Sovet dövründə simvolik xarakter daşıyan sərhədlər ölkələrin müstəqillik əldə etməsindən sonra onlar arasındakı qonşuluq münasibətlərinin tənzimlənməsi qarşısında başlıca problemə çevrildi. Sovet İttifaqının dağılması həm də “xalqlar dostluğu”nun iflası anlamına gəlirdi. Nəticədə Şərqi Avropadan Mərkəzi Asiyayadək bolşevik toxunuşuna məruz qalmış əksər ölkələrin reinkarnasiyası bir çox hallarda qanlı müharibələri, ən yaxşı halda isə sərhəd mübahisələrini özü ilə gətirdi.
Sovet hakimiyyətinin ilk illərində Özbəkistandan ayrılaraq müstəqil dövlətə çevrilən Tacikistan və onun şimal qonşusu Qırğızıstanın son günlərdə daha da gərginləşən münasibətlərini də məhz sovet mirası hesab etmək olar.
Əslində müstəqilliklərinin ilk illərində bu ölkələr arasında ciddi mübahisələr baş vermirdi. Bu, həm də onunla əlaqəli idi ki, 90-cı illərin əvvəllərində Qırğızıstanda dövlət quruculuğu sahəsində sürətli mərkəzləşmə prosesi gedərkən Tacikistanın başı 1997-ci ilədək davam edəcək vətəndaş müharibəsinə qarışmışdı.
Hər iki ölkənin daxili sabitliyi möhkəmləndikdən və dövlət quruculuğu yetkinləşməyə başladıqdan sonra öz sərhədlərinə daha çox diqqət ayırmağa başladılar.
Qanlı insidentlər dövrü
Tacikistan və Qırğızıstan arasında uzunluğu 971 kilometr təşkil edən sərhəd xəttinin 471 kilometri mübahisəli bölgə hesab edilir. İki ölkə arasında təxminən 25 il öncə başlanan delimitasiya və demarkasiya prosesi elə ilk vaxtlardan dalan vəziyyətindədir. Başlıca səbəb isə tərəflərin delimitasiya və demarkasiya prosesində müxtəlif geosiyasi xəritələri əsas götürmək istəməsidir. Qırğızıstan 1958-59-cu illərin, Tacikistan isə 1924-39-cu illərin xəritələrini rəhbər götürür. Elə bu fikir ayrılığına görə uzun illərdir ki, delimitasiya və demarkasiya prosesinin başa çatdırılması mümkün olmayıb. Nəticədə sərhədyanı ərazilərdəki qeyri-müəyyənlik, otlaqların, suvarma sistemlərinin hansı ölkə və icmaya məxsus olması kimi açıq qalan suallar və bu resurslarla bağlı iddialar taciklər və qırğızlar arasında daş və dəyənəklə başlayan, daha sonra isə minaatanların, topların, aviasiya bombalarının istifadə edildiyi genişmiqyaslı hərbi toqquşmalara çevirilir.
Tacik və qırğız kəndlilər niyə yola getmir?
Digər türk xalqları kimi, əsasən köçəri olan və heyvandarlıqla məşğul olan qırğızlar sovetləşmənin ilk illərindən oturaq həyat tərzinə məcbur edilirlər. Nəticədə taciklər və qırğızlar hazırda mübahisəli hesab edilən ərazilərdə intensiv qonşuluq münasibətlərinə məruz qalırlar. Əsasən maldarlıqla məşğul olunan bu ərazilərdə su və otlaq kimi məhdud təbii resurslar sovet dövründə bölgədə taciklərə və qırğızlara məxsus kolxoz və sovxozlar arasındakı razılaşmalarla bölüşdürülür və birlikdə istifadə edilir. SSRİ-nin dağılmasından sonra isə vəziyyət dəyişir. Ləğv olunmuş kolxoz və sovxozlar fərdi təsərrüfatlarla əvəzləndiyindən su və otlaqlardan istifadə ilə bağlı əvvəlki razılaşmalar qüvvədən düşür.
Otlaqlar
Yaranmış bu çətin vəziyyəti Qırğızıstanda həyata keçirilən torpaq islahatları və təbii resurslardan istifadəyə dair qanunvericilik daha da mürəkkəbləşdirir. 2009-cu ildə Qırğızıstanda qəbul edilmiş “Otlaqlar haqqında qanun”la otlaqların hökümətlərarası müqavilələrin olmadığı xarici ölkələrin vətəndaşlarına icarəyə verilməsi qadağan olunur. Mübahisəli bölgələrdə yerləşən otlaqlar Qırğızıstan ərazisində yerləşir. Tacikistanla Qırğızıstan arasında sərhədyanı otlaqlardan istifadəyə dair hər hansı razılaşmanın olmaması səbəbi ilə sözügedən qanun tacik icmalarının nəsillər boyunca istifadə etdikləri otlaqlardan istifadəsini məhdudlaşdırır. Bu isə tərəflər arasında narazılığı artırır. Yeni qanun həm də bir sıra qanunsuz fəaliyyətlərin yaranması ilə nəticələnir.
Qırğızıstan ərazisindəki otlaqlara daxil ola bilməyən tacik maldarlar şifahi razılaşmalar əsasında öz heyvanlarını otarmaları üçün qırğız çobanlara vermək məcburiyyətində qalırlar. Qırğızlar isə bu xidmət müqabilində onlardan real qiymətdə iki dəfə baha xidmət göstərirlər.
Bəzi hallarda isə qırğız sərhədçilər tacik maldarları nəsillər boyunca istifadə etdikləri otlaqdan çıxarır və ya Qırğızıstanın dövlət sərhədini pozmalarını əsas gətirərək qanunsuz şəkildə heyvanlarını əllərindən alırlar. Bütün bunlar nəticədə sovet dövründə dinc yaşayan sərhədyanı tacik və qırğızlar arasında ədavəti gücləndirir.
Su savaşları
Tərəflər arasındakı gədrinliyin ikinci səbəbi isə su resurslarına çıxışın effektiv tənzimlənməməsidir. Tacikistan-Qırğızıstan sərhədini təxminən 40 suvarma kanalı kəsir. Bu kanalların bəziləri Qırğızıstandan Tacikistana, bəziləri isə əks istiqamətdə axır. İsti aylarda çayın kanalın başlanğıcına yaxın yerləşən icma suyu daha çox istifadə etdiyi zaman kanalın sonundakı tərəfə su az gedir. Bu isə tərəflər arasında etimadın azalmasına səbəb olur. Bundan başqa, bəzən yerli tacik və qırğız icmaları arasında digər səbəblərdən mübahisələr baş verdiyi zaman opponentindən heyfini bir şəkildə çıxmaq istəyən icma qarşı tərəfin suyunu kəsir. Bu isə mübahisənin miqyasının daha da böyüməsi ilə nəticələnir. Əlavə olaraq hər iki ölkənin hökuməti mübahisəli bölgədəki su nasoslarına, suvarma sisteminə az diqqət ayırdığından sovet dövründən qalma irriqasiya sisteminin çürüməyə və sıradan çıxmağa üz tutduğu bildirilir.
Kəndlilərin “Ərik müharibəsi”
Qeyd olunan səbəblərdən dolayı taciklər və qırğızlar arasında sərhəd toqquşmaları 2004-cü ildən etibarən müntəzəm hal alıb. Demək olar ki, hər iki ildən bir baş verən bu toqquşmaların miqyası son illərdə daha da genişlənib.
Lakin onları başladan, qığılcım rolu oynayan səbəblərə baxdıqda əslində öhdəsindən gəlinməsi mümkün olan problemlər olduğu görünür. İki ölkəni qarşı qarşıya qoyan bu səbəblər bir qədər də gülüncdür. Məsələn, 2004-cü ildə taciklər mübahisəli ərazidə ərik ağacları əkirlər. Lakin yerli qırğızlar bu ərazini özlərinin hesab etdiklərindən ərik ağaclarını kəsib atırlar. Nəticədə tərəflər arasında mübahisə düşür və bu, sonradan hərbi insidentə çevrilir. 2004-cü ildə baş verən bu insidentə sonradan “Ərik müharibəsi” adı verilir.
2014-cü ildə oxşar səbəblərdən baş verən digər insidentə isə “Kətmən (kərki) müharibəsi” adı verilir.
Münaqişəyə doğru
Sərhəd toqquşmalarının səbəbləri hər nə qədər kiçik də olsa, nəticələri olduqca ağrılı olur. 2021-ci ilin 29 aprelində başlayan və may ayında da davam edən toqquşmalar zamanı 42-si mülki olmaqla, ümumilikdə 55 nəfər həlak olub, təxminən 270 nəfər yaralanıb. Toqquşmalar səbəbi ilə 40 mindən çox Qırğızıstan vətəndaşı qaçqın düşüb. Bu ilin sentyabrında baş vermiş insident zamanı isə 54 nəfərin öldürüldüyü, 137 min nəfərin mübahisəli ərazilərdən təxliyə edildiyi bildirilir. Kəndli davalarının genişmiqyaslı sərhəd toqquşmalara bu qədər asanlıqla çevrilməsi təbii olaraq bir sualı ağıla gətirir - tammiqyaslı müharibə baş verə bilərmi?
Hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Tacikistan və Qırğızıstan arasındakı sərhəd insidenlərinin tammiqyaslı müharibəyə çevirilməsi ehtimalının az olduğu bildirilir. Lakin hər il itkilərin daha da artması mübahisənin daha geniş müstəviyə yayılması və etnik ədavət yaratması riskini özündə saxlayır. Kəndlilərin bir-birlərinə atdığı daş və dəyənəklərin bu qədər sürətlə minaatan və tank, top mərmilərinə metamorfozu insidentlərin nə vaxtsa nəzarətdən çıxaraq tammiqyaslı müharibəyə çevrilə biləcəyi şübhəsini də gücləndirir. Bütün bunların qarşısının alınması ilk növbədə hər iki tərəfin delimitasiya və demarkasiya prosesinin başa çatdırılması üçün siyasi iradə göstərməsinə və mübahisəli məsələlərin təxirə salınmadan həll edilməsinə olan ehtiyacı vurğulayır.
Tacikistan və Qırğızıstan sərhəd toqquşmaları həm də qonşu ölkələrin delimitasiya və demarkasiya prosesini mümkün qədər tez və effektiv şəkildə yekunlaşdırmasının nə qədər önəmli olduğunu önəmini göstərir.
Səid Babazadə
APA
Paylaş: