Müşahidələr göstərir ki, Rusiyanın CQ siyasətində mühüm dəyişikliklər baş verməkdədir və bu proses yaxın gələcəkdə də davam edəcəkdir. 30 ilə yaxın Rusiya rəhbərliyinin regionla və ümumiyyətlə postsovet məkanı ilə bağlı rəyini şərti olaraq iki qrup formalaşdırırdı:
1. “Mühafizəkarlar” sərt xəttin nümayəndələri postsovet ölkələrində Rusiyapərəst rejimlərin qurulmasının tərəfdarıdırlar. Bu xəttin məntiqi sonu postsovet ölkələrinin Rusiya ilə ittifaq dövlətinə qoşulması olmalıdır.
2. “Praqmatik” xəttin nümayəndələri MDB ölkələrin ərazisinin Rusiyaya qarşı istifadə edilməsini qabaqlamaq üçün postsovet ölkələri ilə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin tərəfdarıdırlar.
Bir yanaşmanın digəri üzərində üstünlüyü bir çox amillərlə, ilk növbədə isə Rusiyanın qüdrəti ilə şərtlənir. Qərb dövlətlərinin Rusiyaya tətbiq etdikləri sanksiyalar ölkənin maddi və texnoloji resurslarına sarsıdıcı zərbə endirdi. Əgər 22 fevrala qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 2 min 695-ə bərabər idisə 22 fevraldan sonra qəbul edilən yeni sanksiyalar nəticəsində bu rəqəm 9 mini ötdü. ABŞ Rusiyadan neft, qaz və kömürün, İngiltərə, Kanada və Avstraliya neftin, Aİ isə kömürün idxalına qadağa qoydu. Rusiya SWIFT-dən ayrıldı, Rusiyaya kredit verilişi qadağan edildi və dollar-avro əskinaslarının ixracı dayandı. Ölkənin valyuta ehtiyatlarının yarısı donduruldu. Valyuta ehtiyatlarının digər yarısı əsasən qızıl və BVF-dəki vəsaitlər formasında olduğundan likvidliyi aşağı olan aktivlərdir. Qərbin qızılın idxalına embarqo qoyması isə likvidliyi daha da azaltdı. Qeyd edək ki, hazırda Rusiya Çinə neft, qaz və qızılı bəzən 30%-ə çatan endirimlə satır. Qərb Rusiya gəmilərinə limanlarını, yük maşınlarına isə sərhədlərini bağladı. Aİ, ABŞ, Yaponiya, Tayvan isə iqtisadiyyat və hərbi sənaye kompleksi üçün əvəzolunmaz sayılan yarımkeçiricilərin və qabaqcıl elektronikanın Rusiyaya ixracını qadağan etdilər.
Qərbin sanksiyalarının təsiri ilə Rusiyanın resursları məhdudlaşdığından CQ-a münasibətdə praqmatik yanaşma tərəfdarlarının fəallaşacağını gözləmək olar. 2021-ci ildə Rusiyanın ticarət dövriyyəsinin 54%-i sanksiyaları dəstəkləyən, 45,8%-i (359,8 milyard ABŞ dolları) isə sanksiyaları dəstəkləməyən ölkələrin payına düşürdü. Aİ-dən sonra Rusiyanın əsas ticarət tərəfdaşı Çin, daha sonra isə MDB ölkələridir. Aİ ilə münasibətlərin kəskin məhdudlaşması, Çin ilə ticarətin isə endirimlə aparılması Rusiya üçün MDB ölkələrinin əhəmiyyətini artırır.
Qərb ilə qarşıdurmada Rusiyanın zəifləməsi sərt xəttin reallaşmasını problematik edib, mühafizəkarların mövqelərini sarsıtmaqdadır. MDB məkanında Rusiyanın sərt addımlarına etiraz edən ölkələrin sayı artmaqdadır. Eyni zamanda, Rusiyaya tətbiq edilən sanksiyalardan kənarda qalmaq üçün addımlar atılmaqdadır. Təhlükəsizlik sahəsində də digər geosiyasi mərkəzlərlə münasibətlər formalaşdırılır. Prioritet - regional güclərlə münasibətlərin yeni müstəvidə formalaşmasıdır.
Beləliklə, MDB məkanında, o cümlədən CQ regionunda mövqelərini və mövcudiyyətini itirməmək üçün Rusiya qonşuları ilə danışıqlar aparmaq, maraqları uzlaşdırmaq məcburiyyətində olacaqdır. Rusiyanın strateji maraqları və gözləntiləri transformasiyaya uğrayacaqdır. CQ da bu prosesdən təsirlənəcəkdir.
Ümumilikdə, Ukrayna müharibəsi zamanı CQ region olaraq Rusiyanın əsas gözləntilərinə cavab verdi. Azərbaycanın ənənəvi xarici siyasət prinsipi olan müharibə və qarşıdurma məkanına çevrilməmək hazırda bütün region üçün aktual olub. Rusiya da CQ ölkələri kimi regionu qarşıdurma və müharibə məkanına, yəni özünə qarşı ikinci cəbhəyə çevirmək istəmədiyindən mövcud problemlərin tənzimlənməsinə daha praqmatik yanaşma tətbiq etməli olacaqdır. Belə olan halda, regional lider olan Azərbaycanın və regionda nüfuzlu aktora çevrilən Türkiyənin gözləntilərini nəzərə almaq məcburiyyətində qalacaqdır.
Cənubi Qafqaz tədqiqatlar mərkəzi
Paylaş: