Xəbər lenti


Belarus və Rusiyanın rəsmi olaraq birləşmiş qoşunlar yaratması cəbhənin genişlənməsi, münaqişənin yeni fazaya keçməsi deməkdir. Belarus ordusunun oyuna daxil olması ilkin mərhələdə sırf Ukrayna müstəvisiylə əlaqəli ola bilər, ancaq bu gedişat tezliklə 2 önəmli prosesi də aktuallaşdıracaq. 


1) Belarusun aktiv cəbhəyə çevrilməsi ən çox Polşanı narahat edəcək. Çünki ölkənin şərq sərhədlərində yerləşən hər iki ölkə aktiv münaqişə zonası olacaq. Bu gedişatla, Polşa yenidən Avropa-Rusiya arasında tarixi “bufer zona”ya çevrilə bilər. Polşanın “bufer zona” travması da hər birimizə məlumdur. Ona görə də Polşanın münaqişəyə daha aktiv şəkildə qoşulması qaçılmaz görünür. Düzdür, Polşa onsuz da arxa planda Ukraynanın müqavimətində baş rol oynayır, ancaq yeni fazada Polşanın öz ordusuyla açıq manevrlər etməsi istisna deyil. Yəqin ki, Polşa Belarus sərhədində hərbi mövcudluğunu artırmaqla, Belarusun Ukraynaya hərbi qüvvə göndərmək imkanını məhdudlaşdırmağa çalışacaq. Bu da Polşa-Belarus sərhəd toqquşmalarını real olaraq gündəmə gətirir. 


2) Baltikyanı üçlüsü, yəni, Litva, Latviya və Estoniyanın vəziyyəti də gərginləşə bilər. Xüsusilə, NATO üzvləri olan Baltikyanı üçlüsünü NATO müttəfiqlərinə quru yolla bağlayan, Polşa-Litva sərhədinin Suvalki koridoru adlanan hissəsi də Belarus sərhədindədir. Fikrimcə, Belarus ilə Rusiyanın eksklavı Kalininqradı ayıran və Baltikyanı üçlüsünü quru mühasirəsindən çıxaran bu dəhliz tezliklə qaynar gündəm olacaq. 


Təbii ki, həm Polşa, həm də Baltikyanı üçlüsü NATO üzvləridir və bu ölkələrin təhlükəsizlik problemi NATO-nun kollektiv müdaxiləsini aktivləşdirə bilər. Belarus isə KTMT üzvüdür və bu təşkilatın kollektiv müdafiəsi altındadır. Belarusun rəsmi olaraq oyuna daxil olması NATO-KTMT toqquşmasını bir addım daha yaxınlaşdıra bilər. Bəs Ukrayna cəbhəsində işləri heç də yolunda getməyən Rusiya rəhbərliyi müharibənin Ukrayna müstəvisindən çıxıb birbaşa NATO-KTMT kontekstinə çevirilməsini istəyərmi? Və ya son aylarda Rusiyaya ciddi şəkildə diş göstərən Qazaxıstan kimi bir KTMT üzvü Belarusun təhlükəsizliyini qorumağa razılıq verəcəkmi? Düşünürəm ki, bu suallara birmənalı cavab vermək çətindir…


Şərqə Baxış Analitik Mərkəz




Ana səhifəyə qayıt        Baxış: 6 100          Tarix: 11-10-2022, 08:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma