Xəbər lenti

 
“Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi region ölkələrinə təsiri, bölgədə maraqları olan qüvvələr üçün fürsət idisə, indi vəziyyət əksinə, onların özü üçün təhlükəyə çevrilib”.
 
Ovqat.com xəbər verir ki, İraqın “Əl-Muraqib əl-İraqi” nəşrində Azərbaycan-Ermənistan arasında yaşanan son hərbi toqquşmalara həsr olunan məqalədə belə deyilir.
 
Unudulmuş problem: Ermənistanla Azərbaycan arasındakı “dondurulmuş münaqişə” yenidən qızışır” sərlövhəli məqalənin müəllifi Mötəzz Muhy Əbdülhəmidin fikrincə, Rusiya münaqişənin həllində maraqlı deyil və bu səbəbdən də gərginlik nəzarətdən çıxmır.
 
Məqalənin tərcüməsini təqdim edirik.
 
Ermənistan ordusunun Azərbaycanın iki ölkənin sərhədində yerləşən Tovuz rayonuna ağır silahlardan da istifadə ilə hücumu dünyanın gündəmini gözlənilmədən dəyişib. Beləliklə, regional müharibə ssenarisi yenidən gündəmdədir.
 
İyulun 12-dən 15-dək davam etmiş toqquşmalar nəticəsində hər iki tərəf itkilər verib. Azərbaycan əks-hücumla Ermənistanın mövqelərini atəşə tutub. Azərbaycan tərəfinin məlumatına görə, bir neçə gün davam etmiş toqquşmalarda hər iki tərəfdən onlarla insan həyatını itirib.
 
Ermənistan Azərbaycan ərazisinin 20%-ni – Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu, o cümlədən Ağdam və Füzuli rayonlarının böyük hissəsini 1992-ci ildən işğal altında saxlayır.


 
Beynəlxalq reaksiya
 
Ermənistanın Azərbaycana son hücumuna ən sərt reaksiyanı Türkiyə verib. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın əməllərini pisləməklə yanaşı, işğalçı dövləti beynəlxalq hüquqa hörmətlə yanaşmağa, işğal etdiyi torpaqlardan çıxmağa çağırıblar. Üstəlik, onlar Azərbaycanın torpaqlarını işğaldan azad etmək işinə bütün imkan və vasitələrlə dəstək olacaqlarını deyiblər.
 
Bunun ardınca baş verənlərə digər dövlət və beynəlxalq təşkilatların da reaksiyası eşidilməyə başlayıb. Məsələn, Rusiya tərəfləri atəşkəsə riayət etməyə çağırıb, lazım gələrsə, vasitəçiliyə hazır olduğunu bildirib. ABŞ ilə Böyük Britaniya da tərəfləri təmkinli olmağa dəvət edib.
 
Ermənistanın hücumlarını kəskin pisləyən daha bir dövlət Pakistan olub. İran isə itkilərə görə təəssüfünü ifadə etib, tərəfləri atəşi dayandırmağa çağırıb, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirib.
 
Ukranya və Moldova tərəfləri təmkinli olmağa səsləyib, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bildiriblər. Onların bəyanatlarında deyilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməlidir.
 
BMT, Avropa İttifaqı, ATƏT, NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (bu qurumda Ermənistan da yer alır) kimi qurumlar da iki dövlətin sərhədində atəşkəsin pozulmasından narahatlıq ifadə ediblər.
 


“Dondurulmuş münaqişə”
 
Regionun tarixini, hadisələrin gedişini, atəşkəs mərhələsini və ondan sonra gələn “sülh prosesi”ni bilənlər üçün Ermənistanla Azərbaycan arasında toqquşmalar gözlənilməz deyil. 1992-ci ildə döyüşə daha hazırlıqlı olmuş Ermənistan (o, ASALA terror təşkilatı tərəfindən dəstəklənir, olduqca miqyaslı hərbi, iqtisadi və diplomatik dəstək alırdı) o zaman Azərbaycan ərazisinin təxminən 20%-ni işğal edib. BMT TŞ başda olmaqla, çoxsaylı beynəlxalq təşkilatların bu işğalı pisləyən, işğala qeyd-şərtsiz son qoyulmasını tələb edən qətnamələri var. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Üstəlik, tərəflər arasında hələ 1994-cü ilin mayında atəşkəs sazişi imzalansa da, o, bu razılaşmaya da riayət etmir.
 
Konkret olaraq, Tovuza hücuma gəlincə, Ermənistan bununla guman ki, yeni ərazilər tutacağını, Azərbaycana təhlükə yaratmaqla Bakını təzyiq altında saxlayacağını düşünüb. Lakin bu regionda maraqları, ona təsir imkanları olan bütün mühüm güclər tərəfləri dərhal sakitliyə çağırıb.
 
Bundan başqa, Ermənistanın Azərbaycan torpaqlarını işğalı keçmiş Sovet coğrafiyasının bir çox digər problemləri kimi, “dondurulmuş münaqişə” kimi təqdim olunur. Lakin Rusiyanın Gürcüstana 2008-ci ilin avqustundakı hərbi müdaxiləsi “dondurulmuş münaqişə”lərin əslində, böyük təhlükə mənbəyi olduğunu bir daha təsdiqləyib.
 
Ötən illər ərzində beynəlxalq vasitəçilərin köməyilə problemin həll ediləcəyinə ümidlər bəslənirdi. Lakin maraqlıdır ki, son illərdə böyük itkilərlə nəticələnmiş toqquşmalar ya tərəflər arasında növbəti danışıqlar əsnasında, ya da ondan dərhal sonra baş verir. 2010-cu ilin iyununda da belə olub, 2014-cü ilin avqust və noyabrında da, 2015-ci ilin dekabrında da. Son dövrlərdə vəziyyət bir qədər sabitləşsə də, gərginlik yenidən pik həddə çatıb. Bunadək tərəflər arasında ən ciddi toqquşma (1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra) 2016-cı ilin aprelində baş vermişdi. O zaman Azərbaycanın erməni təxribatına cavabı sonuncunun böyük itkilər verməsilə nəticələnmiş, Azərbaycan torpaqlarının bir hissəsini işğaldan azad etmiş, bununla da az qala 30 ildir davam edən müharibədə ilk dəfə olaraq psixoloji üstünlük qazanmışdı. Bu, Ermənistanla yanaşı, onu dəstəkləyən qüvvələrdə də ciddi narahatlıq yaratmışdı.


 
Bir sözlə, əslində 1994-cü ildə bağlanmış atəşkəs sazişindən sonra da tərəflər arasında toqquşmalar tam dayanmayıb. Tərəflər hər dəfə atəşkəsi pozmaqda bir-birini ittiham edir. Lakin indi bir şey var ki, Azərbaycan 1990-cı illərin əvvələrilə müqayisədə, hərbi, iqtisadi və diplomatik baxımdan daha güclüdür.
 
Ermənistanın Tovuza təcavüzünün səbəbləri
 
Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasını beynəlxalq hüququn pozulması hesab edir. Əslində, Bakının Ermənistanla müqayisədə hərbi, diplomatik, iqtisadi və digər üstünlükləri bu işğala son qoyulması ilə nəticələnməlidir. Başqa sözlə, Azərbaycanın lazım bildiyi anda torpaqlarını işğaldan azad etmək üçün həm hüququ, həm də qüdrəti var. Üstəlik, BMT Nizamnaməsinin 51-ci maddəsi ona özünü müdafiə etmək hüququ da verir.
 
Ermənistan bütün bunların fərqindədir və vəziyyətin belə davam etməsinin onun üçün riskli olduğunu anlayır. Odur ki, Azərbaycana qarşı təxribat törətməklə, münaqişəyə üçüncü tərəfi, konkret desək, Rusiyanı cəlb etməyə çalışır. Yerevanın Azərbaycanla dövlət sərhədində yerləşən, strateji enerji layihələrinin keçdiyi Tovuz rayonuna hücumu bəlkə də bundan qaynaqlanıb.


 
Ermənilərin bu əməlinin daha bir səbəbi onun 2016-cı ilin aprel döyüşlərinin nəticələrini unutdurmaq, həmin hadisənin mənfi psixoloji təsirini aradan qaldırmaq, başqa sözlə, daxili siyasətə hesablanmış gediş də ola bilər.
 
Bəzi ekspertlər burada söhbətin hansısa yüksəkliyin işğalı planından getmədiyini düşünür. Onların fikrincə, məqsəd Avropaya uzanan neft-qaz kəmərlərinin keçdiyi Tovuz rayonunun böyük hissəsinin ələ keçirilməsi ola bilərdi. Yeri gəlmişkən, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın vitse-prezidenti də buna eyham vurub. O, hesab edir ki, son təcavüzə xüsusilə Qərbə uzanan neft-qaz kəmərlərini, magistral yolu ələ keçirmək cəhdi kimi baxmaq lazımdır. Vitse-prezidentin fikrincə, hücumun Azərbaycan qazının Avropaya nəqlinə başlamasına az vaxt qalmış baş verməsi təsadüf deyil.
 
Əslində Ermənistan özü də dəfələrlə Azərbaycanın neft infrastrukturunu, regionda ən böyük su anbarı olan Mingəçevir su anbarını, oradakı elektrik stansiyasını vura biləcəyinə dair hədələr səsləndirib.
 
Bundan başqa, Yerevan Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirmiş, Brüssellə tərəfdaşlıq sazişini razılaşdırmış Azərbaycanı müharibəyə cəlb etməklə, onun beynəlxalq arenada artan imkanlarına da zərbə vurmağa çalışa bilər. Bu qarşıdurmada Rusiyanın Ermənistana hərbi dəstək verdiyi məlumdur. Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün Qafqaz regionundakı vəziyyəti nəzarətdə saxlamaq vasitəsidir. Odur ki, Moskva bu münaqişənin tam həll edilməsində o qədər də maraqlı deyil. O, bu cür mühüm “alət”i itirmək istəmir.
 
Son toqquşmaların daha da genişlənərək nəzarətdən çıxmamasına gəlincə, bunun mühüm səbəblərindən biri yəqin ki, tərəflərdən birinin digəri üzərində tam üstünlük qazanmasının Rusiyanın maraqlarına uyğun olmamasıdır.


 
Türkiyənin mövqeyi
 
Türkiyənin məsələyə kifayət qədər sərt reaksiyası vəziyyətin “nə hərb, nə sülh” şəklində qalmasını istəyənlər, xüsusilə Ermənistan və ona hərbi dəstək verən xarici qüvvələr, nizamlama prosesinin uğursuzluğa düçar olmasına çalışanlar üçün ciddi siqnal olub. Ankaranın iyulun 12-də başlamış toqquşmalardan dərhal sonra verdiyi bəyanatlar hərbi, diplomatik və iqtisadi qüvvələr balansının Bakının xeyrinə dəyişdiyini bir daha təsdiqləyib. Vaxtilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi region ölkələrinə təsiri, bölgədə maraqları olan qüvvələr üçün fürsət idisə, indi vəziyyət əksinə, onların özü üçün təhlükəyə çevrilib. Başqa sözlə, artıq “nə hərb, nə sülh” vəziyyəti Cənubi Qafqaz regionunun problemlərindən yararlanan qüvvələr üçün faydalı deyil.
 
Hər halda, Ermənistanla Azərbaycan arasında geniş müharibənin alovlanması regionun Rusiya, Türkiyə və İran kimi böyük gücləri üçün əlavə yük olar, nəticədə onların diqqəti, məsələn, Suriya və Liviya kimi bölgələrdəki maraqlarından yayına bilər.
 


Ana səhifəyə qayıt        Baxış: 3 675          Tarix: 4-08-2020, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma