İmran Xan fenomeni Pakistanın siyasi həyatına yön verməyə davam edir.
İmran Xanla bağlı əsasən iki qənaət önə çıxır. Birincisi, Xan Pakistanda oturuşmuş hərbi və siyasi elitaya, yəni “isteblişment”ə qarşı kütlələrin dəstəyini qazanaraq mübarizə aparan fiqur kimi göstərilir. İkincisi, İmran Xanın Çin və Rusiya orbitinə yaxınlaşıb qlobalist Qərb qüvvələrinə qarşı mübarizə aparan imicidir. İkinci versiya bizim cəmiyyətimizdə daha çox mənimsənilir.
Ancaq hər iki versiyada həqiqət olmaqla yanaşı, hər iki yanaşma qüsurludur. İmran Xanın məhz indilərdə hədəfə qoyduğu hərbi-siyasi elitanın xüsusi dəstəyi ilə hakimiyyətə gəldiyini qeyd etmək lazımdı. Eyni zamanda, Xanın məhz, Çin-Rusiya orbiti ilə münasibətləri möhkəmləndirmək istəyən Ordu tərəfindən siyasi arenada gücləndirildiyini xatırlamaq yerinə düşər. Yəni, İmran Xanı Pakistanın xarici siyasətində orbit dəyişikliyi yaradan bir fiqur kimi təqdim etmək kökündən yanlışdır.
Amma bu da bir reallıqdır ki, İmran Xan oturuşmuş elitaya qarşı kütlələri çox yaxşı konsolidasiya edə bilər. Bu cəhətdən İmran Xanı bir mənada Ərdoğana bənzətmək olar. Amma Ordunun dövlət aparatına təsirində Pakistan və Türkiyə müqayisəolunmaz dərəcədə fərqli örnəklərdir.
Pakistan bu təsirə görə Misirlə müqayisə oluna bilər. Pakistan və Misir örnəyində ordu bir zamanlar Türkiyədə olduğu kimi təkcə, mülki siyasətin başı üzərində dəyənəklə dayanmır. Bu iki örnəkdə ordu siyasətdən tutmuş iqtisadiyyatın müxtəlif qollarınadək öz dominantlarını qoruyur. Yəni, həm Pakistan, həm də Misirdə dövlətin ordusu yox, ordunun dövləti var deyə bilərik. Bu mənada bütün kartları açıq oynayan İmran Xanın çox böyük riskə getdiyi məlumdur.
Mövzu ilə bağlı bu gün paylaşılan bir məqalədə Pakistan ordu elitasının aprel ayında İmran Xanı hakimiyyətdən uzaqlaşdıranda Xanın hansısa Avropa ölkəsinə sürgünə gedərək həyatını orada davam etdirəcəyinə ümid etdiyi qeyd olunurdu. Ancaq İmran Xan Pakistanda qalıb sonadək mübarizə aparmağı seçdi.
İyulun ikinci həftəsində 230 milyon əhalinin az qala yarısının, yəni 110 milyon insanın yaşadığı Pəncab əyalət məclisinə seçkilərdə qələbə qazanan İmran Xan kütlələr nəzdində nə qədər güclü olduğu barədə oturuşmuş siyasi və hərbi elitaya öz mesajını verdi. Xandan qurtulmaq istəyən Ordunun qarşısında mümkün variantlar elə də çox deyil. Havadan sudan ittihamlarla məhkəmə qarşısına çıxarılmasının İmran Xanı dayandıra bilməyəcəyi bəllidir. Hazırda ən real ehtimal kimi Ordunun birbaşa hakimiyyətə müdaxilə edərək hərbi çevriliş etməsi görünür. Onu da qeyd etmək lazımdır ki, apreldə ordunun müdaxiləsi ilə olsa da, koalisiya müttəfiqinin geri çəkilməsi nəticəsində İmran Xan iqtidarının hakimiyyətdən salınması tamamilə legitim idi. Amma hərbi çevriliş legitim olmayan yoldur, Pakistan Ordu elitasının Xandan qurtulmaq üçün bu yolu nəzərdən keçirdiyinə də heç bir şübhə yoxdur. Daha ekstrimal versiya isə İmran Xanın açıq oyununun bədəlini həyatı ilə ödəməsidir. Bənazir Bhutto örnəyini xatırlayıram…
ŞƏRQƏ BAXIŞ ANALİTİK MƏRKƏZ
Paylaş: