ABŞ Maliyyə Nazirliyinin Rusiyanı dəstəklədiyinə görə, Ermənistan şirkətlərini birinə sanksiyalara məruz qalanlar siyahısına əlavə etməsi qonşu dövlətdə xəyal qırıqlığı yaradıb. Artıq bir çox media qurumları bu xəyal qırıqlıqlarını açıq şəkildə dilə gətirir, İrəvanın son çarə kimi baxdığı ABŞ-dan yediyi şapalağın təsirindən çıxa bilmirlər. Ermənistanın «ArmenianReport» nəşrinin müəllifi Razmik Akopjanyanın qələmə aldığı «Özümüzdən tələb etməliyik» sərlövhəli yazısı da bu qəbildəndir.
Məqalənin tərcüməsindən əvvəl bu xəyal qırıqlığına səbəb olan məlumata nəzər salaq:
Ovqat.com-un məlumatına görə, sanksiyalara məruz qalan erməni şirkətlərinin siyahısını genişləndirib.
Bu dəfə siyahıya elektron və telekommunikasiya avadanlığı və hissələrinin topdan satışı ilə məşğul olan TACO şirkəti daxil edilib. Şirkətin adı Rusiyanın «Radioavtomatika» müəssisəsinin elektron komponentlər tədarükçüsü siyahısındadır. ABŞ departamentinin qeyd etdiyinə görə, «Radioavtomatika» Ermənistanda komponentlərin idxalı və satınalma prosesinin təşkili üçün «TACO»-ya pul ödəyir.
Departament həmçinin qeyd edir ki, «TACO» Çinin «Sinno Electronics» şirkəti ilə qarşılıqlı fəaliyyət göstərir və «Radioavtomatika» ilə davamlı əlaqələr saxlayır.
Ümumilikdə, indi sanksiyalara məruz qalan şirkətlərin siyahısına Ermənistanda qeydiyyatdan keçmiş 5 təsərrüfat subyekti daxildir. Onların arasında “ikinci dərəcəli sanksiyalara məruz qalan” Areximbank-Qazprobank Qrupu, VTB Bank Ermənistan, həmçinin Mellat Bank və Flight travel MMC də var.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının son qərarında Rusiyaya dəstək verdiyi üçün daha 57 şirkətin adı var. Onlardan biri də Ermənistanın «TACO» şirkətidir.
İndi isə Razmik Akopjanyanın xəbərlə bağlı təəssüratlarını təqdim edirik:
Pelosinin səfərinin hər şeyi dəyişəcəyi nağılına inanmaq lazım deyildi.
İki şey var ki, şərhsiz qala bilməz. ABŞ yeni sanksiyalar tətbiq edib. Bu dəfə təkcə Rusiya və Belarusa qarşı deyil, həm də Ermənistanın bir şirkətinin adı ABŞ sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərinin siyahısında dərc olunub. Və bu yalnız narahatlıq doğurmur, həm də təhlükəli vəziyyət yaradır. Həmçinin bütün süni şəkildə yaradılmış təbliğat arqumentlərini darmadağın edir.
Hakimiyyətyönlü ideoloqların Azərbaycanın Rusiya ilə paralel idxalla məşğul olduğu, ondan müharibə üçün yeni silahlar aldığı və ümumiyyətlə, sanksiyalardan yan keçərək Rusiya qazını Avropaya satacağı iddiaları hamımızın yadındadır. Hamımız bunu eşidir və sevinirdik. Amma yenə aldandıq. Azərbaycana qarşı heç bir sanksiya yoxdur.
Əksinə, qonşu ölkənin prezidenti Bolqarıstana, Gürcüstana səfər edir, orada öz ünvanına çoxlu yaltaq sözlər eşidir, onlara gurultulu vədlər verir. Təəssüf ki, indi Avropanın neftə, qaza, elektrik enerjisinə ehtiyacı var. Əliyev isə bütün bunları Avropa ölkələrinə verəcəyini vəd edir. Üstəlik, tədarükü xeyli artıraraq. Xüsusilə, şənbə günü Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan qaz birləşdiricisinin (IGB) açılış mərasimi olub. Fürsəti qaçırmayan Əliyev Cənub Qaz Dəhlizinin (CQD) qitənin ən böyük infrastruktur layihələrindən biri olduğunu qeyd edərək, Azərbaycanın uzun illərdir beynəlxalq və ilk növbədə Avropa bazarlarına etibarlı neft tədarükçüsü olduğunu diqqətə çatdırıb.
Həqiqətən haqlıdır. Biz bunu Avropa siyasətçilərindən dəfələrlə eşitmişik. O cümlədən Avropa Komissiyasının sədri Ursula fon der Leyendən. O, Rusiyanı etibarsız neft və qaz tədarükçüsü kimi göstərirdi. Yəni, Azərbaycan Rusiyaya qarşıdır və müsbət mənada, Rusiya isə heç bir şəkildə buna mane olmur.
Bu arada Əliyev iddia edir ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi təchizatçısı olacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana qarşı sanksiyalarını necə gözləmək olar?!
Aydındır ki, Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəklər. Və bizə əksini söyləyən bütün Amerika siyasətçiləri sadəcə yalan danışırlar. Amma unutmayaq; yalanı o kəslərə danışırlar ki, onlar istənilən nağıla inanmağa hazırdırlar. Deməli, problem daha çox özümüzdədir.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda coşqu ilə qarşılanması nümunəsi də sübut edir.
Səfərdən sonra isə biz ABŞ-ın Ermənistana qarşı sanksiyalarını gördük. Əlbəttə ki, bu məsələdə də onu deyil, özünüzü günahlandırmalıyıq. Pelosinin səfərinin hər şeyi kökündən dəyişdirəcəyinə dair nağıllara inanmağa ehtiyac yox idi.
Və indi başqa bir məsələyə keçirik. Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziya Şirkətinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskva, Brüssel və Vaşinqtonun öz təkliflərinin olub-olmaması sualını cavablandırarkən acı etiraf etdi. Onun sözlərinə görə, nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazır deyil. Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa da həmçinin.
Belə bir etirafdan sonra əsl demokrat, Ermənistanın vətənpərvər, sadəcə olaraq xalqla həqiqət dilində danışmağı sevən ləyaqətli insan nə etməlidir? Düzdür, təqaüdə çıxmalıdır. Üstəlik, onun adı həmişə dövlətimizin dəhşətli məğlubiyyətləri, xalqımızın faciələri ilə sinonimləşib.
Lakin Paşinyan heç yerə getmədi.
O, hakimiyyətdən yapışmaqda davam edir. Və eyni zamanda, Ermənistanın dünyada mövqeləri getdikcə zəifləyir. Eyni zamanda, düşmən təxribat siyasətini davam etdirir, ABŞ, Rusiya və Aİ isə bütün bunlara səssizcə göz yumur. Və burada da sualı yenə Paşinyana yox, hər birimizə vermək lazımdır. Çünki biz bu vəziyyətə dözürük. O, indi də ən yüksək reytinqə sahibdir. Deməli, Ermənistanın bütün baş verən və gələcək bəlalarının səbəbi özümüzdədir.
Paylaş: