Zəngəzur dəhlizinin İran üçün ciddi itkilər vəd etdiyi barədə yəqin ki, xüsusi danışmağa ehtiyac yoxdur. Azərbaycan və Ermənistan üzərində təsirin azalması, Türkiyənin bölgədə aktivliyinin artması, Rusiyanın regiondakı nəzarət imkanlarının genişlənməsi, sadəcə İranın əlində olan nəqliyyat istiqamətlərinə yeni alternativlərin yaranması kimi məsələlər İranın regional siyasətinə ciddi zərbə vura bilər.
İran tərəfi də Zəngəzur dəhlizinə əleyhdarlığını Zəngəzurun coğrafi olaraq əl dəyişdirməsi və İran-Ermənistan sərhədinin bloklanması kimi qələmə verməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, Zəngəzur dəhlizi nəqliyyat xarakterlidir, ərazi dəyişikliyi yaratmır və ya İran-Ermənistan sərhədini bloklamır. Fikrimcə, İranın bu kampaniyası sırf nəqliyyat dəhlizinə qarşı çıxmağı hüquqi və siyasi arqumentasiya etməyin çətin olmasına görədir. Yəni, siyasi ritorikada “dəhliz bizə sərf etmir, strateji əhəmiyyətimizi azaldır” deyilə bilmədiyi üçün, məsələ sərhəd dəyişikliyi kimi beynəlxalq hüquq müstəvisinə çəkilir. Nəqliyyat dəhlizi isə regiondakı geosiyasi və iqtisadi reallıqları dəyişə bilər, sərhəd dəyişikliyi və ya bloklanlama yaratmağı mümkün deyil.
Əgər belə bir ehtimal varsa da, KTMT üzvü Ermənistanın qarantoru olan Rusiyadan açıq narazılıq olmalıdır. Yeni proseslərin ən önəmli hissəsi, yəni dəhlizə hərbi nəzarət isə Rusiyaya “çatır”. Bir halda ki, Rusiya da prosesi təsdiqləyib, İranın sərhəd dəyişikliyi barədə israrının ritorik olduğu bəllidir.
Belə görünür ki, İran yenə Cənubi Qafqazda status-kvonun qorunmasına oynayır. Müharibədən əvvəl də regionda status-kvonun qorumasına oynayan İran, şimal sərhədlərindəki ciddi proseslərdən kənarda qaldı, status-kvonu dəyişmək istəyən qüvvələr isə Cənubi Qafqazda “qazandılar”. Budəfəki oyun isə daha mürəkkəb və daha qazanclı və ya daha çox itkilidir. Ona görə də İran açıq oynamağa çalışır və təhdid dili işlətməyə başlayıb. Lakin fikrimcə, İran yenə də yanlış tərəfə və yanlış strategiyaya oynayır…
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz
Paylaş: