimi?” sualna Saliha belə cavab verib: “Güman ki, Liviya məsələsində Türkiyə-ABŞ yaxınlaşmasından narahat olan Rusiya Ankaraya Balkanları və Orta Asiyanı xatırlatmaq istəyir”.
 
Qaziantep Universitetinin Hüquq fakültəsinin dekanı olan Saliha hesab edir ki, gərginliyin məhz bu bölgədə baş verməsi Türkiyənin də iştirakçısı olduğu böyük layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hədəfə alınması deməkdir: “Ankara xarici siyasətində dəyişikliklərə getmək qərarına gəldikdən, eləcə də Suriya və Liviyada olduğu kimi, təhlükəsizliklə bağlı məsələlərdə, hərbi qarşıdurmalarda öndə olmağa başladıqdan sonra qədim klassik cəbhələrin alovlandırılması, Türkiyəyə qarşı yeni cəbhələrin açılması daim gündəmdədir”.
 
Müəllif: Zahir əl-Baik


Ana səhifəyə qayıt        Baxış: 3 247          Tarix: 27-07-2020, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma