Xəbər lenti

 
Bünyamin Qəmbərli
 
Əbülfəz Elçibəyə çox söz deyilmişdi, ancaq sevib-sevməməsindən asılı olmayaraq, heç kim ona “fərari” deməmişdi. Bugünlərdə bu da deyildi. 
 
Neçə gündür fikirləşirəm ki, heç bir ehtiyac olmadığı halda bunun deyilməsində məqsəd nə idi? Bu fikir nəyə xidmət edir? - Milli birliyəmi? Düşünürəm ki, Vətən savaşının hələ bitmədiyi, nəinki Qüzey Azərbaycanın, hələ heç Azərbaycanda Sovet hakimiyyəti qurulduğu vaxt olan ərazilərimizdə belə Azərbaycan dövlətinin hakimiyyətini bərpa etmədiyimiz, qarşıda Bütöv və Böyük Azərbaycan sorunu durduğu bir dövrdə və bütün bunlardan dolayı milli birliyə daha çox ehtiyac duyulan bir zamanda Əbülfəz Elçibəy kimi Azərbaycan xalqının, xüsusi ilə gəncliyin könlündə, düşüncəsində özünə yer edən, gəncliyin böyük bir qisminin idalına çevrilən, həyatını Azərbaycannın Azadlığı və Bütövlüyü uğrunda mübarizəyə həsr edən, bir çox siyasi partiyanın özünə lider olaraq qəbul etdiyi bir adam haqqında deyilən sözlər heç də milli birliyə yarar vermir.
 
Əbülfəz Elçibəyin gözdən salınmasınamı? Məncə, bu günə qədər deyilənlər Əbülfəz Elçibəyin ulusuna bağlılığı, Azərbaycanın Azadlığı və Bütövlüyü uğrunda apardığı mübarizə, milli və dövlətçilik məsələlərində dünyanı qarşısına alacaq qədər qətiyyətli və prinsipial olması, hətta rəqiblərinin belə, etiraf etdiyi dürüstlüyü, təmizliyi, gözü-könlü toxluğu qarşısında necə təsirsiz qalıbsa bundan sonra da deyilənlərin ciddi təsiri olacağı ehtimalı azdır.
 
Əbülfəz Elçibəy haqqında “fərari” deyilməsi ilə bağlı aydın bir məqsəd görməsəm də, bir neçə fikrimi bildirməyi vacib bilirəm.

1.Fikrimcə bu gün müstəqil dövlətə sahib olmağımız Əbülfəz Elçibəylə Heydər Əliyevin dəqiq hesablanmış dərin siyasi manevrləri hesabınadır. Məncə, bu manevrlər olmasaydı bugün çox ciddi sıxıntılarla üz-üzə  qalardıq. Xatırladım ki, Azərbaycan türkü XX yüzillikdə dörd dəfə-1905-1911-ci illər Səttarxanın başçılığı ilə Məşrutə inqilabı, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti, 1920-ci il Ş. M. Xiyabaninin başçılığı ilə yaradılan Azadıstan, 1946-cı il S. C. Pişəvəri başçılığında qurulan dövlət- müstəqillik uğrunda mübarizəyə qalxmış və hər dəfə də beynəlxalq güclər tərəfindən məhv edilmişdir.  
 2. Rəhmətlik Əbülfəz Elçibəylə, rəhmətlik Heydər Əliyev siyasi mübarizədə bir-birinə qarşı çox sərt olmuşlar. Amma milli və dövlətçilik məsəllələrində eyni mövqedən çıxış etmişlər.- 1991-ci ildə FVDK (QKÇP) dövründə Heydər Əliyevin AXC-nin rolunu və fəaliyyətini yüksək qiymətləndirməsi;
- 1994-cü il və 1995-ci il dövlət çevrilişləri zamanı Əbülfəz Elçibəyin xalqa müraciət edərək hamını Heydər Əliyevin ətrafında birləşməyə çağırması. 
 
3. Əgər Əbülfəz Elçibəy “fərari” idisə o zaman Heydər Əliyev niyə Əbülfəz Elçibəyin tabutu önündə Fəxri Qarovulda dururdu və baş əyirdi. Məncə, Heydər Əliyev nəinki “fərari”nin, hətta siyasi və dövlətçilik fəaliyyətində ciddi bir qüsuru və ya ləkəsi olan heç bir liderin, həm də müxalifətdə olan liderin tabutu önündə Fəxri Qarovulda durmaz və baş əyməzdi. 

4. Məncə, Əbülfəz Elçibəy “fərari” olsaydı o zaman Heydər Əliyev Əbülfəz Elçibəyin dəfni üçün Dövlət Komissiyası yaradılmasına və Fəxri Xiyabanda basdırılmasına qətiyyən qərar verməzdi.Düşünürəm ki, Azərbaycanda gedən proseslər, hakimiyyətin aparmaq istədiyi islahatlar zəminində otuz ildən sonra Əbülfəz Elçibəyin və bir illik hakimiyyətin tənqidindən və təftişindən imtina edilməli, bizdə də dövlətdə varislik əsas olmalı, hakimiyyət parlamentdə yararlandığı kimi dövlət quruculuğunun digər sahələrində də Əbülfəz Elçibəy komandasında öz ləyaqəti, bilik və bacarığı ilə seçilən kadrlardan istifadə etməlidir. 




Ana səhifəyə qayıt        Baxış: 6 593          Tarix: 9-01-2021, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma