"Naxçıvanla ticari əlaqələri tamamilə sərbəst hala gətiririk. Naxçıvan məhsullarının Türkiyəyə, Türkiyə məhsullarının Naxçıvana idxalı tamamilə asanlaşdırılmış hala gələcək”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Zeybekçi, Qarsda jurnalistlərlə söhbətində onu bildirib ki, hazırda Türkiyənin İqtisadiyyat Nazirliyi Naxçıvanla ticari münasibətləri Türkiyənin digər əyalətləriylə əlaqələr səviyyəsində asanlaşdırmaq üzərində işləyirlər. Onun dediyinə görə, Naxçıvanda hətta alış-verişlər belə, Türk lirəsiylə aparılacaq:
"Bu gün Qarsa Ramazanın bərəkətiylə gözəl xəbərlərlə gəldik. Naxçıvanla ticari münasibətləri xüsusi formada, kommersiya baxımında tamamilə sərbəst hala gətiririk. Naxçıvandakı məhsulların Türkiyəyə, Türkiyədəki məhsulların Naxçıvana girişiylə əlaqədar yeni mexanizm qurmaq istəyirik. Bunun texniki infrastrukturu artıq yaradıldı. Hazırda İqtisadiyyat Nazirliyini təmsil edən yoldaşlarımız oradadırlar. Yəni belə deyim; Ərzurum, Artvin ilə alver edərcəsinə bir mühit hazırlayacağıq. Türk lirasıyla alver ediləcək. Yəni buradan satılan məhsullara onlar, ordan aldığınız mallara isə siz Türk lirəsi ödəyəcəksiniz. "
Naxçıvan ilə ticarətin Qarsa böyük qatqıları olacağına diqqət çəkən Zeybekcinin bildirdiyinə görə, tərəflər arasında hətta gömrük rüsumları belə ləğv olunacaq:
"İlk etapda Naxçıvan ilə Qars arasında 100 milyon dollarlıq məhsulu gömrük rüsumu ödəmədən göndərilə biləcək hala gətiririk. Bu ticarəti isə qarslılar edəcək. İnşallah, bu da Ramazan ayında qarslılara hökumətimizin bir müjdəsi olsun. Bu ticarət burada istehsalı, təchizatın təmin olunması və bank sistemində bir çox fəaliyyəti də özü ilə bərabər gətirəcək".
Zeybekci sərhəd ticarətiylə əlaqədar yaxın gələcəkdə işlərinin çoxalacağını ifadə edərək, bu ticarəti yaxın zamanlarda xeyli aktiv hala gətirəcəklərini də etiraf edib.
Sözsüz ki, Naxçıvanla Türkiyə arasında asanlaşdırılan iqtisadi münasibətlər Muxtar Respublikanın sənaye müəssisələri üçün ciddi bazar yarada bilər. Görünür, Muxtar Respublika rəhbərliyi də məhz bu amilləri nəzərə alıb Türkiyə ilə gömrüksüz iqtisadi münasibətlər qurmaqda maraqlıdır. Bununla belə, Türkiyənin güclü iqtisadi qurumlarıyla rəqabətə Muxtar Respublikanın iqtisadi cəhətdən zəif əhalisinin duruş gətirib-gətirə bilməməsi də müəyyən risklərin göz önünə alınmasını gərəkdirir.
Üstəlik, Naxçıvan bazarında Türk lirəsiylə ticarətə sərbəstlik verilməsi yaxın perspektivdə Muxtar Respublikada milli valyutanın tamamilə sıradan çıxarılması baxımından da ciddi risk təşkil edir.
Ümidvarıq ki, Naxçıvan rəhbərliyi bu risk amillərini də nəzərdən qaçırmayıb.
Bütün hallarda Türkiyə ilə iqtisadi münasibətlərinin inkişaf etdirilməsi Muxtar Respublikadakı mövcud siyasi mühitdən də yan ötüşməyəcək. Bu münasibətlər bölgənin demokratikləşməsi pespektivləri kimi, arzuolunmaz tendensiyaları da gündəmə gətirə bilər. Nədən ki, Türkiyənin Naxçıvana yaxın ərazilərində separatçı qüvvələrin getdikcə fəallaşdığı, bir vaxtlar türk millətçiliyinin qalalarından biri kimi tanınan İğdırın artıq HDP-nin təsir dairəsinə düşdüdüyü də sirr deyil. Məhz buna görə də istər Azərbaycan, istərsə də Türkiyə rəhbərliyi genişləndirilmış iqtisadi əlaqələrlə yanaşı, bir sıra təhlükəsizlik tədbirlərini də gözardı etməməlidirlər.
Heydər Oğuz
Paylaş: