Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərinə iyulun 12-dən başlamış hücumu nəticəsində, bu dəfə iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədində gəringinlik yaranıb. Tərəflər arasında hərbi toqquşmalar iyulun 14-dək davam edib. Əslində, son dövrlərdə Ermənistanla Azərbaycan arasında gəginlik tədricən artmaqda idi. Nəhayət bu, genişmiqyaslı müharibəyə çevrildi.
Ovqat.com xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovaya aiddir.
Esmira Cəfərova,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü
Azərbaycanlı analitik, Avropanın ünlü moderndiplomacy.eu portalında dərc olunan “Ermənistanın Tovuza hücumu həm də Avropanın enerji təhlükəsizliyinə hücumdur” sərlövhəli məqaləsində yazır:
“Tovuz döyüşləri son illərdə iki ölkə arasında baş vermiş ən böyük hərbi qarşıdurmadır. Bu toqquşmalar nəticəsində hər iki tərəf çox sayda itki verib. Konkret olaraq Azərbaycan bir general və 76 yaşlı mülki vətəndaşı daxil olmaqla, 10-dan çox hərbçisini itirib.
Ermənistanın Azərbaycana məhz bu sərhəd bölgəsindən və məhz bu vaxt hücum etməsinin (tərəflər arasında hərbi toqquşmalar adətən təmas xətti boyu baş verirdi) səbəbləri çoxdur. Bu yazıda səbəblərdən yalnız bir neçəsini göstərməyə çalışacağam.
Beynəlxalq nüfuza malik ekspertlərin də söylədiyi kimi, əslində, Azərbaycana qarşı hərbi əməliyyatlar Avropanın enerji təhlükəsizliyinə və rifahına hücum idi...
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələr ilk növbədə göstərir ki, axır vaxtlar Ermənistanla Azərbaycan arasındakı təmas xəttində hərbi toqquşmalar olmasa da, uzun illər sonra iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri təşkil edilsə də, 2019-cu il münaqişənin həlli baxımından itirilmiş il olub. Üstəlik, danışıqlar prosesində irəliləyişin olmamasını Ermənistanın baş naziri Nikol Paşinyanın təhrikedici ritorikası müşayiət edib. Halbuki, Paşinyan “məxməri inqilab” nəticəsində hakimiyyətə gəldikdən sonra çox iddialı vədlər verirdi. Hər kəs onun vəd etdiyi iddialı islahatları həyata keçirmək uğrunda mübarizəyə başladığını düşünürdü.
Lakin N.Paşinyanın 2019-cu il avqustun 5-də “Ümumerməni oyunları” münasibətilə etdiyi çıxış düşmənçilik ritorikasının artacağının müjdəçisi idi. Yeri gəlmişkən, “Ümumerməni oyunlar”ı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunun Xankəndi şəhərində keçirilirdi. Erməni baş nazir “Dağlıq Qarabağ Ermənistandır və nöqtə!” bəyanatını məhz həmin çıxışında səsləndirmişdi.
Bu azmış kimi, o, ATƏT-in müvafiq qərarları əsasında formalaşmış danışıqlar prosesinin formatının dəyişdirilməsilə bağlı təkidli tələblər irəli sürməyə başlamışdı. Paşinyan hesab edir ki, işğal altındakı Dağlıq Qarabağ regionunda qurulmuş marionet rejimin nümayəndələri sülh danışıqlarında müstəqil tərəf kimi iştirak etməlidir.
2020-ci ildə danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarda Cenevrədə keçirilmiş görüşü ilə başlayıb. Danışıqlar aprel və may aylarında COVID-19 pandemiyasına üzündən videokonfrans formatında davam etdirilib. Lakin sonradan baş vermiş iki hadisə danışıqlar prosesinə olan ümidləri puça çıxarıb.
Birinci, martın 31-də Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda “parlament və prezident seçkiləri” keçirilib. Bu, təbii ki, beynəlxalq birlik tərəfindən qınanıb. Lakin saxta “seçkilər”in kuliminasiyası Şuşa şəhərində təşkil olunmuş təxribat olub. Marionet rejimin “yeni seçilmiş prezidenti”nin “andiçmə mərasimi” Azərbaycanın işğal altındakı bu şəhərində keçirilib. Şuşanın isə Azərbaycan üçün böyük mənəvi əhəmiyyəti var.
Təxminən həmin dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər münaqişənin mərhələli şəkildə həllini müzakirə edir. Lakin az sonra Paşinyan Lavrovu təkzib edib, hətta mərhələli həll variantının müzakirə mövzusu belə, olmadığını deyib. Erməni baş nazirin bu yanaşması əslində, düşmənçilik ritorikasında son damla idi.
Bu azmış kimi, həmin günlərdə Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni əlverişli ərazilərin işğalı” ilə hədələyib. Əslində bu, Ermənistanın yüksək rütbəli rəsmilərinin müharibə əhval-ruhiyyəsində olduğunun göstəricisi idi.
Sülh prosesilə bağlı ümidləri puça çıxaran bu faktlar təxminən son 6 ayda qeydə alınıb. Demək, bunlar əslində, 12-14 iyulda baş vermiş hərbi toqquşmaların müjdəçisi imiş...
Artıq hər kəsə aydındır ki, Paşinyan rejimi dəyişikliklər vədini yerinə yetirə bilmir. Ermənistanın iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhəddində təşkil etdiyi hücum da Paşinyan hakimiyyətinə ümidlərin puç olduğunu təsdiqləyir.
Bütün bunlarla yanaşı, COVID-19 pandemiyası və xarici yardımların azalması Ermənistanın onsuz da kifayət qədər olan iqtisadi problemlərini daha da dərinləşdirib. Üstəlik, bütün bunlar Azərbaycanın istər daxili, istərsə də xarici uğurları fonunda baş verir.
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji layihələrilə, uzun illərdir Avropanın enerji təhlükəsizliyində və dayanıqlı inkişafında mühüm rol oynayır. Bakı-Tbilisi-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkənin enerji hasilatçısı və tədarükçüsü rolunu artırıb. İndi, “Cənub Qaz Dəhlizi”nin artıq reallığa çevrildiyini də qeyd etmək yerinə düşər. 3500 kilometr uzunluğunda olan bu boru xətti 4 hissədən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Dəhliz Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyadan keçməklə, İtaliya ilə birləşdirir. Xəzər dənizindən hasil olunan qazının bu kəmərlə nəql ediləcəyi son nöqtə məhz İtaliyadır.
Yeri gəlmişkən, Türkiyəyə TANAP vasitəsilə qaz nəqlinə artıq bir müddətdir başlanıb. Azərbaycandan Tükiyəyə bu boru xəttilə illik 6 milyard kubmetr qaz nəqli planlaşdırılır. Avropaya isə ildə 10 milyard kubmetr Azərbaycan qazı tədarük olunacaq. “Cənub Qaz Dəhlizi”lə ilk qaz artıq Albaniya ərazisinə çatıb.
Layihənin 2020-ci ilin payızında tam işə düşəcəyi gözlənilir. Onun seqmentlərindən olan TAP-ın inşası da demək olar ki, tamamlanıb. Ümumiyyətlə, bu layihə ilə bağlı işlər gecikmə olmadan həyata keçirilir. “Cənub Qaz Dəhlizi”nin uğurla icrasına koronavirus pandemiyası belə, mane ola bilməyib.
Bir sözlə, bu dəhliz Avropanın enerji təhlükəsizliyi təmin edəcək layihələrdən biridir. O, “Yaşıl saziş”ə rəğmən, qitənin enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinin təminatçısıdır.
Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətə malik bu vacib infrastruktur... Ermənistanın bu yaxınlarda hücum etdiyi Tovuz rayonu ərazisindən keçir. Yeri gəlmişkən, Ermənistan bu regional enerji layihələrindən təcrid edilmiş yeganə Cənubi Qafqaz ölkəsidir. O, bu duruma eksponsionist və işğalçı siyasəti nəticəsində düşüb. Başqa sözlə, Ermənistan həm də bu vacib enerji layihəsi ətrafında mümkün xaos və dağıntıdan heç nə itirməyəcək yeganə ölkədir. Bu təcriddən doğan qısqanclıq və qəzəb hissinin onun enerji layihələrilə bağlı hiddətini daha da artırdığı aydındır. Üstəlik, Ermənistanın yüksək rütbəli rəsmilərin Mingəçevir su anbarına hücumla bağlı hədələri Yerevanın Azərbaycanın enerji infrastrukturuna qarşı necə düşmən mövqedə ola biləcəyini bir daha ortaya qoyur.
Mülki infrastruktur olan su anbarı Azərbaycanın ən böyük su elektrik stansiyasının həyati əhəmiyyətə malik hissəsidir. Mingəçevir Su Elektrik Stansiyası həm də ölkənin ən vacib bərpa olunan enerji mənbəyidir. Ölkənin enerjiyə təlabatının təxminən 17-18%-i bu məhz su elektrik stansiyası hesabına təmin olunur. Üstəlik, bu anbara hücum ediləcəyi təqdirdə, mülki əhali arasında da itkilərin hansı miqyasda olacağını təsəvvür etmək çətin deyil.
Bütün bunların fonunda, bəllidir ki, Ermənistan Azərbaycana son hücumlarla ilk öncə, yerli əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışıb.
İkincisi, Paşinyan rejimi beynəlxaq aləmdəki uğursuzluqlarını da ört-basdır etməyə çalışır. Onunçün bu, xüsusilə, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması fonunda aktuallıq qazanıb. Bakının BMT Baş Assamleyasının COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə artıq BMT-nin 130-dan çox üzvü müsbət münasibət bildirib.
Üçüncüsü, Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanla münaqişəyə cəlb etmək istəyib. Bu hərbi blokun nizamnaməsinin 4-cü maddəsində deyilir ki, əgər quruma üzv olan hər hansı dövlət bir dövlət və ya dövlətlər qrupu tərəfindən hücuma məruz qalarsa bu, təşkilatın bütün üzvlərinə qarşı hücum kimi qiymətləndiriləcək.
Dördüncüsü və məqaləmizin əsas müddəası: Ermənistan Azərbaycan və tərəfdaşlarının həyata keçirdiyi vacib enerji infrastrukturunu hədəfə almağa çalışır. O, bununla təkcə qonşusunun deyil, bütün Avropanın enerji təhlükəsizliyinə təhdid yaradır. Milyardlarla dollara başa gələn və 2020-ci ilin payızında tam işə düşəcəyi gözlənilən “Cənub Qaz Dəhlizi”, bu meqalayihəsində iştirak edən ölkələr üçün sosial-iqtisadi baxımdan çox faydalıdır. Həyati əhəmiyyətə malik bu layihəyə hər hansı zərər dəyərsə, bu, Avropanın nəinki bugünkü, həm də gələcək inkişafına böyük zərbə olacaq. Odur ki, Avropa dövlətləri belə təxribatlar qarşısında ayıq olmalıdır.
Hər halda, Avropa İttifaqı (Aİ), ATƏT-in Minsk qrupu, BMT, ABŞ və Rusiya daxil olmaqla, beynəlxalq subyektlər hərbi əməliyyatların dərhal dayandırılmasına çağırışlar edib. Lakin enerji layihəsinə yaranmış təhdidi nəzərə alsaq, yəqin ki, Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını almasaydı, Aİ daha sərt bəyanatla çıxış edəcəkdi. İndiki şəraitdə, onun bəyanatının yumşaq olduğunu söyləyə bilərik: “Avropa İttifaqı hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olacaq hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır”.
Halbuki, bu məqamda təcavüzkarın adının konkret çəkilməsinə, onun rüsvay olunmasına ehtiyac var idi. Başqa sözlə, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, Avropa təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymalıdır.
Başqa sözlə, XXI əsrdə beynəlxalq ictimaiyyət beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yummamalıdır. Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinə hörmətlə yanaşılmalıdır. Hər halda, Ermənistan məhz cəzasız qalacağını düşündüyü üçün suveren dövlət olan, Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayan Azərbaycana hücum edir. Buna göz yumulmamalıdır!
Bakıya gəlincə, Yerevanın təcavüzkar siyasəti onunçün yenilik deyil. Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini – Dağlıq Qarabağı və ona bitişik 7 rayonunu işğal edib. Doğrudur, Bakı hələ də münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Belə bir şəraitdə təcavüzkar dövlətin Azərbaycanın digər ərazilərinə hücum etməsinə imkan verilməməlidir. Üstəlik, artıq qeyd etdiyimiz kimi, bu, təkcə Azərbaycana deyil, həm də bütün Avropanın enerji təhlükəsizliyinə, qitənin dayanıqlı inkişafına təhdiddir.
Bir sözlə, Ermənistan təkcə Azərbaycanın və Cənubi Qafqazın təhlükəsizliyinə deyil, həm də Avropanın enerji təhlükəsizliyi və rifahına təhdid yaratdığı üçün sərt şəkildə tənqid edilməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar