Xəbər lenti


Azərbaycanla Ermənistan arasında ən mühüm mübahisə predmetlərindən biri kommunikasiyaların açılması ilə əlaqədardır. 10 noyabr sazişində tərəflər qarşılıqlı şəkildə kommunikasiyaların açılmasına imza atsa da, erməni tərəfi bu məsələdə də cığallıq etməyə çalışır. Rəsmi Bakı Laçın dəhlizi müqabilində Zəngəzur dəhlizinin açılmasını tələb etsə də, İrəvan yalnız özləri üçün sərfəli olan yolun dəhliz şəklində açılacağını bildirir. Dolayısıyla Zəngəzur dəhlizini açmayacaqlarını vurğulayır.

 

Bu da azmış kimi, Azərbaycanın pulu ilə beynəlxalq standartlara uyğun şəkildə çəkilən yeni Laçın yolunu da bəyənmirlər. Onun gah dik yamaclardan keçdiyini, gah da qışda donacağını bəhanə gətirirlər. Halbuki yeni Laçın yolu köhnə yola tam parallel çəkilib. Dolayısyla, eyni hava şəraitinə və bənzər relyefə malikdir. Ən məntiqsız bəhanələri isə yeni yolun Ermənistan və Xankəndinin öhdəsinə düşən kiçik hissələrinin hələ də çəkilməməsidir. Görünür, hələ də xarici havadarlarının Azərbaycana təzyiq göstərib Laçın şəhərini də onlara verəcəyindən əmindirlər.

 

Erməni həyasızlığının son həddi olan bu iddiaların yer aldığı və Eurasianet dərgisində yayımlanan məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik. Onu da diqqətinizə çatdırırıq ki, məqalənin iki müəllifindən biri (Lilit Şahverdyan, Coşua Kucera) erməni olduğundan bəzi məlumatlar təhrif edilib və Azərbaycanın rəsmi mövqeyi ilə üst-üstə düşmür.

 

Azərbaycan Ermənistana qarşı növbəti hücuma başlamazdan bir neçə gün əvvəl ermənilər Dağlıq Qarabağla Ermənistan arasında getmək üçün Azərbaycan tərəfindən tikilmiş yeni yoldan istifadə etməyə başlayıblar.

 

Təxminən 25 ilə yaxındır ki, Ermənistanla Dağlıq Qarabağ arasında nəqliyyat indi Laçın dəhlizi kimi tanınan yol ilə gedirdi. Köhnə yol 1998-ci ildə, ermənilər Azərbaycanla müharibədə əraziləri qazandıqdan qısa müddət sonra tikilib və telemarafonda toplanan pulla erməni diaspor üzvləri tərəfindən maliyyələşdirilib. O vaxtdan bəri o, Qarabağın erməni sakinləri üçün kritik həyat xəttini təmsil edir.

 

Avqustun 30-da saat 20.00-da həmin yol bağlandı və hərəkət dərhal köhnə yola təxminən paralel, lakin bir qədər cənuba doğru olan yeni yola yönəldildi. Sakinlər tərəfindən sadəcə olaraq “yeni yol” adlandırılan bu yol 2020-ci ildə iki tərəf arasındakı ikinci müharibəyə son qoyan atəşkəs sazişi çərçivəsində ərazini geri alan Azərbaycan tərəfindən tikilib.

 

Azərbaycan Dövlət Yol Agentliyinin çəkdiyi yolun reklam çarxında o, “Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolu” adlandırılıb. Laçın köhnə yolun keçdiyi və Azərbaycanın bu yaxınlarda böyük təntənə ilə geri götürdüyü regional paytaxtdır.

 

Qarabağın erməni sakinləri üçün bu yol Ermənistana və xarici dünyaya yeganə çıxış yolu olaraq qalır. Yol barədə ilkin rəylər yaxşı olsa da, onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar var: həm qışda bu yolla avtomobil sürməyin çətinliyi, həm də Azərbaycanın nəzarətindən azad olub-olmayacağı ilə bağlı.

 

Eurasianet-in müxbiri bu yaxınlarda yeni yolla səyahət edəndə çox şey tanış idi: Rusiya sülhməramlıları 2020-ci ildən bəri olduğu kimi fəaliyyətlərini davam etdirərək, köçdükləri keçid məntəqələrində səyahətçilərin sənədlərini yoxlayırdılar. Yolda Azərbaycana məxsus bəzi tikinti texnikası görünürdü.

 

Amma yolun özündə fərq göz qabağında idi. Yeni yol rəvan şəkildə parıldayan yeni işarələrlə döşənib, bu, təmir edilməməsi səbəbindən çuxura çevrilmiş köhnə marşrutdan fərqlidir. Lakin o, həm də bəzi hissələrdə nəzərəçarpacaq dərəcədə dikdir, daha çox dönmə xüsusiyyətləri ilə bir çox sürücüləri narahat edir.

 

“Həddindən artıq dönüşlər və kəskin yüksəlişlər var. Köhnə yol kələ-kötür idi, amma burada yamaclar daha kəskin və uzundur və kifayət qədər geniş deyil”, - bu marşrutla müntəzəm hərəkət edən, lakin adının çəkilməsini istəməyən taksi sürücüsü Eurasianet-ə bildirib.

 

Bəziləri narahatdır ki, qış gələndən sonra adi avtomobillər yolu keçə bilməyəcək.

 

Sürücülərdən biri yeni yol barədə yerli xəbər saytı 1lurer.am-a "Deyəsən qış çətin keçəcək" deyib. "Yol soyuq havaya uyğun deyil, mən təzə maşın almalıyam. Taksi sürürəm, bu yol isə belə maşınlar üçün nəzərdə tutulmayıb, mənə tam ötürücü lazım olacaq", - başqa biri deyir.

 

Eurasianet-in mənbəyi də yeni yoldan o qədər də əmin deyil: "Qışda təhlükəlidir, qar yağanda yolları şumlasalar, yalnız maşını idarə etmək olar".

 

Müxalifətdəki “Mülki Qərar” partiyasının yüksək vəzifəli üzvü Mikael Nahapetyan hesab edir ki, köhnə yolda maksimum 17 faizlik meyllilik olsa da, yeni yolda bu göstərici 22 faizə qədərdir.

 

Nahapetyan yolu “ermənilər üçün təhlükəli tələ” kimi səciyyələndirərək, onun bu şəkildə çəkilməsinə icazə verdiyinə görə yerli hakimiyyəti tənqid edib. “Bu “alternativ” yol faktiki Qarabağı qış mövsümündə Ermənistanla sabit və etibarlı əlaqədən məhrum edəcək”, - deyə o, facebook-da yazıb.

 

“Qarabağ”ın de-fakto “Şəhərsalma Nazirliyi” isə sakinləri əmin edib ki, yol beynəlxalq standartlara cavab verir və hətta qışda da təhlükəsiz tranziti təmin edəcək. O qeyd edib ki, bəzi kəskin döngələrdə təhlükəsizlik üçün üçüncü zolaq əlavə edilib.

 

Digər narahatlıq doğuran məqam ondan ibarətdir ki, bir Azərbaycan hərbi postu yeni yolun marşrutundan köçürülməyib. Atəşkəs bəyanatında Rusiya sülhməramlılarının yolun ətrafındakı beş kilometrlik bufer zonaya  nəzarət etmələri tələb olunsa da, Kirov kəndi yaxınlığındakı post (ermənilər Hin Şen adlandırırlar) yeni yoldan cəmi 800 metr aralıda yerləşir. Hin Şen icmasının lideri Samvel Sarkisyan 1lurer.am xəbər saytına bildirib ki, yol boyu hərəkət edən avtomobillərin üzərinə yuxarıdan qayaların düşməsi halları olub ki, yerli sakinlər bunu postdakı Azərbaycan əsgərlərinin “əl işi” sayırlar.

 

Amma Sarkisyan onu da bildirib ki, bu yol Hin Şen və yeni marşrut üzrə digər icmalar üçün yeni iqtisadi imkanlar yarada bilər.

 

Yeni marşrut  hələ tamamlanmayıb. Atəşkəs sazişində üç il ərzində yeni yol planının hazırlanması nəzərdə tutulduğu halda, Azərbaycan öz hissəsinin böyük hissəsini bir il yarımda tamamlayıb və Ermənistana öz hissəsini sürətləndirmək üçün təzyiq göstərməyə başlayıb. 

 

Avqust ayında Ermənistan öz ərazisində Qarabağ sərhədindən indiki Teğ kəndi ilə yeni yolu birləşdirəcək 10 kilometrlik hissənin tikintisinə başlayıb. Qarabağ erməniləri yeni yolun həmin hissəsinin çəkilməsini sürətləndirmək üçün tez bir zamanda Ermənistanda beş kilometrlik müvəqqəti dolama yol çəkdilər.

 

“Azərbaycan xalqların təhlükəsiz və dinc yanaşı yaşamasına töhfə verəcək yeni yolun tikintisi istiqamətində ardıcıl və sürətli addımlar atdığı halda, Ermənistan tərəfi heç bir səbəb göstərmədən öz ərazisindən keçən hissəsinin tikintisini uzadır”, - Milli Məclisin deputatı Məzahir Əfəndiyev AzərTAC dövlət agentliyinə bildirib.

 

Ermənistan rəsmiləri iddia edirdilər ki, atəşkəs razılaşmasına əsasən, onların Azərbaycanla tikinti planı hazırlamaq üçün üç il vaxtları var idi. Azərbaycanın avqust ayında Laçın dəhlizi üzərindəki təzyiqindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanın köhnə yoldan istifadəni dayandırmaq tələbi legitim deyil, çünki “Ermənistan heç bir planı təsdiq etməyib”.

 

Xankəndinə daha yaxın olan daha bir yarımçıq hissənin taleyi daha müəmmalıdır. Yeni yolun əsas səbəblərindən biri də indiki yolun yalnız ətəklərindən keçdiyi Şuşa şəhərindən yan ötmək idi. Amma prioritet yeni yolun Laçın ətrafından keçən hissəsi idi

 

Bir çox azərbaycanlılar üçün bu bölgələrə nəzarət etmədikləri müddətcə ölkələrinin qələbəsi natamam görünürdü. 2020-ci ildə atəşkəs imzalandıqdan qısa müddət sonra Əliyev Laçına nəzarəti bərpa etməyin vacibliyini vurğulamışdı. “Əgər Laçın... Azərbaycana qayıtmasaydı, heç bir razılaşma ola bilməzdi”, - deyə o bildirmişdi.

 

Avqustun 26-da Azərbaycan qoşunlarının Laçına daxil olması Azərbaycanda geniş qeyd olundu. Amma belə görünür ki, Şuşadan yan keçən yeni yolun çəkilməsi ermənilər üçün daha az aktualdır.

 

Hələlik bunun üçün dəqiq plan yoxdur”, - deyə anonimlik şərti ilə de-fakto Qarabağ hökumətindəki mənbələrdən biri Eurasianet-ə bildirib. “Birinci hissə həyata keçirilib, lakin Şuşadan yan keçəcək ikinci hissə ilə bağlı heç bir müzakirə aparılmır. Hazırda bu məsələ qeyri-müəyyən olaraq qalır”.


Yolun açılışı ermənilərlə azərbaycanlıların Azərbaycanın Naxçıvan anklavını Ermənistan ərazisindən ölkənin qalan hissəsi ilə birləşdirən başqa bir strateji yol üzərində danışıqlar apardığı vaxta təsadüf edir. Azərbaycan gələcək yolu “Zəngəzur dəhlizi” adlandırır və onun hüquqi tənzimləmələrinin Laçın dəhlizində olanlarla eyni olmasını müdafiə edir.

  

Azərbaycanlı hərbi analitik Ədalət Vəliyev hesab edir ki, Qarabağa gedən yeni yol “dəhliz deyil, sadəcə yoldur” və o, digər yol üzrə hazırkı danışıqların bir hissəsi olacaq. “Onun [yeni Qarabağ yolunun] gələcək statusu daha çox Zəngəzur dəhlizinə verilən statusla bağlı olacaq”, - deyə o, APA-ya açıqlamasında bildirib.

 

Ermənilər isə bu müqayisəni rədd edirlər. “Qondarma dəhlizlə bağlı ifadələr bizim üçün qəbuledilməzdir və bu, bizim üçün qırmızı xəttdir, çünki bizim regionda, üçtərəfli bəyanata görə, bir dəhlizimiz var və bu, Laçın dəhlizidir”, - Paşinyan iyunun 14-də Əl-Cəzirəyə verdiyi müsahibəsində bildirib.

 

Tərcümə Ovqat.com-undur

 




Ana səhifəyə qayıt        Baxış: 6 154          Tarix: 16-09-2022, 07:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma