Xəbər lenti


ABŞ prezidenti Co Bayden İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanını əhatə edən Yaxın Şərq turuna yola düşməzdən 48 saat əvvəl “Washington Post” qəzetinə səfərin məqsədləri barədə bir məqalə yazıb.

 

Ovqat.com-un məlumatına görə, “Mən niyə Səudiyyə Ərəbistanına gedirəm” sərlövhəli məqalədə ABŞ Prezidenti Rusiyadan tutmuş Çinə, İrana, İraqa qədər bir çox ölkələrlə bağlı yürütdüyü siyasətə də aydınlıq gətirib.

 

Gələn həftə mən ABŞ-ın regionda kommunikasiyaları üçün daha perspektivli dövrə başlamaq üçün Yaxın Şərqə səfər edəcəyəm” cümləsi ilə başlayan məqalədə müəllif bölgənin dəyişdiyini, təhlükəsiz və inteqrasiya olunmuş Yaxın Şərqin bir çox cəhətdən ABŞ-a daha çox fayda verəcəyini vurğulayıb.

 

Stabil və təhlükəsiz Yaxın Şərq

 

Su yolları qlobal ticarət və etibar etdiyimiz təchizat zəncirləri üçün çox vacibdir. Enerji resursları Rusiyanın Ukraynadakı müharibəsinin qlobal təchizata təsirini azaltmaq üçün həyati əhəmiyyət kəsb edir. Münaqişə yolu ilə ayrılmaqdansa, diplomatiya və əməkdaşlıq yolu ilə bir araya gələn regionun vətənimizi təhdid edən şiddətli radikalizmə və ya ABŞ hərbi qüvvələrinə və onların ailələrinə yeni yüklər qoya biləcək yeni müharibələrə səbəb olma ehtimalı azdır. Bu ssenaridən qaçmaq mənim üçün çox vacibdir. Məqsədlərimizə çatmaq üçün üzbəüz görüşlər də daxil olmaqla, intensiv diplomatiya aparacağam”, - Bayden məqaləsində vurğulayıb.

 

Bu həftə ziyarət edəcəyi Yaxın Şərqin 18 ay əvvəl hakimiyyətə gəldiyi vaxtdan daha stabil və təhlükəsiz olduğunu bildirən Bayden, vəzifəyə başlamazdan bir ay əvvəl ABŞ-ın Bağdad səfirliyinə edilən hücumlara toxunub.

 

Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampın adını çəkmədən keçmiş prezidentin dəfələrlə B-52 bombardmançılarına bu hücumların qarşısını almaq üçün bölgəyə uçmaq əmri verdiyini, lakin bu səylərin uğursuzluğa düçar olduğunu və hücumların davam etdiyini bildirib.

 

Yəmən

 

Yəməndəki müharibəyə toxunan Bayden müharibəni sona çatdıracaq heç bir siyasi prosesin göz qabağında olmadığını və ölkənin dünyanın ən pis humanitar böhranlarından birini yaşadığını bildirib.

 

İrana təzyiqlərə davam

 

Tramp administrasiyasının 2015-ci ildə İranla imzalanmış nüvə razılaşmasından çıxmasına toxunan Bayden, mövzu ilə bağlı fikirlərini belə davam etdirib:

 

“Mənim sələfim uğurlu nüvə sazişindən çıxdıqdan sonra İran nüvə proqramının sürətləndirən qanun qəbul etdi. Ardınca ABŞ-ın əvvəlki administrasiyası İranı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı hərəkətinə görə qınamağa çalışanda özünü təcrid olunmuş və yalnız vəziyyətdə gördü. Prezident kimi fəaliyyət göstərdiyim ilk həftələrdə kəşfiyyat və hərbi ekspertlərimiz bölgənin ciddi təzyiq altında olduğunu, təcili və gərgin diplomatiyaya ehtiyac duyduğunu və çəkindirmə gücünün yenidən bərpasına vacibliyi barədə xəbərdarlıq etdilər. Mən qüvvələrimizə edilən hücumlara cavab olaraq hava əməliyyatları əmrini verdim və daha stabil zona əldə etmək üçün ciddi diplomatik fəaliyyətə başladım.

 

Biz bu məsələ ilə bağlı Avropadakı və dünyadaki müttəfiqlər və tərəfdaşlarla yenidən görüşdük. İran mənim sələfimin çıxdığı nüvə sazişinə qayıdana qədər təcrid vəziyyətində olsa da, öz siyasətini dəyişdirmək niyyətində deyildi. Ötən ay 30-dan çox ölkə İranın keçmiş nüvə fəaliyyətləri ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsini pisləmək üçün bizə qoşuldu. Mənim administrasiyam İranın 2015-ci il nüvə sazişinə əməl etməyə hazır olana qədər diplomatik və iqtisadi təzyiqləri artırmağa davam edəcək”.

 

 

İraq

ABŞ-ın İraqdakı döyüş missiyasını bitirdiklərini bildirən Bayden yazıb: 

 

“Biz indi hərbi varlığımızı İŞİD-in yenidən dirçəlməsinin qarşısını almağa həsr etmişik. Amerikalılara qarşı təhdidlərə cavab vermişik. İranın dəstəklədiyi hücumların miqyası iki il əvvəllə müqayisədə kəskin şəkildə azalıb. Fevral ayında Suriyada İŞİD lideri Hacı Abdullahı zərərsizləşdirməklə ABŞ-ın terror təhlükələrini aradan qaldırmaq qabiliyyətini nümayiş etdirdik”.

 

 

İsraili maliyyələşdirmək və fələstinlilərə kömək 

 

Bayden məqaləsində İsrail və Fələstin məsələsinə də toxunub:

 

İsraildə biz Qəzzada aylarla davam edə biləcək müharibəni cəmi 11 günə bitirməyə kömək etdik. Biz İsrail, Misir, Qətər və İordaniya ilə birlikdə çalışdıq ki, terrorçuların silaha əl atmasına imkan vermədən sülhü qoruyaq. Biz ABŞ-ın fələstinlilərlə əlaqələrini də bərpa etdik. Mənim administrasiyam Konqreslə işləyərək, fələstinlilərə təxminən 500 milyon dollarlıq dəstək verdi, eyni zamanda İsrailə tarixin ən böyük 4 milyard dollarlıq yardım paketini göndərdi”.

 

Səudiyyə Ərəbistanı

 

Bayden məqaləsində ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrini şərh edərək bildirib: “Əvvəldən məqsədim 80 ildir strateji tərəfdaşımız olan bu ölkə (Səudiyyə Ərəbistanı) ilə münasibətləri yenidən istiqamətləndirmək idi, bu əlaqələri pozmaq deyildi. Bu gün Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurasının altı ölkəsi arasında birliyin bərpasına kömək edib, Yəməndə atəşkəs rejimini tam dəstəkləyib və hazırda ekspertlərimlə neft bazarlarını sabitləşdirmək üçün digər OPEC istehsalçıları ilə işləyir”.

 

Rusiya və Çin

 

Yazısında ABŞ-ın Rusiya və Çinlə münasibətlərinə də toxunan Bayden bu əlaqələri Səudiyyə Ərəbistanına səfəri konteksində belə izah edib:

 

“Prezident kimi, ölkəmizi güclü və təhlükəsiz saxlamaq mənim borcumdur. Biz Rusiyanın təcavüzünə qarşı durmalı, Çini ötmək üçün özümüzü ən yaxşı vəziyyətdə saxlamalı və dünyanın əsas regionunda daha böyük sabitlik üçün çalışmalıyıq. Bunun üçün biz bu nəticələrə təsir edə biləcək ölkələrlə birbaşa əlaqə saxlamalıyıq. Səudiyyə Ərəbistanı onlardan biridir və mən cümə günü Səudiyyə liderləri ilə görüşəndə məqsədim, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının əsas dəyərlərini qorumaqla birgə maraqlar və məsuliyyətlər əsasında inkişaf edən strateji tərəfdaşlığı gücləndirmək olacaq”.

 

Cümə günü İsraildən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan ilk prezident olacağını qeyd edən Bayden vurğulayıb ki, bu səfər onun administrasiyasının İsrail və ərəb dünyası arasında münasibətlərin normallaşması və dərinləşdirilməsi istiqamətində atılan addımların kiçik bir simvolu olacaq: “Ciddədə regionun liderləri Birləşmiş Ştatların mühüm liderlik rolunu oynadığı daha sabit və inteqrasiya olunmuş Yaxın Şərqin mümkünlüyünü qeyd etmək üçün bir araya gələcəklər”.

 

Bölgədə çoxlu problemlərin olduğunu vurğulayan Bayden İranın nüvə proqramı və vəkalət savaşçısı qruplarına dəstəyi, Suriya vətəndaş müharibəsi, Rusiyanın Ukraynaya qarşı hücumları ilə daha da ağırlaşan ərzaq təhlükəsizliyi böhranları, bir çox ölkədə hələ də fəaliyyət göstərən terror qruplaşmaları, İraq, Liviya və Livanda münaqişələr, dünyanın bir çox yerlərində siyasi dalana dirənən insan haqları problemlərinə diqqət çəkərək, səfəri zamanı tərəfdaşlarına bu məsələlərdə irəliləyiş əldə etməyin vacibliyini anladacağını bildirib.

 

Bayden məqaləsini uzun müddətdir vəkalət münaqişələrinin və regional rəqabətin mənbəyi olan İraqın indi Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatiya platforması rolunu oynadığını ifadə edərək deyib:

 

“Dostum İordaniya kralı Abdulla bu yaxınlarda bölgədəki “yeni atmosfer”dən bəhs etdi və indi qonşu ölkələr “necə əlaqə saxlaya və birlikdə işləyə bilərik?”, - deyə soruşurlar. Bunlar ABŞ-ın heç bir ölkənin edə bilməyəcəyi şəkildə gücləndirə biləcəyi ümidverici tendensiyalardır. Gələn həftə səfərim bu məqsədə xidmət edəcək”.

 

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 203          Tarix: 10-07-2022, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma