Xəbər lenti

 

Yaxından tanıdığım bir adam var. Gömrükdə kiçik bir vəzifədə işləyirdi. Düz işlədiyinə, yəni özləri kimi əliəyri olmadığına görə GK-da onun adını “Nemes Filankəs” qoymuşdular. Gömrük strukturlarında Səfər Mehdiyevdən əvvəl işləyirdi. İşlədiyi 25 il ərzində cəmi bir addım qabağa gedə bilmişdi: ucqar rayonlardan birində inspektordan baş inspektorluğa yüksəlmişdi. Bu müddət ərzində zorla polkovnik leytenant olmuşdu. O da 13 illik kapitanlıqdan sonra.

 

Yerində saymağının səbəbi savadsızlığı da deyildi. Əksinə, özü üstündə işləyən, müasir texnologiyaları dərindən öyrənməyə çalışan və örəndiyini iş prosesinə tətbiq edən xarakterə malik idi. Təbii ki, bütün Allah bəndələri kimi, o da günahsız (məsum) deyildi. Ən böyük günahı isə Səfər Mehdiyevin yaxını, qohumu, kəndlisi olmaması idi.

 

2 il bundan qabaq mənimlə görüşüb dərdini anlatdı. Adam 60 yaşını tamamlamışdı və hər gün Bakıdan durub Xaçmaza getmək ona çətin gəlirdi. Bəzən işdən evə gecə yarısı gəlib çıxa bilir və bir neçə saatlıq yuxudan sonra yenidən işə qaçmalı olurdu. Yeganə istəyi vardı: Əmək Məcəlləsinə əsasən, Bakıdakı gömrük idarələrindən birinə kiçik bir vəzifəyə təyinat almaq. 

 

Eşitmişdi ki, Gömrüyün sədri mənim tələbə yoldaşımdır və digər strukturlarda da məhəllə uşaqlarım yüksək vəzifə tuturlar. Onun düşüncəsinə görə, bu qanuni tələbi yalnız kiminsə xahişi ilə icra oluna bilərdi. Halbuki, mən bilən, qanuna görə belə, eyni adamın 25 il sərasər eyni yerdə işləməsi yolverilməzdir. Ən azı o səbəbdən ki, bu durum istər-istəməz həmin işçinin özünə yaxın çevrə yaratması ilə nəticələnə bilər və beləcə, korrupsiya, rüşvətxorluq üçün münbit zəmin hazırlanardı. 

 

Qısası, onun xahişini yerə salmamaq üçün GK-da yüksək vəzifədə çalışan və xahişini edəcəyim adamın kəndlisi olan bir tələbə yoldaşımın vatçap nömrəsinə yazaraq, vəziyyəti ona nəql etməyi qərara aldım. Salam-kəlamıma eyni məzmunda cavab aldım. Daha sonra “Nemes” adlandırdıqları bu adamı tanıyıb-tanımadığını soruşdum. Əslində bu sualı söhbətə giriş üçün vermişdim. Tələbə yoldaşım, “Nemes”i çox yaxşı tanıyırdı.Nemes”in atası nəinki o kəndin, hətta deyərdim ki, regionun ən tanınmış adamı idi. Bilirdim ki, tələbə yoldaşım da öz kəndlərindən çıxan bu ağsaqqalla fəxr etmişdi. Məni ona yazmağa həvəsləndirən də bu idi əslində. Zira, gömrükdə ağız aça biləcəyim kifayət qədər adam vardı, mən isə tanıyırdı deyə, ona üz tutmuşdum.

 

Amma tələbə yoldaşıma ünvanladığım bu sual 2 ildir cavabını gözləyir. Zamanında cavab almadığıma görə çox üstünə də getmədim. Açığını deyim, tələbə yoldaşımın bu etinasızlığı xeyli xətrimə dəysə də, bir müddətdən sonra baş verənləri unutdum. 

 

Üzərindən hardasa bir il keçəndən sonra GK-dan redaksiyamıza bir məlumat gəldi. Səfər Mehdiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun  korrupsiyaya bulaşdığına görə işdən qovulmuş “qara kassa”sı Fuad Əlizadəni işə götürmüşdü. Məlumatda deyilirdi ki, Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun bacısının kürəkənidir. Daydayısının bütün qara işlərini və xaricdəki biznesini idarə edən Fuad Əlizadə ƏƏSMN-dən qovulduqdan cəmi 6 ay sonra Gömrük Komitəsində yeni vəzifəyə təyin olunmuşdu. Üstəlik, yeni vəzifə “daydayı” himayəsindəki işindən heç də aşağı deyildi. O, ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis vəzifəsinə transfer olunmuşdu”. Mən də əldə etdiyim bu məlumatlara istinad edərək yazırdım: “Fuad Əlizadənin hansı keyfiyyətinə görə bu cür sıçramasına şərait yaradıblar, yəqin ki, bu sualın ən düzgün cavabını ancaq gömrük generalı Səfər Mehdiyev bilir. Görünür, Fuad Əlizadənin ƏƏSMN-də qazandığı təcrübəni Dövlət Gömrük Komitəsinə daşıması general Mehdiyevə hava-su kimi lazımdır”. 

 

Sözsüz ki, Fuad Əlizadənin ƏƏSMN-da qazandığı təcrübə rüşvət yığmaq və korrupsiya ola bilərdi. Mən də məhz bu məqama eyham vurmaq üçün həmin sətirləri qələmə almışdım. Çünki Səfər Mehdiyev o zamanlar and içib, aman edirdi ki, bəs onun mübarək barmaqları haram pula dəyməyib. Məni də o zaman hansı məntiqlə adı korrupsiyada hallanan bir adamı gətirib gömrüyüm ən pullu şöbəsinə qoyduğu maraqlandırırdı.

 

Yazı dərc olunduqdan az sonra Azərbaycan mediasında adam qalmadı, mənə telefon açmasın. Hər biri də özünü Fuad Əlizadənin yaxın qohumu kimi təqdim edirdi. Əlbəttə ki, mən onların şirin vədlərlə dolu xahişini geri çevirirdim. Birdən mənə heç gözləmədiyim bir adam zəng etdi. Tələbə vaxtı mənimlə 5 il eyni otaqda yaşayan ən yaxın dostum. Sən demə, 1 il əvvəl mənim adi bir sualıma cavab verməyi belə özünə yaraşdırmayan digər tələbə yoldaşım ona zənq edib bəndənizdən xeyli şikayətlənib. Deyib ki, bəs Heydər bir tərəfdən bizdən öz yaxın adamının işini xahiş edir, bir tərəfdən də bizi yıxıb sürüyür. İmkan vermir ki, biz onun xahişini yerinə yetirək. Açığı, bu sözü mənə edilmiş siyasi rüşvət kimi başa düşdüm və 5 illik otaq yoldaşımla görüşə çağırdım. Ona cavabsız qalan sualımı göstərdim və deyəsən dostum da bu etinasızlığa xeyli təəccübləndi. Dedi, bəlkə danışaq o adamın xahişini yerinə yetirsinlər? O adam isə artıq öz ərizəsi ilə işdən çıxmışdı və mən hansısa siyasi rüşvətə gedəcək tiplərdən deyiləm.

 

Bu gün media orqanlarından birində GK-dakı kadrların seçilməsi ilə bağlı məlumatlara baxıram, ölkəmizin nə qədər rəzil durumda olduğuna, bilmirəm, ağlayım, yoxsa gülüm. Təsəvvür edin, 4 min nəfər işçisi olan gömrük orqanlarında çalışanların az qala yarısı eyni kənddəndir. Məlumatda hətta Səfər Mehdiyevin Gömrük Akademiyasına yalnız bir kəndin adamlarının qəbul olunmasını əmr etdiyi belə vurğulanır. Komitədə işə götürülən kəndlilərin böyük əksəriyyəti isə öz işlərinə tamamilə yad insanlardır. Bu yad ünsürlərin ölkə iqtisadiyyatını necə tar-mar etdikləri, inhisarlar yaradaraq iş dünyasının altını üstünə çevirdikləri, hətta əsgər siqaretinə göz dikəcək qədər rəzilliyinə getdikləri ortadadır. Təmizliyinə görə adına “Nemes” deyib xor baxdıqları, 25 il Yalama-Bakı yolunda işə gedib-gəlməklə qocaltdıqları, əvəzində 13 il eyni rütbədə saxladıqları vicdanlı bir gömrükçü isə öz savad və təcrübəsini həyata keçirməyə yer tapa bilmir.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 011          Tarix: 21-07-2022, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma