Xəbər lenti

 
Ukraynada Donetsk və Luqanskla bağlı rəy sorğusu keçirilib. 
 
Ovqat.com-un məlumatına görə, Sosial Monitorinq Mərkəzi adlı qurumun apardığı rəy sorğusunda iştirak edən respondentlərin 48.6%-i Donbassa, Luqanska muxtariyyət verilməsini dəstəkləyib, 38.8%-i isə buna qarşıdır.
 
Bildirilir ki, muxtariyyət tərəfdarları bunun Ukraynanın özünə fayda verəcəyinə inanırlar.  
 
Mütəxəssislər isə rəy sorğusunun bu nəticəsinə şübhə ilə yanaşırlar. Onların fikrincə, nəticələrin bu cür çıxması rəsmi Kiyevin sifarişi əsasında da baş tuta bilər. 
 
İddialara inansaq, Kiyev bu nəticələrlə iki məqsədə nail olmaq istəyir. Əvvəla, bununla Donbass və Luqansk separatçılarına “bütün əməllərinizə baxmayaraq, biz sizin arzularınıza hörmətlə yanaşırıq” mesajı verilir. Ukrayna hakimiyyəti bu mesajı verməklə yanaşı, Donbass və Luqansklə açıq qarşıdurmaya getməkdənsə, onları iqtisadi həvəsləndirmə yoluyla yenidən ölkələrinə qatmağa çalışır. Bir növ, onları iki seçim qarşısında qoyur: ya buyurub, siyasi və hərbi dəstək aldığınız Rusiyaya sığının və onun kimi açından ölün, ya da bizə qoşulub Qərbə inteqrasiya olun.
 
Təsadüfi deyil ki, Minsk Üçtərəfli Əlaqə Qrupundakı Ukrayna nümayəndə heyətinin müşaviri Oleksiy Arestoviç də bu yaxınlarda mətbuata verdiyi müsahibəsində Donbassın Ukraynaya qayıdacağı təqdirdə bölgəyə 21 milyard dollarlıq investisiya qoya biləcəklərini bildirmişdi. Nümayəndənin fikrincə, bu investisiyanı Kiyevin özü yox, danışdığı xarici şirkətlər bölgəyə yatıracaqlar. Arestoviç, separatçıları həvəsləndirmək üçün "müstəqil qalmaq daha bahalıdır" məntiqindən çıxış etmişdi.


 
Donbassa qayıtmaq, dəyəri nə olursa olsun, konstitusiya borcumuzdur. Buna görə biz xüsusi iqtisadi inkişaf zonası yaratmağı təklif edirik. İnvestisiya və yardım etməyə hazır ölkələr və beynəlxalq təşkilatlar da var”, - deyən Arestoviç bölgənin bərpası üçün ilk şərtin silahsızlanmaq olduğunu vurğulamışdı.
 
21 milyard dolların Ukrayna dövlət büdcəsinin hardasa 45%-nə bərabər olduğunu nəzərə alsaq, Kiyevin problemin həllini olduqca böyük məbləğə satın almağa çalışdığı ortadadır.
 
Digər bir versiyaya görə, Kiyev getdikcə daralan zaman qarşısında xalqı arzuolunmaz sürprizlərə hazırlamağa çalışır. Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Rusiya və Ukrayna rəsmiləri problemin diplomatik və sülh yoluyla həllini nəzərdə tutan “A planı” üzərində anlaşmışdılar. Bu anlaşmaya görə, bu ilin 9 dekabrına qədər Ukrayna ya Donbassa siyasi status verməli, ya da ərazi bütövlüyü uğrunda mübarizəyə başlamalıdır. Görünür, bir həftədən sonra yenidən intensivləşməyi gözlənilən müzakirələrdə Kiyev ən pis ehtimalı nəzərə alıb Donbass və Liqanskiyə hansısa statusun verilməsinin ümumxalq sifarişi olduğu təsəvvürünü yaratmaq üçün belə bir rəy sorğusuna ehtiyac hiss edib. Mümkündür ki, məhz bu “sorğu”nun nəticələrinə əsaslanan Zelenski hökuməti getməyə məcbur olduğu güzəştin günahını ictimai rəyin ayağına yazmağa çalışacaq.
 
Qeyd edək ki, rəsmi Kiyev başqa variantlara da hazırlaşdığını gizlətmir. Ötən həftə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilovun "Fokus"jurnalına müsahibəsində dilə gətirdiyi bəzi fikirlər də ölkənin öz ərazi bütövlüyü uğrunda döyüşə hazırlaşdığı ehtimalını qüvvətləndirirdi. Danilovun sözlərə görə, rəhbərlik etdiyi qurum Donbass və Liqanskidə müharibə ilə bağlı yeni qərar hazırlayır.
 


"7 dekabr 2019-cu il tarixdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirildi, burada Donbassdakı vəziyyətin inkişafı ilə bağlı beş variant qəbul edildi. Sizə bir sirri açacağam: Donetsk və Luqansk bölgələrindəki vəziyyətlə bağlı MTMŞ-nın yeni qərarı hazırlanır", - deyə Aleksey Danilov “Fokus” jurnalına açıqlama vermişdi.
 
 Milli Təhlükəsizlik və Müdafiə Şurasının hazırladığı yeni qərarda nələrin nəzərdə tutulduğu məxfi saxlanılır. Amma söhbətin hərbi yoldan getdiyi bəllidir.
 
Belə anlaşılır ki, Ukrayna öz ərazi bütövlüyü uğrunda mübarizədə gözlənilən bütün versiyalara hazırdır və beynəlxalq münasibətlərin təlqinləri istiqamətində addım atmağa çalışacaq. Beynəlxalq münasibətlərdəki vəziyyət isə Kiyevin xeyrinə cərəyan eləmir. Kiyevin əsas bel bağladığı ABŞ-ın başı seçkilərə qarışıb, Avropa İttifaqının iki nəhəng dövləti – Almaniya və Fransa isə Vaşinqtonun tətbiq etdiyi sanksiyaları dələrək Rusiyanın “Şimal axını-2” layihəsini tamamlamağa səy göstərir.  Məlumata görə, Almaniyanın təşəbbüsü ilə artıq 3 gündən sonra “Şimal axını-2” layihəsinin inşaatı bərpa olunacaq.


 
ABŞ-ın nüfuzlu media qurumlarının son zamanlar ortaya çıxardığı faktlar göstərir ki, Vaşinqtonun “Şimal axını-2”-yə tətbiq etdiyi sanksiyalar Ukrayna əks-kəşfiyyatının məlumatlarına əsasən hazırlanıb. İndi isə bütün sanksiya təhdidlərinə baxmayaraq Avropa nəhənglərinin “Şimal axını-2” layihəsini davam etdirməsi onların Rusiya ilə siyasi-iqtisadi əməkdaşlığa meyllənməsini göstərir və Ukraynanın regionda təklənməsinə zəmin hazırlayır. Görünən budur ki, Ukrayna da ətrafında baş verən geosiyasi dəyişiklikləri nəzərə alıb Donbass və Liqanski probleminin “sülhpərvər” həll yoluna daha isti yanaşır. Bu isə öz ərazi bütövlüyündən güzəştə getmək ehtimalını da ehtiva edə bilər.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 032          Tarix: 2-12-2020, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma