Dünən Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Astana sammitlərinin növbəti sammiti baş tutub.
Ovqat.com-un məlumatına görə, sammitdən əvvəl Türkiyə və Rusiya prezidentləri İran dini lideri ilə də görüşüb.
Görüşdən sonra dini liderin öz Twitter hesabında paylaşdığı şəkillər və qısa açıqlamalar birmənalı qarşılanmayıb. Foto-şəkillərdə sanki Ərdoğanın və Putinin divar küncünə sıxışdırılması təəssüratı yaradan Xamenei üstəlik görüş zalına yalnız İran bayrağı qoydurtdurub. Bu cür təqdimatı şərh edən saytımızın rəhbəri Heydər Oğuz öz facebook səhifəsində yazıb:
“Bu adam Putini də, Ərdoğanı da guya divarın küncündə əyləşdirib İran xalqına özünün yekə birisi olduğunu göstərməyə çalışır. Üstəlik, görüş otağına ancaq İran bayrağı qoydurub. Sanki bununla Rusiyanın da, Türkiyənin də İranın əyaləti olduğu mesajını verir. Halbuki, bizim Allahşükür belə, bu adamdan bir neçə dəfə dəyərli şəxsiyyətdir. Allahşükür formal da olsa, Azərbaycanla yanaşı, həm Ermənistanın, həm Gürcüstanın, həm də Rusiyanın dini lideri sayılır. Bu adam isə yenə formal olaraq, bir dövlətin-İranın dini lideridir. İran əhalisinin böyük qismi belə, onun liderliyinə şübhə ilə yanaşır. Di gəl, forsuna, ədasına bax bunun. Forsunu Rəisi həzrətləri yesin.
Əslində Xameneyidə zərrə qədər günah yoxdur. Günah bu adamı adam yerinə qoyub onunla görüşənlərdədir”.
Xamenei Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdən sonra paylaşdığı bir tvitdə isə yenə öz ənənəsinə sadiq qalaraq Azərbaycanı təhdid edib. Türkçə yazlmış həmin paylaşımda bildirilir: “#Karabağ'ın Azerbaycan'a geri dönüşünden mutluluk duyuyoruz. Elbette (işin içinde) İran-Ermenistan sınırını bloke etme politikası varsa İslam Cumhuriyeti buna karşı çıkacaktır, çünkü bu sınır binlerce yıllık bir iletişim yoludur”.
İran dini lideri mövzu ilə bağlı ingiliscə tvitində isə Türkcə üzəvari səsləndirdiyi “Qarabağın Azərbaycana qayıdışı” məqamını belə, unudub. “İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olan siyasət və ya planlara dözməyəcək” (“The Islamic Republic will not tolerate policies or plans that lead to the closing of the Iran-Armenia border”), - Xameninin ingiliscə paylaşımında vurğulanıb.
İran mediasının bildirdiyinə görə, Seyyid Əli Xameneinin “müsəlmançılığı” və “qonaqpərvərliyi” qonaqları ilə söhbətlərində də özünü büruzə verib. Bildirilir ki, dini lider xristian mədəni sahəsinə daxil olan Rusiya prezidentini daha isti qarşılayıb. Türkiyə lideri Ərdoğana isə eyni diqqət göstərilməyib.
Xamenei Putinlə görüşündə Rusiyanın Ukraynaya qarşı müharibəsindən, dolayısıyla Ukrayna xalqının qanına qəltan edilməsindən məmnunluq duyduğunu (bu adamın müsəlmançılığı bu qədərdir) və bu qanlı işğal prosesini dəstəklədiyini qonağının diqqətinə çatdırıb.
"Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız, qarşı tərəf buna təşəbbüs göstərib müharibə başladacaqdı"-deyə, Xameneyi bildirib.
O, Putinlə görüşdə Rusiyanın Ukraynaya təcavüzünü "xüsusi əməliyyat" və "Ukrayna münaqişəsi" adlandırmaqdan da çəkinməyib.
Bununla belə, Putin deyəsən İran dini liderini Ermənistanla qardaşlıq planından daşındıra bilib və onun ağzını Azərbaycan tərəfə yönləndirib. Bildirilir ki, Rusiya prezidenti Cənub-Şimal nəqliyyat dəhlizinin əsas marşrutlarından sayılan Rəşt-Astara dəmir yolununun tikintisini və onun maliyyələşdirilməsinə öz öhdəsinə götürüb. Bu barədə Rusiya prezidenti Tehranda jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, 146 kilometrlik Rəşt-Astara dəmir yolu Fars körfəzininn limanlarını Rusiyanıın şimal limanları ilə birləşdirə bilər. İran tərəfi bu yolu 20 ildir ki, inşa edə bilmir. Baxmayaraq ki, Azərbaycan rəsmi Tehrana yolun tikintisinə $500 mln kredit də ayırmışdı, texniki dəstək verməyə də hazır idi. İran isə sırf ermənipərəstliyi ucbatından Azərbaycanın bu təklifini müxtəlif bəhanələrlə qəbul etmirdi. Çünki onun məqsədi zorla özünü Çinin “Bir Kəmər, Bir Yol” projesinə qarşı ABŞ tərəfindən dəstəklənən Hindistan-Qərb marşrutuna pərçimləmək idi. Tehranın planına əsasən, Hindistandan ixrac edilən mallar Oman dənizi vasitəsilə İranın Çabahar limanına, ordan isə dəmir yoluyla Ermənistana nəql olunacaqdı. Daha sonra Ermənistandan Gürcüstana, ordan isə Qara dəniz vasitəsilə Avropa bazarına çıxarılacaqdı.
Əslində ABŞ-ın Çinin “Bir Kəmər, Bir Yol”projesinə alternativ kimi planlaşdırdığı bu layihəni İran özündən asılı vəziyyətə gətirmək istəyirdi. ABŞ Prezidenti Co Baydenin son Yaxın Şərq səfəri zamanı məlum oldu ki, Vaşinqtonun bu ticarət xətti ilə bağlı planı tamamilə fərqlidir. Vaşinqton Hindistan mallarını Oman dənizi vasitəsilə Səudiyyə Ərəbistanına, ordan isə Aralıq dənizi vasitəsilə Türkiyənin su sərhədləri boyunca Yunanıstana qədər uzatmaq istəyir. Qısası, Rusiya kimi, İranı da bu projedən kənarda qoymağa çalışır.
Görünür, ABŞ-ın bu projesinin ayrıntıları aydınlaşdıqdan sonra Rusiyanın təlqinləri ilə İran da Ermənistan-Gürcüstan-Qara dəniz yolu sevdasından vaz keçməli və məcburən Azərbaycanın onu çoxdan gözlədiyi qucağına gəlməli olub.
Putin sözügüdən mətbuat açıqlamasında onu da qeyd edib ki, Rəşt-Astara marşrutunun işə salınmasını İlham Əliyevlə də müzakirə edib və rəsmi Bakının bu işdə maraqlı olduğunu vurğulayıb. Bununla belə o, vurğulayıb ki, İran ərazisində dəmir yolu inşa etmək üçün şərtlər və hüquqi məsələlər müzakirə edilməli və konkret qərar qəbul olunmalıdır.
Sual oluna bilər: Rəşt-Astara dəmir yolu xətti Xəzərin cənub sahilindən şimal sahilinə nəqli nəzərdə tutursa və bu xətt Azərbaycan üzərindən keçmirsə, rəsmi Bakı niyə burda maraqlı olmalıdır?
Məsələ burasındadır ki, Rəşt-Astara dəmir yolu Cənub-Şimal marşrutu istiqamətində Azərbaycan ərazisini görməyə bilər. Amma Rəşt üzərindən Qərbə göndərilən mallar isə Azərbaycan üzərindən keçib Gürcüstanın Poti limanına, ordan isə Qərbə daşına bilər. Bu baxımdan Rəşt-Astara dəmir yolu Azərbaycanın da iqtisadi maraqlarına uyğundur. Ən əsası isə bu yolun açılması İranın Ermənistan üzərindən tranzit xəttini mənasız hala gətirir və Zəngəzur dəhlizinin əhəmiyyətini artırır.
Bununla belə, inanmaq istərdik ki, Putin İlham Əliyevlə bu şifahi razılaşmanı İran dini liderinin Azərbaycan əleyhinə yazdığı paylaşımından əvvəl əldə edib və məlum paylaşımdan sonra rəsmi Bakının İranı beynəlxalq layihələrdən kənarda qoyacaq, ona müsəlman ola-ola gah erməninin, gah rusun arxasında gizlənməyin, dolayısıyla öz din qardaşına xəyanət etməyin hansı bədəlləri olacağını əyani şəkildə başa salacaq. İran bu şilləni yemək üçün kifayət qədər haqq edib. Amma nə yazıq ki, Azərbaycan prezidenti qonşularla münasibətdə xeyli humanist və təmkinli siyasət yürüdür. Yəqin ki, yenə İranın ölkəmizə qarşı bu düşmən siyasətinə adekvat cavab verməyəcək və Tehrana ağıllanmaq üçün növbəti şans tanıyacaq.
Ovqat.com
Paylaş: