Xəbər lenti
 
"Əsəd və Suriya hökuməti, Suriyada qorxunc hərəkətlərinizdən sonra artıq dünyada heç bir dostunuz qalmadı. ABŞ hərəkətlərinizi çox yaxından izləyir. Həyasızlığınız və insanlığı heçə sayan günləriniz artıq sona çatdı. Bəhanəniz bir daha eşidilməyəcək".
Ovqat.com xəbər verir ki, diplomatik üslubdan xeyli uzaq görünən bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley deyib.
Maraqlıdır ki, xanım diplomat həmin fikirlərini BMT-nin Təhlükəsizlik Şurasının Suriya məsələsini müzakirə edən toplantısından sonra dilə gətirib. Həmin toplantıda isə Fransa, ABŞ və İngiltərə tərəfindən hazırlanan qətnamə layihəsi Rusiyanın vetosu əngəlinə ilişmiş, heç bir sənəd qəbul olunmamışdı. Buna rəğmən, Nikki xanımın Suriya diktatoruna “artıq dünyada dostunuz qalmadı” deməsi istər-istəməz ağla iki ehtimalı gətirir; ya ABŞ diplomatı həmin fikirləri deyərkən anlaqlı vəziyyətdə deyilmiş, ya da bu işin içində bir iş var.
Sözsüz ki, Nikki xanımın anlaqsız olması ehtimalı o qədər də inandırıcı görünmür. Elədirsə, Rusiyanın BMT Təhlükəsizlik Şurasında belə Suriyanı açıq şəkildə dəstəkləməsini, ən həlledici qərarların qəbuluna mane olmasını hara yazaq-dostluğa, yoxsa düşmənçiliyə?
Zənnimcə, beyinləri qurcalayan bu sualın cavabı elə həmin gün Moskvada ABŞ dövlət katibi Tillersonun Rusiya prezidenti Vladimir Putinlə görüşündə gizlənib. Xatırladaq ki, görüşdən əvvəl Kremlin sözçüsü Dmitri Peskov açıqlama verərək, Tillersonla Putinin görüşüb-görüşməyəcəyinin hələ müəyyənləşmədiyini, hər şeyin ABŞ-dan gələn qonağın Rusiya Xarici İşlər naziriylə görüşündən asılı olduğunu bildirərək demişdi: "Bildiyiniz kimi, Lavrov və həmkarı arasındakı görüş davam edir. Əgər onlar görüşün nəticələrini dövlət başçısına çatdırmağı uyğun bilsələr, sizi məlumatlandıracağıq”.
Bu sözlər, təbii ki, iki Xarici İşlər nazirinin (ABŞ dövlət katibi onun xarici işlər naziri funksiyasını yerinə yetirir) ilkin sövdələməsindən sonra həlledici görüşün (Rusiya prezidenti Putinlə) baş tutacağına işarə idi. Nazirlərin görüşü isə xeyli uzun çəkmiş, 5 saat davam edən danışıqlardan sonra Tillerson Putinlə də bir araya gəlmişdi. Belə anlaşılır ki, tərəflər uzun çək-çevirdən sonra bir-birilərinə müxtəlif məsələlərdə güzəştə gedə biliblər.
Bəs, bu qarşılıqlı güzəştlər hansı məqamlarda olub?
ABŞ-ın Rusiyaya nəyi güzəştə getdiyini demək çətindir. Rusiyanın güzəşti isə, zənnimizcə, hər şey bəllidir. Böyük ehtimalla, Rusiya Suriya məsələsində geri çəkiləcək və illərdən bəri qanla bəslədiyi qurbanını kəsərək, Qara dəniz hövzəsində əldə edəcəyi hansısa üstünlüklə kifayətlənəcək.
Bu ehtimalı Tillersonun Rusiya səfərindən öncə mətbuata sızdırılan bəzi məlumatlar da təsdiqləyir. Ötən yazılarımızdan birində qeyd etdiyimiz kimi, Tillersonun bu səfərini müzakirə edən ABŞ və İngiltərənin birinci şəxsləri telefon danışıqlarında dövlət katibinin Rusiyanı Əsəddən vaz keçirəcəyinə inamlarını dilə gətirmişdilər. Maraqlıdır ki, Tillersondan əvvəl Moskvaya gəlməyi düşünən İngiltərənin Xarici İşlər naziri də birdən-birə səfərdən vaz keçmiş, ABŞ-lı həmkarının Rusiya turunun nəticələrini gözləyəcəyini etiraf etmişdi. Zənnimcə, bu addım da Moskva ilə ən rahat dil tapa biləcək şəxsin Tillerson olduğuna inamdan irəli gəlirdi.
Tillersona bağlanan ümid isə yersiz deyildi. O, dövlət katibi təyin olunana qədər Rusiyada neft istehsalı ilə məşğul olan EXXON-un icrası direktoru vəzifəsini yürüdüb. İşgüzar münasibətləri Tillersona Rusiyada xeyli nüfuz və Putinin dostu olmaq şansı qazandırıb. Hətta Putinin şəxsən özündən Rusiyanın ən yüksək dövlət mükafatını almaq şərəfini yaşayan bu adam gözüdonmüş rus Dəli Domrulunu ram etməsə, kimsə bu işi bacara bilməzdi.
Prinsipcə, Tillersonun səfərindən öncə Rusiya da ram edilməyə uyğun vəziyyətdə olduğunu göstərmişdi. Yenə Putin əsas sözçüsü tərəfindən. Xatırlayırsınızsa, Suriyada qaz bombası böhranı çıxan ərəfədə Dmitri Peskov mətbuat nümayəndələri qarşısına çıxıb Bəşər Əsədə verdikləri dəstəyin sərhədsiz olmadığını etiraf etmişdi. Bir növ, “bizə bizi anlayan dost göndərin” demişdi. Rusiyanın isə Tillersondan daha yaxşı dostu ola bilməzdi. Zənnimizcə, təkcə haqqında danışdığımız dövlət katibi yox, bütünlükdə Donald Tramp komandası məhz qarşılıqlı anlaşma, yaxud Rusiyanı ram etmək üçün ABŞ-ın dərin dövləti tərəfindən hakimiyyətə gətirilib və görünən budur ki, tədricən öz missiyasını da yerinə yetirir.
Əslində Rusiyanın beynəlxalq iradəyə qarşı getmək şansı da çox yoxdur. Şayrat aerobazasına edilmiş son hücum da əslində Moskvaya verilmiş mesaj idi. ABŞ 23 hədəfə dəyən 60 raketlə sözügedən əməliyyatı həyata keçirməklə faktiki olaraq Rusiyaya onun çox güvəndiyi raketdən müdafiə sistemlərinin, hansı səbəbdən olursa olsun, çox da işə yaramayacağını göstərmişdi.
ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haleyin diplomatik üslubu aşan odlu-alovlu çıxışına bu aspektdən yanaşanda Moskvayla əldə edilən razılığın detallarını anlamaq çətin deyil: Rusiya ciddi dövlət imicini qorumaq üçün gur-gur guruldayacaq, amma yağmayacaq. ABŞ və müttəfiqləri isə Suriyanı öz bildikləri kimi nizamlayacaqlar. Moskva isə arasında qaldığı bu gurultu içərisindəki sükutunu bütün dünyaya qarşı vuruşmağa qüdrətinin çatmayacağı isə əsaslandıracaq.
Əslində həqiqətən də belədir. Onun belə vəziyyətlərdə güvəndiyi yeganə gücü nüvə silahlarıdır. Bu silahlar isə Bəşər Əsəddən qat-qat dəyərlidir. Kim dəyərli silahından dəyərsiz nökərini qorumaq üçün istifadə edər ki?
Heydər Oğuz



Ana səhifəyə qayıt        Baxış: 1 402          Tarix: 13-04-2017, 08:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma