Xəbər lenti

 
  
Hər iki tərəf var qüvvəsilə hərbi əməliyyatlara hazırlaşır.
 
Rusiyanın “Daily Storm” nəşri son zamanlar Azərbaycan-Ermənistan sərhədlərində  yaşanan gərginliklərindən bəhs edib. 
 
Ovqat.com-un məlumatına görə, nəşrin Ermənistanla Azərbaycan yeni müharibə astanasında” sərlövhəli yazısında tərəflərin ciddi döyüşlərə hazırlaşdığı bildirilir.
 
Məqalədə deyilir:
 
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yenə təhlükə altındadır. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Ermənistanla sərhəddə baş vermiş hərbi toqquşmalardan sonra sözdən hərəkətə keçib: “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”.
 
Artıq həm Bakı, həm də Yerevan ehtiyyatda olan hərbçilərinin səfərbərliyini elan edib. Üstəlik, minlərlə insan könüllü olaraq cəbhəyə yazılıb. Türkiyə ordusu Azərbaycanda keçirilmiş təlimlərdən sonra burada qalmaqda, Rusiya isə Ermənistanda təlim keçirməkdədir.
 
İlham Əliyevin Ermənistana münasibəti bu yay dəyişib. İki ölkənin sərhədində baş vermiş üçgünlük döyüşlərdən sonra onun ritorikası daha da sərtləşib. Həmin döyüşlərdə hər iki tərəfdən hərbçilər, o cümlədən yüksək rütbəli zabitlər həlak olub. Bundan sonra Azərbaycan əhalisi hakimiyyətdən təcili səfərbərlik elan olunmasını, Dağlıq Qarabağın qaytarılmasına hazırlıqlara başlanılmasını tələb edib.
 
Sentyabrın 15-də Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırıb. Təlimlər üç ay davam edəcək. Artıq 800 nəfər cəbhəyə getmək istəyini ifadə edib. Sentyabrın 21-də isə Azərbaycan da təlim-məşq toplantısı elan edib və səfərbərliyin elə ilk günündəcə 10 mindən artıq insan könüllü yazılıb. “Daily Storm” öz mənbəsinə istinadən xəbər verir ki, hərbi komissarlıqların qarşısında gənclərdən və onları yola salanlardan ibarət növbələr yaranıb. “Biz inanırıq ki, tezliklə müharibə başlayacaq! Qaçqınlarımız uzun illərdir ki, evlərinə qayıtmaq arzusu ilə yaşayır”, - deyə Tovuz sakinlərindən biri bildirir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli İsmayılov belə səfərbərlik tədbirlərinin əvvəllər də keçirildiyini desə də, Qarabağ müharibəsindən sonrakı 28 ildə bu miqyasda döyüş hazırlıqları qeydə alınmayıb. Elə ehtiyatda olan hərbçilərin çağırıldığı təlimlərin də miqyası fərqlidir.
 
İndi Azərbaycan hərbçiləri döyüş maşınlarını çətin keçilən əraziləri keçmək üçün hazırlayır. Ehtiyatdan çağırılanlar isə tank sürmək və hədəflərə atəş açmaq təlimləri keçir. Bu günlərdə bir neçə sürücü sosial şəbəkələrdə yazır ki, onların idarə etdikləri “pikap” avtomobilləri saxlanılaraq dayanacağa aparılır. Onlara deyirlər ki, avtomobillər “hərbi ehtiyaclar üçün” götürülür.
 
“Pikap”larla bağlı məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də aydınlıq gətirib. “Bu tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə, həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyənləşdirilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”, - deyə qurumun məlumatında bildirilir.
 
Azərbaycanlılar sosial şəbəkələrdə valideynlərin oğullarını orduya necə yola saldıqlarını göstərən videolar paylaşır. Bir yandan alqış səsləri, bir yanda da övladlarını qucaqlayıb sağollaşan insanlar. Sanki onları müharibəyə yollanırlar...
 
Düşmənçilik edən dövlətlərin Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə apardığı danışıqlar hələlik nəticə vermir. Vaxtaşırı olaraq sərhəddə baş verən gərginlik danışıqları pozur. Bu il isə Yerevan-Bakı qarşıdurmasına Türkiyə də cəlb olunub. Ankara Azərbaycanla birgə hərbi təlim keçirmək üçün 10 minə yaxın hərbi qulluqçusunu və zirehli texnikasını oraya göndərib. Bəzi məlumatlara görə, Türkiyə qoşunları hələ də Azərbaycanda qalmaqdadır.
 
Sentyabrın 21-də Azərbaycan prezidenti dünya birliyinə müraciət edərək Ermənistanın hərbi toplanış keçirdiyini bəyan edib. O, Yerevanın Avropaya enerji təhcizatını dayandırmaq üçün Azərbaycana qarşı hücuma keçməyə hazır olduğunu vurğulayıb.
 
Qeyd edək ki, İlham Əliyev ölkə əhalisinin əhval-ruhiyyəsini də nəzərə alır. Bu yaxınlarda Bakıda keçirilmiş mitinq iştirakçıları Qarabağı hərbi yolla azad etmək tələbilə parlament binasına daxil olmuşdu.
 
1992-1994-cü illərin Qarabağ savaşından sonra münaqişə bölgəsində ən güclü gərginlik 2016-cı ilin aprelində baş vermişdi. O zaman alovlanmış dördgünlük müharibədə həm Ermənistan, həm də Azərbaycan tərəfinin onlarla hərbçisi həlak olub, tanklar məhv edilib, aviasiyadan belə, istifadə edilib. O zaman döyüşləri yalnız Moskvanın vasitəçiliyilə dayandırmaq mümkün olmuşdu.  
 
Bu il Azərbaycan prezidenti Qarabağla bağlı dəfələrlə sərt bəyanatlar verib. O, Ermənistanı danışıqlar prosesini pozmaqda ittiham edir. Yerli telekanallara müsahibəsində ölkə lideri deyib ki, “danışıqlar faktiki olaraq getmir”, Azərbaycan yalnız görüntü xatirinə danışıqlarda iştirak etmək niyyətində deyil. Əliyev həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın razılıq əldə etmək üçün irəli sürdüyü ilkin şərtləri tənqid edərək, onun yersiz sərt danışıq tonuna diqqət çəkib. “Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan? Əgər biz şərt dililə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək”, - deyə Əliyev bildirib.
 
İlham Əliyevin özününsə cəmi bir tələbi var: “Onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”. Prezident xatırladıb ki, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir. O, Yerevanın mübahisəli ərazilərdə yürütdüyü süni məskunlaşdırma siyasətini də tənqidə məruz qoyub. “İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
 
Əliyev deyib ki, Ermənistan növbəti dəfə təcavüzə əl atarsa, Azərbaycan özünü müdafiə edəcək: “Onlar təmas xətti yaxınlığına qüvvə toplayırlar. Biz hər şeyi görür, hər şeyi izləyirik”.
 
Ermənistanın müdafiə naziri David Tonoyan isə İlham Əliyevin danışıqların iflasa uğradığı haqda bəyanatını belə şərh edib: “Əgər o danışıq aparmırsa, demək, onun üçün danışıqlar mövcud deyil. O, özünü günahlandırası deyil ki! Əslində özünü günahlandırmalı olduğu halda, erməni tərəfini ittiham edir”.
 
Bu arada, mətbuatda Kürd Fəhlə Partiyası (PKK) döyüşçülərinin Ermənistan silahlı qüvvələrinin sıralarına cəlb edildiyinə dair xəbərlər yayılıb. PKK Türkiyədə terror təşkilatı hesab edilir. Misirin “Cairo24.com” saytı yazır ki, bu proses Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalardan sonra fəallaşıb. Əgər həqiqətən belədirsə, Türkiyə Azərbaycana hərbi yardım etmək üçün yeni səbəb qazanacaq.
 
Misir saytı yazır ki, Suriya və İraq ərazilərindən İran vasitəsilə Ermənistana kürd döyüşçülərindən ibarət 25 nəfərlik qrup göndərilib və yaxın vaxtlarda daha iki qrupun göndərilməsi planlaşdırılır. Onlardan biri PKK-nın Suriya qanadı olan YPG-nin 250 döyüşçüsündən ibarətdir. Bu qrup Suriya-İraq sərhədindəki Qamışlı rayonunda yerləşir. Digəri isə, nəşrin məlumatına görə, İraqın Ərbil şəhərinin cənubunda yerləşən “Mahmur” bazasının ciddi partizan müharibəsi təcrübəsi olan döyüşçülərindən formalaşdırılıb. Bildirilir ki, avqustda bu qrup Bağdada göndərilib və döyüşçülər “Hizbullah” hərəkatının qərargahında yerləşdirilib. Sentyabrın əvvəlində onlar müxtəlif yollarla Ermənistana gətirilib.
 
Ermənistan və Azərbaycanın hərbi fəallığını pilotsuz uçuş aparatlarının vurulması barədə vaxtaşırı yayılan məlumatlar da təsdiqləyir. Burada dronları bir-birinə “qonaq göndərmək” artıq ənənəyə çevrilib. Məsələn, iyul toqquşmaları zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana məxsus PUA vurulmuşdusa, sentyabrın 20-də isə Azərbaycan hərbçiləri Aşağı Quşçu və Vahidli kəndləri arasındakı dağlıq ərazidə Ermənistana məxsus dronu məhv edib. KİV-ə inansaq bu, iyulun 12-dən bəri vurulmuş 10-cu drondur.
 
Artıq Dağlıq Qarabağ ətrafında mübahisənin dinc yolla həllinə hətta tanınmamış “DQR”in lideri Araik Harutunyan belə, inanmır. O, hesab edir ki, daha Bakı ilə hansısa razılaşmanın müzakirəsi mənasızdır və artıq danışıqlara deyil, müharibəyə hazırlaşmaq lazımdır: “Gəlin realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Danışıqlar olmayacaq, mən bunu görmürəm. Azərbaycan danışıqlara köklənməyib. O, Ermənistanın mövqelərini atəşə tutur, atom elektrik stansiyasına zərbə endirməklə hədələyir”.
 
Bu gün Azərbaycan Ermənistandan daha geniş imkanlara malikdir. Məsələn, əhalinin sayı Bakının xeyrinədir – 10 milyon nəfər 3 milyona qarşı. Azərbaycan Silahlı Qüvvələri də ötən əsrin 90-cı və hətta bu əsrin 10-cu illərində olduğu kimi deyil. Bu səbəbdən Yerevan üçün danışıqlar tanınmamış respublika status-kvosunu saxlamaq üçün vasitədir. İlham Əliyev isə Yerevanı bu imkandan məhrum etmək istəyir. O deyir ki, Ermənistan üçün hadisələrin iki inkişaf variantı var: ya Dağlıq Qarabağ sülh yolu ilə qaytarılacaq, ya da Azərbaycan bunu hərbi yolla edəcək.
 
Bütün bunların fonunda Rusiya ənənəvi mövqeyinə sadiqdir. Moskva sülh tərəfdarı kimi çıxış edir, bununla da erməni tərəfini dəstəkləyir. Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova sentyabrın 18-də həmsədrləri Ermənistan və Azərbaycanın xarici işlər nazirlərilə ayrı-ayrılıqda görüşməyə çağırıb.

(Rus dilindən tərcümə - WorldMedia.Az)


 


Ana səhifəyə qayıt        Baxış: 3 555          Tarix: 25-09-2020, 12:50      


Paylaş: