Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Azərbaycan Ali Məhkəməsinin qərarını dərhal icra etmək əvəzinə ayağını ləng atması ölkəmizin bir çox ziyalılarının kəskin etirazına səbəb olub. Onlardan biri də tanınmış ziyalı, Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğludur.
Eldar Sabiroğlu Ovqat.com vasitəsilə Vasif Talıbov cənablarına yazdığı açıq məktubunda bəzi məsləhətlərdə bulunub.
Nəticə çıxarılacağı ümidilə həmin məktubu dərc edirik
NAXÇIVAN MUXTAR DÖVLƏTİNİN BAŞÇISI cənab VASİF TALIBOVA
Hörmətli Vasif müəllim, Naxçıvan Azərbaycanın qədim və zəngin mədəni irsə malik olan tarixi diyarlarından biridir. Bu məsələdə hər hansı sübuta ehtiyac yoxdur. Bu torpaq hər birimiz üçün doğma və əzizdir. Bu sözləri ürəkdən deyirəm və qəlbimdəki bu sevgini kimsə, hansısa özündənrazı kəs kobud hərəkəti ilə belə çıxarıb ata bilməz. Səmimiyyətimə inanıb-inanmamaq artıq Sizin şəxsi işinizdir.
Naxçıvanda böyük quruculuq işləri apardığınızdan da xəbərdaram. Buna görə çox sağ olun!!! Ancaq sərt rəftarınız, insanlarda yaratdığınız qorxu hissi, dərin və tikanlı kin-küturətiniz hələ ki qalmaqdadır. Köhnə qaydalardan əl götürə bilməməyiniz idarəetmə də Sizə böyük əngəllər yaradır.
Deyilənə görə çox qəzəbli və qəddarsınız. Bu xüsusiyyətləriniz hörmətli ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi və düşmən üzərində qələbənin təmin edilməsində onun atdığı cəsarətli dövləti qərarların üzərinə kölgə sala bilər. Bu mənada ehtiyatlı olmanızı Sizdən rica edirəm. İnsanlarla münasibətləri qurarkən nümunə götürməyə Sizin daha çox imkanınız var, İlham Əliyevin nitqilərini, görüşlər zamanı ən sadə adamlarla necə ünsiyyət qurduğu anları və dəqiqələri yaxşı-yaxşı izləyin və izləyin ki, nəsə öyrənə bildiniz.
Prezident indiyə kimi onlarla müxalif fikirli adamı əfv edərək azadlığa buraxıb. Siz isə Ali Məhkəmənin qərarını heçə sayaraq Vəli Ələsgərov hələ də 4 divar arasından çıxmağa qoyursunuz. Vəli kişi də heç düz-əməlli adam olmayıb. Buna baxmayaraq, məhkəmə qərarından dərhal sonra həbsxana qapıları açılaraq keçmiş MTN-çi həbsxanadan bayıra çıxarılmalıdır. Deməli, belə görünür ki, Vasif müəllim, Naxçıvanın həm başçısı, həm naziri, həm də DTX-sıdır. Yeganə haldır ki, Azərbaycanda məhkəmə qərarı yerə atılaraq Vasif Talıbov tərəfindən təpikləndi. Çox-çox təəssüflər ki, yuxarı hökumət orqanları bu ana qədər heç bir məsuliyyət nümayiş etdirməyiblər. Bundan böyük biabırçılığı təsəvvür etmək mümkün deyil...
ELDAR SABİROĞLU
Paylaş: