Xəbər lenti


Dünən axşamdan Kosovoda sabitlik pozulub. 

Ovqat.com-un məlumatına görə, Serbiya ilə Kosovo sərhədindəki Yeni Bazar bölgəsində intensiv atışma səsləri eşidilib. 

İlkin məlumatlarda yaralıların olduğu bildirilir. 

Sərhədyanı kəndlərdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilib, xalq barrikadalar qurub. Ən qısa zamanda Serbiya prezidenti Vuçiçin xalqa müraciəti gözlənilir.

Kosovo polisi bildirib ki, insident serb etirazçıların yol kəsmələri səbəbindən çıxıb. Kosovanın etnik serbləri Bernjak və Jarinje sərhəd keçidlərini bağlayıblar. NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vəziyyəti gərgin olaraq  qaldığını və missiyanın müdaxiləyə hazır olduğunu bildirib.

KFOR-dan həmçinin bildirilib ki, Kosovonun təhlükəsizliyini təmin etmək üçün “lazım olan hər bir tədbir görüləcək”.

Kosovo polisi nümayişçilərin rəsmi şəxslərə atəş açmasından və yolları bağlamasından sonra Bernjak və Jarinje sərhəd keçidlərini bağlamaq məcburiyyətində qaldıqlarını qeyd edib.

Qeyd edək ki, NATO-nun KFOR missiyası 3770 hərbçi ilə Kosovoda sülhü qoruyur. Missiyanın rəhbərliyinin yaydığı bəyanatda “Kosovoda təhlükəsiz mühiti saxlamaq üçün lazım olan hər şeyi edəcəklərini” bildirib.

 

Missiyanın digər məqsədi Aİ-nin vasitəçiliyi ilə iki ölkə arasında danışıqları tənzimləməkdir. Missiya on il əvvəl başlayıb, lakin indiyədək əlaqələrin normallaşmasına nail ola bilməyib. 

Bəs etirazçılar hansı tələbi irəli sürüblər?

Məlumata görə, etirazçılar ötən həftənin bazar ertəsindən etibarən Serb şəxsiyyət vəsiqələri ilə Kosovoya daxil olan bütün insanları ölkədə olduqları müddətdə müvəqqəti sənəd almağı tələb edən yeni qaydalara qəzəbləniblər. Oxşar qayda Belqrad hakimiyyəti tərəfindən Serbiyaya səfər edən kosovalılara da tətbiq edilir.

Kosovo hökuməti həmçinin bildirib ki, Serbiya tərəfindən verilmiş maşın-qeydiyyat nişanları olan etnik serblər iki ay ərzində onları Kosovo nömrələri ilə dəyişməlidirlər.


Bazar günü axşam saatlarında yaranan gərginlikdən və Aİ və ABŞ səfirləri ilə məsləhətləşmələrdən sonra rəsmi Priştina planını bir ay təxirə salacağını və sentyabrın 1-də həyata keçirməyə başlayacağını bildirib. Aİ-nin xarici siyasət rəhbəri Cozef Borell bu qərarı alqışlayıb və nümayişçiləri bütün maneələri dərhal aradan qaldırmağa çağırıb.

Serblər bu qaydalara niyə etiraz edirlər?

Ölkənin şimalında 50 000-ə yaxın etnik serb yaşayır və onlar Serbiya hakimiyyətinin verdiyi nömrələrdən və sənədlərdən istifadə edirlər. Kosovo serbləri isə Kosovonun yeni qayda-qanun tətbiq etmək hüququnu tanımırlar. Dolayısıyla onlar vətəndaşları olduqları Kosovonu da bir dövlət kimi tanımaq istəmirlər.

Hadisə ilə bağlı ilk açıqlamasını verən Serbiya prezidenti Aleksandar Vucic deyib ki, o, Kosovodakı vəziyyət Serbiya və etnik serblər üçün heç vaxt "bu qədər mürəkkəb" olmayıb.


"Vəziyyətin qarışdığını" deyən Vuçiç, Kosovo təhlükəsizlik qüvvələrinin etnik serblərə hücum ediləcəyi təqdirdə "Serbiyanın qalib gələcəyi" ilə bağlı xəbərdarlıq edib. Kosovonun baş naziri Albin Kurti isə onu “iğtişaşları” alovlandırmaqda ittiham edib. Kurti Facebook-da yazdığı statusunda "Növbəti saatlar, günlər və həftələr çətin və problemli ola bilər" deyə yazıb.

Kosovada yeni qaydaların tətbiqi xəbəri yayılandan sonra etnik serblər hər gün etiraz aksiyaları keçirərək iki sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətini kəsiblər.

Keçən ay Kosovo ilin sonunda Avropa Birliyinə üzv olmaq üçün rəsmi müraciət edəcəyini bildirmişdi.

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 322          Tarix: 1-08-2022, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma