Xəbər lenti

 
“Hərbi əməliyyatların dayandırılmasından sonra və yalnız demokratik hökumətlər arasında kompromislər mümkündür”.
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı antiterror əməliyyatını şərh edərkən deyib.
 
O, “Əl-Cəzirə” telekanalına müsahibəsində vurğulayıb ki, Dağlıq Qarabağa ATƏT-in Minsk qrupu çərçivəsində xüsusilə Rusiya sülhməramlılarının yerləşdirilməsi münaqişənin qlobal həlli kontekstində atılmış mühüm addım ola bilər.
 
Ermənistan Baş naziri niyə xüsusilə Rusiya sülhməramlılarına üstünlük verdiyinə isə belə aydınlıq gətirib: “Ermənistanın təhlükəsizliyi məsələsində Moskvanın qarşılıqlı öhdəlikləri var. Bundan başqa, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir”.
 
Elədirsə, o zaman Azərbaycan niyə öz ərazisində Ermənistan qarşısında hərbi öhdəliyi olan dövlətin sülhməramlılarını yerləşdirməlidir? Bu, təklif nə qədər ədalətlidir və absurd ideyalar necə demokratik dəyərlərlə əsaslandırıla bilər? Nə yazıq ki, “Əl-Cəzirə” jurnalisti Paşinyana bu sualları ünvanlamağı “unudub”, Ermənistanın Baş naziri isə sözügedən müəmmalara aydınlıq gətirmək istəməyib.
 
Paşinyan onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, BMT-nin baş katibi Antoniu Quterriş, İran Prezidenti Həsən Ruhani ilə telefonda iki dəfə söhbət edib.
 
Bəs, hansı haqla? Axı qondarma “DQR”, rəsmi İrəvanın iddiasına görə, Ermənistana bağlı olmayan “müstəqil dövlət”dir. O zaman həmin “müstəqil dövlətin” məsələsini niyə öz “rəsmiləri” deyil, İrəvan beynəlxalq ictimaiyyət qarşısında qaldırır?
 
Paşinyanın fikrincə, bu hüquq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı kimi çıxış etməsindən qaynaqlanır və indiki gərginlik guya Azərbaycanın Dağlıq Qarabağdakı dinc yaşayış məntəqələrini atəşə tutulması ilə başlayıb: “Bu günün əsas vəzifəsi isə  “təcavüzkarı” dayandırmaq olmalıdır. Yalnız bundan sonra danışıqlara başlamaq mümkündür”.
 
Amma Paşinyanın danışıqlar məsələsində də kəşf etdiyi “çox önəmli bir qəmbərqulu”su var. Onun fikrincə, Azərbaycandakı mövcud rejim avtoritardır və belə rejimlər kompromislərə köklənməyib, yalnız demokratik yolla seçilmiş hökumətlər güzəştə getməyə qadirdirlər. Başqa sözlə, o, Dağlıq Qarabağ məsələsini indiki hakimiyyətlə heç müzakirəyə çıxarmaq belə, istəmir. 
 
"Təsadüfi deyil ki, Azərbaycan Prezidenti mənim bəyanatlarıma militarist ritorikası ilə cavab verir", - deyə Paşinyan bildirib.
 
Farslar demişkən, “xeyli xub”. Bəs Putin Rusiyası siyasi xaraktercə hansı kateqoriyalı dövlətlər sırasındadır? Nə əcəb “demokrat” Paşinyan Dağlıq Qarabağ problemin həllini avtoritar lider tərəfindən idarə olunan Rusiyanın sülhməramlılarının ixtiyarına vermək istəyir?
 
Paşinyan onu da unudur ki, ərazi bütövlüyü məsələsi siyasi xarakterindən asılı olmayaraq bütün hökumətlərin 1 nömrəli prioritetidir və Dağlıq Qarabağda döyüşən hansısa hakimiyyət yox, xalqdır. Xalqın bu iradəsi qarşısını heç bir qüvvə ala bilməz.
 


Ana səhifəyə qayıt        Baxış: 5 262          Tarix: 4-10-2020, 08:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma