Xəbər lenti


1963-ci ildə İranın sonrakı tarixində önəmli rol oynayacaq hadisə baş verdi…

 

XX əsin ən böyük şiə din alimlərindən biri olan Seyid Məhəmmədkazım Şəriətmədari 1905-ci ildə Təbrizdə anadan olub. Öz doğma şəhərində, daha sonra isə Qum və Nəcəfdə dini təhsil alıb. Gənc yaşlarında ayətullah, daha sonra böyük ayətullah və müctəhid olub.

 

İkinci dünya müharibəsindən sonrakı illərdə İranın ən böyük müctəhidi Seyid Hüseyn Borucerdi sayılırdı. O, Məhəmməd Rza şahla «atəşkəs» rejimində yaşayrdı. Ayətullah siyasətə qarışmır, hətta şahın İsraillə isti münasibətlərini qınamırdı. Şah da atasının din əleyhinə sərt siyasətindən imtina etmiş, ayətullaha hörmətlə yanaşır, məhərrəm ayında əyləncələri qadağan edirdi.

 

Borucerdi tez-tez siyasi narazılıqlarını dilə gətirməyə çalışan şagirdi Ruhulla Xomeyniyə də siyasətə qarışmağa qadağa qoymuşdu və müəllimi həyatda olduğu müddətdə Xomeyni bu qadağaya əməl edirdi. Böyük müctəhid 1961-ci ildə vəfat etdi və bundan sonra Şəriətmədari İran şiələrinin ən nüfuzlu dini avtoritetlərindən biri oldu. Ümumən isə şiə aləmində hələ ki, ən böyük müctəhid iraqlı Seyid Möhsün Təbətəbai Hakim sayılırdı.

 

1963-ci ildə İranın sonrakı tarixində önəmli rol oynayacaq hadisə baş verdi. Şah «Ağ inqilab» adını alacaq islahatlar və dəyişikliklər proqramını elan etdi. Bu addım mühafizəkar kəsimin ciddi narazılığına səbəb oldu. Ruhanilər tənqidi çıxışlar səsləndirdilər. Ruhulla Xomeyni iyunun 3-də Aşura günü Qumda etdiyi çıxışında şahı Yezidlə müqayisə etdi.

 

Buna cavab olaraq iyunun 5-ə keçən gecə Xomeyni, Tələqani və bir sıra başqa ruhanilər həbs edildi. Səhərisi əhali buna «15 xordad üsyanı» (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may — 21 iyun günlərini əhatə edir) alacaq küçə etirazları ilə cavab verdilər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.

 

İranda 1906-cı ildə qəbul olunan konstitusiyaya görə, müctəhid şah məhkəməsi qarşısında immunitetə malik idi. Xomeyni və Tələqani isə sıravi ayətullah idilər (Xomeyni Şəriətmədaridən yaşca böyük olduğu halda hələ də müctəhid olmaması ikincinin dini nüfuzunun daha böyük olmasını göstərir) və buna görə həbsdə qaldılar. Bu zaman Xomeyninin vəziyyəti daha ağır idi, çünki şahın ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə onu edam cəzası gözləyə bilərdi.

 

Xomeynini ölümdən qurtarmağa çalışan Şəriətmədari yardım üçün daha iki böyük ayətullaha — Məhəmmədrza Gülpeyqaniyə və Məhəmmədhadi Milaniyə (sonuncu Şəriətmədari kimi azərbaycanlı idi) müraciət edir. Üç böyük ayətullahın avqustun 5-də verdiyi fitva ilə Xomeyni mərceyi-təqlid kimi tanındı. Nəticədə Xomeyni həbsxanadan buraxıldı, amma tənqidi çıxışlarını davam etdirdiyi üçün bir il sonra ölkədən sürgün edildi.

 

Növbəti 14 il ərzində İranda narazılıq və müqavimət dayanmasa da, xeyli səngidi. 1970-ci ildə Təbətəbai Hakimin ölümündən sonra Şəriətmədari şiə aləminin ən nüfuzlu dini avtoritetinə çevrildi. Ona təqlid edənlər arasında iranlılardan əlavə Hindistan, Pakistan, Livan və başqa ölkələrdə yaşayan şiələr var idi.

 

Borucerdi kimi Şərətmədari də qatı mühafizəkar deyildi və müəyyən mütərəqqi görüşlərə malik idi. Hərçənd, o, ustadı qədər siyasi məsələlərə susqun deyildi. Məsələn, 1962-ci ilin oktyabrında hökumət yerli seçkilər haqqında yeni qanun qəbul edəndə Şəriətmədari «İran şahının „Ağ inqilab”ı adlı məqaləmdə göstərdiyim səbəblərdən buna etiraz etmişdi.

 

Şəriətmədari hesab edirdi ki, İslam nazil olduğu dövrdən keçən 13 əsrin dəyişikliklərini, elmi-texniki tərəqqini nəzərə almalı və ona uyğunlaşmalıdır. Siyasi görüşlərinə görə isə konstitusiyalı monarxiya tərəfdarı idi. Bu illərdə o, İslam tədqiqatları mərkəzinə və İslam təbliğatı mərkəzinə rəhbərlik edirdi. Şəriətmədarinin Livan şiələrinin mütərəqqi lideri Musa Sədr ilə də isti münasibətləri vardı.

 

1978-ci il yanvarın 7-də «Ettelaat» qəzetində «İran və qırmızı-qara müstəmləçilik» adlı məqalə dərc olundu. Saxta müəllif imzası ilə gedən məqalədə Xomeyninin gəncliyində eyş-işrət dolu həyat keçirməsi, imperialistlər və kommunistlərlə işbirliyində olması kimi fikirlər yer alırdı.

 

Məqalə böyük narazılığa səbəb oldu. Ölkənin dini mərkəzi olan Qumda mədrəsə tələbələri yanvarın 8-9-da aksiyalar keçirdilər. Etirazların ikinci günü tələbələr bir sıra obyektlərə hücum etdilər. Polisin açdığı atəş nəticəsində rəsmi məlumatlara görə 2, müxalifətə görə isə 70 nəfər öldürüldü, 500-dən çox adam yaralandı.

 

Bu hadisədən sonra etirazlar kəsildi və güman etmək olardı ki, hər şey bununla bitdi. Amma Qumda həlak olanların 40 mərasimi qeyd olunan gün Şəriətmədarinin çağırışı ilə Təbriz əhalisi aksiya keçirdi. Ayətullahın dinc etiraz tövsiyəsinə baxmayaraq, burada da polis məntəqələrinə, hakim Rəstaxiz Partiyasının ofisinə, otellərə, bank binalarına, kinoteatrlara və barlara od vuruldu. Məhz Təbrizdə ilk dəfə «Şaha ölüm» şüarının səsləndirildiyi iddia olunur. Ordunun açdığı atəş nəticəsində hakimiyyətiə görə 6, müxalifətə görə yüzdən çox adam öldürüldü.


Seyid Məhəmmədkazım Şəriətmədari və Ruhulla Xomeyni. Mənbə: «radiofarda.com»

 

Beləliklə, «Ərbəin (qırxıncı gün) etirazları» adına alacaq taktikanın əsası məhz Şəriətmədarinin təşəbbüsü ilə Təbrizdə qoyuldu. Martın 29-da İran müxalifəti Təbriz qurbanlarının 40 mərasimini qeyd etdi. Bununla əlaqədar ölkənin irili-xırdalı 55 şəhərində etiraz aksiyaları keçirildi. Bu dəfə Yəzd şəhərində qan axıdıldı. Mayın 9-da artıq Yəzd qurbanlarının 40-cı anım günü ilə əlaqədar etiraz aksiyaları keçirildi. Tehranda, Qumda və bəzi digər yerlərdə yenə iğtişaşa çevrildi. Yenə öldürülənlər oldu.

 

Qumda baş verən hadisələrin daha bir yaddaqalan çaları var idi. İki etirazçı Şəriətmədarinin evində sığınacaq tapmaq istərkən təhlükəsizlik əməkdaşları tərəfindən təqib edilərək həyətdə vuruldu. Halbuki İran ənənələrinə görə, müctəhidlərin evi toxunulmaz sayılırdı. Bu səbəbdən də hadisə böyük rezonans doğurdu. Adətən mülayim mövqe tutan Şəriətmədari ilk dəfə kəskin bəyanat verərək hökuməti qınadı. Hakimiyyət isə ayətullahdan üzr istədi.

 

Bu dövrdə inqilabçı düşərgədə əsas rol oynayan üç ruhani vardı: Xomeyni, Şəriətmədari və Tələqani. Sonuncu sıravi ayətullah idi, böyük ayətullah və müctəhid deyildi, amma təkcə dindarlar deyil, digər qruplarda, eləcə də solçu mücahidin-e xalq təşkilatının üzvləri arasında böyük nüfuza malik idi.

 

Onların arasında Şəriətmədari daha mötədil görüşləri ilə fərqlənirdi. «Azərbaycan və Şəriətmədari tərəfdarlarının hərəkatı» kitabının müəllifi Maşallah Rəzmi bunu «Şəriətmədari imam Həsənin yolunu gedirdi, sülh və asayişlə, Xomeyni isə imam Hüseynin yolunu gedirdi, cənglə, qanla» şəklində şərh edir.

 

İnqilabi hərəkat 1978-ci ilin yayında müəyyən səngimədən sonra avqustun sonlarında yenidən vüsət aldı. Sentyabrın 8-də Tehranın Jalə meydanında nümayişin ordu tərəfindən gülləbaran edilməsi və 88 nəfərin öldürülməsi ilə nəticələnən «qara cümə„dən sonra hadisələr dönməz şəkil aldı.

 

1906-cı il konstitusiyası parlamentin və hökumətin qəbul etdikləri qərar və qanunların şəriətə uyğun olub-olmamasını yoxlamaq üçün ruhanilərdən ibarət dini nəzarət Şurasının yaradılmasını nəzərdə tuturdu. Bir müddət fəaliyyət göstərən bu Şura Pəhləvi sülaləsinin banisi Rza şah tərəfindən 1930-cu illərdə ləğv edilmişdi.

 

İndi, 1978-ci ilin payızında müəyyən güzəştlərlə etirazları yatırtmaq istəyən şah beş ruhanidən ibarət Şuranın bərpasına razılıq verdi və quruma rəhbərliyi məhz Şəriətmədariyə təklif etdi. O, bununla müxalif ruhanilər arasında parçalanma yaratmağa ümid edirdi. Amma Şəriətmədari təklifi qəbul etmədi.

 

Dekabrın 2-də məhərrəm ayının daxil olması ilə etiraz nümayişləri daha da gücləndi. Aşura günü Tehranda keçirilən dinc yürüşdə 2 milyon insanın iştirak etdiyi təxmin olunur. Vəziyyəti xilas etmək üçün son çarələrə əl atan şah liberal Milli Cəbhənin liderlərindən Şapur Bəxtiyarı 1979-cu il yanvarın 4-də baş nazir təyin etdi, özü isə ayın 16-da ölkədən çıxdı.

 

Yaranan vəziyyət Şəriətmədarinin siyasi görüşlərinə uyğun idi. O, konstitusiyalı monarxiya tərəfdarı olsa da, sonda demokratik respublikanın da əleyhinə deyildi. Amma fevralın 1-də ölkəyə qayıdan Xomeyni, əlbəttə, bu fikirdə deyildi. Şəriətmədari fevralın 4-də Tehrana məktub göndərərək Xomeynini vətəninə qayıtması münasibətilə təbrik etdi. Qarşıda isə bu iki müctəhidi qarşıdurma gözləyirdi.

 

Yadigar Sadıqlı





Ana səhifəyə qayıt        Baxış: 5 083          Tarix: 5-07-2022, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma