Xəbər lenti

 
 
Ermənistan Baş naziri Nikol Paşinyan iki gün əvvəl erməni xalqına müraciətində demişdi: "Erməni xalqı güzəşt etməyə hazırdırmı? Güman edirəm ki, bəli. Hətta deyə bilərəm ki, biz ən ağrılı güzəştlərə də hazırıq".
 
Onun bu sözləri İrəvanın bəzi millətçi çevrələrində böyük xəyal qırıqlığı yaratmış və Paşinyan sərt şəkildə tənqid olunub. Nəticədə tənqidlər qarşısında duruş gətirməyən Nikol dünən növbəti dəfə xalqa müraciət etmək məcburiyyətində qalıb. Bu dəfə öz ritorikasını 180 dərəcə dəyişən Baş nazir bir gün əvvəlki çıxışının iki məqsəd daşıdığını etiraf edib: dünyaya İrəvanın konstruktiv mövqeyini göstərmək və erməni xalqının nəbzini yoxlamaq.
 
Paşinyan dünənki çıxışında ermənilərin Dağlıq Qarabağı itirmək təhlükəsi ilə qarşı-qarşıya olduqlarını da gizlətməyib, orduda fərrariliyin baş alıb getdiyini və döyüş tapşırığını yerinə yetirməyən əsgərlərin ən ağır şəkildə cəzalandırılacağını bildirib.
 
Ovqat.com Paşinyanın dünənki çıxışının bəzi önəmli sətirlərini təqdim edir:
 
  • Düşmən tanklarla, təyyarələrlə, vertolyotlarla, terrorçularla, muzdlularla, Türkiyə və Pakistanın xüsusi təyinatlılarıyla hücum edir.
 
  • Bir ay əvvəl onlar Artsaxları fəth etmək, Artsları məhv etmək və diz çökdürmək vəzifəsini qarşıya qoymuşdular. Ancaq bu gün Artsax yaralı olsa belə, ayaq üstə dayanır.
 
  • Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz cəmiyyətini o qədər qələbə xəbərləri ilə sevindirmişdir ki, onlar artıq uzun müddətdir hər gün, hər dəqiqə, hər saniyə Arsaxın çökməsi, öz qəti və dönməz qələbələri barədə müjdə gözləyirlər.
 
  • Yüksək səviyyəli tapşırıqların yerinə yetirilməsi üçün bizim xalq qüvvələrinin konsolidasiyasına və nizam-intizamına müstəsna ehtiyacımız var. Döyüş vəziyyətinə əsasən, xüsusilə düşmənlə təmas şəraitində əmrlərin qeyd-şərtsiz yerinə yetirilməsi məntiqi işləməlidir. Əmrləri müzakirə etmədən yerinə yetirməyənlər ciddi şəkildə cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli və ən əsası ictimai qınağa məruz qalmalıdır.
 
  • Vətənin və xalqın taleyi risk altındadır və biz Arsaxın itirilməsinə, yaxud ermənilərin qovulmasına yol verə bilmərik (Paşinyana tövsiyə edirik ki, növbəti çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini təhrif etməsin. Xatırladaq ki, İlham Əliyev ermənilərin sadəcə qovulacağını yox, “it kimi qovulacağı”nı vurğulayıb. Növbəti dəfə bu cür təhriflərə yol versə, Azərbaycan lideri müəllif hüququnun pozulduğu iddiası ilə onu beynəlxalq məhkəməyə verə bilər).
 
 
  • Dünənki çıxışımın ciddi mübahisələrə səbəb olduğunu bilirəm. Açığı, qəribə görünsə belə, buna sevinirəm də. Bu çıxış iki məqsədi güdürdü: beynəlxalq ictimaiyyətə erməni tərəfinin konstruktivliyini və Artsaxın hüquqları uğrunda mübarizədə əzmkarlığını göstərmək. Hər iki məsələ bir qədər qeyri-adi, əksinə təsirli bir şəkildə öz həllini tapmışdır. Qətiyyətiniz üçün hamınıza təşəkkür etmək istəyirəm.
 
  • Bizim vəzifəmiz dünənki çıxışım nəticəsində yaranmış enerjini konkret işə çevirməkdir.
  • Bizim imkanlarımız sonsuz deyil, ancaq Arsax Müdafiə Ordusunun qarşısında duran vəzifələrin həlli üçün kifayət qədər silahı və potensialı vardır. Bəli, dünyada düşmənlərimiz çoxdur, amma çətin zamanlarda bizi dəstəkləməyə hazır olan dostlarımız da var. Qədirbilən erməni xalqı bu münasibəti heç vaxt unutmayacaq.
 
  • Bizim başlıca vəzifəmiz öz iradəmizi möhkəmlətmək, səylərimizi birləşdirmək, qətiyyətimizi və məqsədyönlülüyümüzü cəmləşdirmək, xalqımızın, dünyanın ermənilərinin Arsaxın öz müqəddəratını təyin etmək hüququnu müdafiə etmək qərarınını həyata keçirməkdir.
 
 
  • Bu müharibə hər birimiz üçün mütləq və əvəzolunmaz prioritet olmalıdır.
 
  • Bu müharibə zamanı Qarabağ münaqişəsinin dünyada qavranılması əhəmiyyətli dərəcədə dəyişilmişdir... Bu, bizim düzgün diplomatik işimiz və ictimai konstruktiv fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hadisələr göstərir ki, Azərbaycan kompromislərə nə keçmişdə, nə də indi hazır deyil. Bu fakt erməni xalqının sona qədər mübarizə aparmaq, qələbələr qazanmaq və bu qələbələrdən zövq almaq hüququnu beynəlxalq səviyyədə legitimləşdirir.
 
 
  • Gəlin, söz verək ki, biz heç nədən qorxmayacağıq. Azad və xoşbəxt gələcəyimizə heç bir daxili və xarici qüvvənin şübhə səpməsinə icazə verməyəcəyik. Səhvlərimiz və ya uğursuzluqlarımız olsa belə, ümidsizliyə qapılmayacağıq.
 
  • Biz məğlubiyyətlərə dəfələrlə dözdük, iradəmiz daşdan daha güclüdür.
 
 
  • Əmin ol ki, sənin seçdiyin hökumət bir dəqiqə də olsun, bir an da olsun, öz işindən, vəzifəsindən kənara çıxmayıb, bundan sonra da sənə bu qələbə yolunu göstərmək vəzifəsindən uzaqlaşmayacaq.
 


Ana səhifəyə qayıt        Baxış: 5 859          Tarix: 28-10-2020, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma