Xəbər lenti


Kamal Əliyev

Politoloq

 

Qərb Ərdogan-Putin yaxınlaşmasından narazıdır. Lakin Türkiyənin geopolitik önəmindən də vaz keçə bilmir.

 

Böyük Britaniyanın nüfuzlu "Financial Times" (www.ft.com) qəzetində çıxan məqalədə Qərbin son vaxtlar Türkiyə prezidenti R.T.Ərdoganın rusiyalı həmkarı V.Putinlə yaxınlaşması tənqid olunub. Qəzetin "Ərdoganın riskli ikili oyunu" sərlövhəli məqaləsində vurgulanıb ki, Ankaranın Moskva ilə daha yaxın əməkdaşlıgı Vaşinqtonun qarşılıq verməsinə səbəb ola bilər. İngilis nəşri yazır ki, Ərdogan qarışıq və riskli oynayır və Kremlə qarşı sanksiyaları baypass etmək istəyir

 

Nəşr həmçinin yazır ki, Ərdogan və Putinin Soçidə hansı mövzularda razılaşdıqları qeyri-müəyyəndir və bu, onunla nəticələnə bilər ki, Qərb buna cavab olaraq öz şirkətlərini, banklarını Türkiyədən geri çəksin.

 

Əvvəlcə onu qeyd edim ki, bu gün faktiki olaraq Ərdogan hökuməti Qərb və Rusiya arasında vasitəçi (moderator həm də) rolunu oynayır və İstanbulda BMT baş katibi A.Qutyerresin iştirakıyla keçirilən toplantıda Ukrayna taxılının ixracı yönündə ciddi nailiyyət əldə olunmasına öz töhfəsini verib. Belə ki, “taxıl anlaşması” bir sıra Afrika və Şərqi Avropa ölkələri üçün ehtimal olunan ərzaq böhranını dəf etmək üçün olduqca vacib idi.

 

Əlavə olaraq, Ankara hal-hazırda, xüsusilə Rusiya-Ukrayna müharibəsi çərçivəsində öz geopolitik əhəmiyyətinin fərqindədir və bundan maksimum faydalanmaga çalışır. Görünür, Ankara geosiyasi konyukturanın ona verdiyi siyasi fürsətləri həm dəyərləndirir, həm də manevr qabiliyyətini artırır. Bəli, beynəlxalq münasibətlərə realizm paradiqmasından yanaşan Türkiyə hökuməti həm də geostrateji fürsətləri də qaçırmaq istəmir. Nəzərə almalıyıq ki, Ankara və Moskva arasında Qarabag, Suriya, Liviya kimi məsələlərdə də qarşılıqlı fəaliyyət proqramı var. Hazırda Türkiyə Rusiya üçün "iqtisadi nəfəslik" rolunu oynayır və belə demək mümkündür ki, Moskva bu gün Ankaraya heç vaxt olmadıgı qədər möhtacdır, qarşı tərəf də (Türkiyə) öz geopolitik çıxarları naminə fürsətdən istifa edir. Bu, o deməkdir ki, beynəlxalq siyasətdə dövlətlər arasında məhəbbət yox, qarşılıqlı çıxarlar, strateji maraqlar öndə olur.

 

Digər tərəfdən, Türkiyə "Sultan Əbdülhəmid" adlı seysmik araşdırmalar aparan sondaj gəmisini Şərqi Aralıq dənizinə göndərdi. Təbii ki,Yunanıstan dərhal türklərin bu addımına NAFTEX elan etməklə cavab verdi. Lakin iş ondadır ki, Ərdoganın "Sultan Əbdülhəmid" həmləsinə Avropa İttifaqı səssizdir. Şübhəsiz ki, bu səssizliyin əsas səbəbi bayaq yuxarıda vurguladıgım kimi, Türkiyənin geopolitik əhəmiyyətidir. Halbuki Aİ indiyə qədər "Qanuni Süleyman", "Yavuz Səlim" gəmilərinin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinə üst pərdədən etiraz edirdi.

 

Əlbəttə, Ərdoganın həm Putinlə olan ikili kontaktları, həm də Şərqi Aralıq dənizindəki təbii qaz axtarışları Aİ-nin siyasi paytaxtı Brüsseli narahat edir. Lakin mövcud siyasi konyuktura Aİ-ni Türkiyə hökumətinə qarşı müəyyən siyasi addımlar atmaqdan çəkindirir. Təbii ki, Türkiyə NATO-nun cənub-şərq qanadında mühüm geostrateji mövqeyi ilə yanaşı həm də təşkilatın ikinci ən böyük ordusuna sahibdir. Üstəlik,Türkiyədəki 3,7 milyonluq suriyalı qaçqın məsələsi də Brüsseli əyləcə basmaga sövq edir.

 

Ümumiyyətlə, Türkiyə vaxtaşırı Atlantik müttəfiqlərini verdiyi qərarlarla əsəbləşdirən, ancaq eyni zamanda onsuz da yaşanmayacagını göstərən bir partnyordur. Ona görə ki, Türkiyə Ukraynaya müasir PUA-lar verir, Qərb və Rusiya arasında hələ ki, yeganə vasitəçidir.Ən başlıcası isə, “taxil koridoru” məsələsində Ankaranın səyləri dünyanı rahatlatdı.

 

Aİ-nin Türkiyəyə qarşı sanksiyalarının önünü kəsən bir detal da Ankaranın bir müddətdir bu təşkilatla üzvlük müzakirələrini təxirə salmasıdır. Belə ki, Aİ üzvləri və aktiv namizəd ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulmaga məcburdurlar.

 




Ana səhifəyə qayıt        Baxış: 6 327          Tarix: 12-08-2022, 04:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma