Kamal Əliyev,
Politoloq
Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Qərbə meyillənməsi onu deməyə əsas verir ki, İrəvan bacardıqca iki qütb arasında manevr edir. Təbii ki, Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən 13 sentyabr eskalasiyası və KTMT-nin proseslərə seyirçi qalmasını qəbul edə bilmir. Yəni, Paşinyanın sentyabrın 26-da Parisə gedərək Yelisey sarayında Fransa prezidenti Emanuel Makronla görüşü onu deməyə əsas verir ki, rəsmi İrəvan manevr imkanlarını aktivləşdirib. Paşinyan Rusiyaya deyir ki, bax ,biz tək deyilik və yönələ biləcəyimiz tərəf və yaxud tərəflər var. Hərçənd, Paşinyan çox gözəl dərk edir ki, Ermənistanın Rusiya və Qərb arasında manevr imkanları qeyr-məhdud deyil və bu, bir növ mövsümi və blef xarakteri daşıyır.
İkincisi, Ermınistanın bütövlükdə energetika, nəqliyyat sistemi tamamilə Rusiysnın nəzarətindədir. Üstəlik, Ermənistandakı 102 saylı rus hərbi bazası 2044-cü ilə qədər bu ölkədədir və onu oradan çıxarmaq asan deyil. Əslində Paşinyanın adminstrasiyası çox gözəl qavrayır ki, Rusiya amili Ermənistan üçün "təhlükəsizlik"maraqları baxımından olduqca vacibdir. İndi Paşinyanın Qərb və Rusiya arasında manevr görüntüsü yaratmağının ən böyük qəyəsi təhlükəsizlik və investisiyadır. Paşinyana Qərbin pulu, Rusiyanın isə tıhlükəsizlik çətiri lazımdır.
Lakin diqqət yetirsək görərik ki, Paşinyan manevr imkanlarını aktivləşdirməklə təkcə Rusiyaya deyil, həm də Qərbə göstərir ki, hər ikinizin Cənubi Qafqazda geopolitik maraqları var və mən sizə ən yaxşı fürsəti təqdim edə bilərəm. Zənnimcə,Paşinyan ağıllı oynamağa çalışır. Şübhəsiz ki, Nikol lideri oldugu ölkənin imkan və perspektivlərini yaxşı bilir.
Diqqətimi çəkən məqamlardan biri də Ermınistanın ikinci prezidenti Robert Köçəryanın (1998-2008) mediaya son açıqlamalarıdır. Əvvala, Köçəryan Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biridir və bir növ Kremlin Ermənistandakı "rezerv"əlaltısıdır.Amma Köçəryanın açıqlamasında diqqətimi çəkən detallardan biri də budur ki, o, son hadisələr kontekstində Tehranı daha çox qabardır və deyir ki, Zəngəzurda İran və Ermənistan arasında birgə hərbi təlimlərin keçirilməsi Azərbaycana qarşı çəkindirici addım olmuş olardı.Eyni zamanda, Köçəryan Ermənistanın KTMT-dən çıxmasına dair səslənən çagırışları da axmaqlıq adlandırıb. Diqqət edin, Köçəryan Paşinyandan fərqli olaraq, Qərbə deyil, İran və Rusiyaya göz qırpır. Təbii ki, Köçəryan özünün də dediyi kimi, çox gözəl dərk edir ki, Rusiya-Azərbaycan arasındakı müttəfiqlik münasibətləri var və Moska indiki geosiyasi kontekstdə Bakıya təsir edən deyil. Digər tərəfdən, Köçəryan onu da dərk edir ki,Qarabağ probleminin bundan sonrakı müqəddəratı Moskva-İrəvan arasında deyil, Moskva-Bakı arasında müəyyəndiriləcək. Köçəryan onu da deyib ki, 2021-ci ilin mayında İran və Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində danışıqlar aparılsa da, Paşinyan bu prosesi daha sonra dondurub. Məncə, Köçəryan bilməmiş deyil ki, Paşinyanın İranla ötən il hərbi təlimləri təktərəfli qaydada dondurmasının əsas səbəbi Qərbin təzyiqidir. Daha dogrusu, ABŞ Ermənistan hökumətinə təzyiq göstərib ki, İranla sıx əməkdaşlığınıza tolerant yanaşa bilmərik. İndi Köçəryan bunu açıq deyə bilmir, ancaq dolayı və ya siyasi yolla dilə gətirir.Sanki Ermənistanın siyasi elitasında elə bir situasiya yaranıb ki, bir tərəf Qərbə,digər tərəf isə Rusiya-İran tandeminə göz qırpır. Amma bir nəticə göz önündədir ki, hal-hazırda Ermənistan Cənubi Qafqazın "zəif bəndi"dir və özünü sanki satışa qoyub; kim yaxşı pul versə, onun olacaq.
Paylaş: