
“The New York Times” “Ayət Şeytani” kitabının müəllifi Salman Rüşdinin süni tənəffüs aparatına qoşulduğu və yaşayarsa, bundan sonra danışa bilməyəcəyi barədə məlumat yayıb.
Məlumata görə, Salman Rüşdinin qolu və qaraciyəri zədələnib. O, bir gözünü itirə bilər.
Ovqat.com xəbər verir ki, hind əsilli britaniyalı-amerikalı yazıçı və "Şeytan ayələri" kitabının 75 yaşlı müəllifi avqustun 12-də Nyu Yorkda çıxış edərkən bıçaqlı hücuma məruz qalıb.
"Associated Press"-ın məlumatına görə, Nyu York polisi Rüşdinin bıçaqlı hücum nəticəsində boynundan yaralandığını və onun helikopterlə təcili olaraq xəstəxanaya çatdırıldığını bildirib.
Polisin dediyinə əsasən, hücum zamanı Salman Rüşdi ilə yanaşı, hadisə yerində olan bir jurnalist də başından yüngül xəsarət alıb. O da qeyd olunub ki, hücum edən şəxs polis tərəfindən artıq tutulub.
Qeyd edək ki, İran İslam İnqilabının rəhbəri Ruhullah Xomeyni Salman Rüşdini yazdığı "Şeytan ayələri" romanına görə kafir elan edərək, onun ölüm hökmü ilə bağlı fətva vermişdi. Xomeyninin fətvası təkcə Salman Rüşdi ilə kifayətlənmirdi. Fətvaya görə, romanının məzmunundan xəbərdar olan bütün naşirlər müsəlmanlar tərəfindən harada görülsə, öldürülməli idi.
Xomeyni bu fətvanın verilməsindən bir neçə ay sonra vəfat etsə də, onun fətvası qüvvədə qaldı və hətta Rüşdinin öldürülməsinə görə təyin etdiyi mükafatının məbləği də artırıldı. Bəzi məlumatlara görə, İran hökuməti Rüşdini öldürən şəxsə 3 milyon dollar mükafat vəd etmişdi.
Paylaş: