Xəbər lenti

 
Rusiya dünəndən etibarən Açıq Səma Müqaviləsindən çıxıb.
 
Ovqat.com xəbərinə verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
 
Məlumata görə, NATO ölkələri Rusiya səmasında aparacağı kəşfiyyat uçuşlarında əldə etdikləri informasiyaları ABŞ-la bölüşməyəcəyinə dair zəmanət vermədikləri üçün Moksva bu addımı atmağa məcbur olub.
 
Qeyd edək ki, müqavilə NATO ölkələri ilə Rusiyanın bir-birinin səmasında kəşfiyyat uçuşları aparması prinsipinə söykənirdi. 1992-ci ildə NATO və Varşava Paktı dövlətləri arasında bağlanan bu sənəd 10 ildən sonra 2002-ci ildə qüvvəyə minmişdi. Məqsəd müqaviləyə qoşulanların qarşı tərəfin ərazisində onları təhdid edən hərbi obyektlərin qurulmamasından əmin olmaları idi. ABŞ hökuməti isə 2020-ci ilin noyabr ayında müqavilədən çəkildiyini bəyan edərək faktiki Rusiya ilə Qərb ölkələrini çətin vəziyyətdə qoydu. Avropada təhlükəsizliyi şübhə altına salan bu addım Rusiyanı da ya müqavilədən çəkilməyə, ya da NATO-nun digər üzvləri ilə ABŞ-a məlumat ötürməmək şərtiylə davam etdirmək məcburiyyətində qoyurdu. 
 
Moskvanın NATO ölkələrinə konfindensial əməkdaşlıq təklifi NATO Nizamnaməsinə zidd idi. Çünki Alyansın Nizamnaməsinə əsasən, müttəfiqlər bir-biriylə informasiya mübadiləsi etməyə borcludurlar. NATO üzvü olan ölkələr ABŞ-a informasiya sızdırmamaq öhdəliyi götürsəydilər, faktiki alyansı tərk etmələri lazım gələrdi. Onlar isə rus təhlükəsi səbəbindən buna gedə bilməzdilər. Bu böhranlı vəziyyət istər-istəməz Rusiyanı ikinci alternativə - ASM-dən çıxmağa vadar edirdi.
 
Moskvanın bu qərarından sonra həm Rusiyanı, həm də Avropa ölkələrini bir-birindən əmin olmadıqları üçün daha çox silahlanmaya sürükləyəcək. Əslində Avropanı silahlanmaya daha artıq vəsait ayırmaq üçün təşviq etməyə çalışan Tramp hakimiyyətinin istəyi də bu idi. Moskvanın ASM-dən çıxmasıyla sürətlənəcəyi gözlənilən qlobal silahlanma yarışı Rusiyanı iqtisadi cəhətdən tənəzzülə uğradacağı kimi, Avropanı da ABŞ-ın silah sənayesindən asılı vəziyyətə gətirəcək. Daha çox silah istehsal olunacaq və Qərb ölkələrinə satılacaq.
 
Rusiyanın öz səmasını kəşfiyyata açıq saxlamasını mümkünsüzləşdirən vacib məsələrdən biri də ABŞ-ın Qara dəniz və Baltikyanı ölkələrdə öz ordu birliklərini yerləşdirməsidir. Polşa, Estoniya, Latviya, Litva ərazilərində hərbi qüvvələrini artıran ABŞ son zamanlar Ukrayna və Rumıniyada da güclənməyə başlayıb. Belə bir vəziyyətdə Rusiyanın öz səmasını NATO ölkələrinə açıq saxlaması xüsusilə Ukrayna və Moldovada Moskvaya bağlı qüvvələrə qarşı başladılması gözlənilən hərbi müdaxilələr zamanı rus ordusunun dislokasiyası barədə məlumatların qarşı tərəfə ötürülməsi ilə nəticələnə bilər. Beləcə, həmin qüvvələr asan hədəfə çevrilər. Baxmayaraq ki, ABŞ-ın Rumıniya və Ukraynada qurduğu radiolokasiya sistemləri onsuz da Rusiyanın qərb hissələrində hərbi hərəkətliliyi izləməyə imkan verir və Rusiyanın öz səmasını müşahidəyə bağlamasını mənasızlaşdırır.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 862          Tarix: 16-01-2021, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma