Xəbər lenti


Sentyabrın 16-dan İranda 22 yaşlı Məhsa Əminin "əxlaq polisi" tərəfindən döyülərək sonra öldürülməsindən sonra başlayan aksiyalar hələ də davam etməkdədir. Dogrudur, İranın 80 şəhərinə yayılmış və ölkədəki teokratik rejimə qarşı yönəlmiş aksiyalarda əvvəlki kimi qələbəlik olmasa da, bütövlükdə protest aksiyaları davam edir. Xüsusilə, Məhsa Əminin doguldugu Saqqız və digər kürd şəhərlərində aksiyalar daha xroniki hal alıb. Təbii ki, ağla ilk gələn İrandakı proseslərdə PKK (PJAK), Komele və digər separatçı kürd təşkilatlarının roludur.


Maraqlıdır, SEPAH İraqın şimalında müxalif kürd qruplarının təlim mərkəzlərini vursa da, heç bir şəkildə Kandil dagı ətrafında yuvalanmış PKK-ya qarşı əməliyyat keçirmir. O da doğrudur ki, PKK-nın İran qolu PJAK olsa da, istisnasız olaraq bütün kürd qruplaşmaların əsas mərkəzi Kandil dağıdır.


İran 90-cı illərdən bəri PKK-dan Türkiyəyə qarşı istifadə edib. Əslində, Suriyanın şimalına PYD, YPG (hərbi qanad) kimi qrupları ABŞ yox, İran yerləşdirib. Daha sonra isə ABŞ PYD üzərində hakimiyyət qurmaqla, bu təşkilatı indi də öz geopolitik maraqları üçün istifadə etməkdədir. Təbii ki, ABŞ PYD-ni həm də Türkiyəyə qarşı da istifadə edir, onu silah-sursatla təmin edir və gələcəkdə bu kürd qruplaşması vasitəsi ilə İraqın şimalında oldugu kimi Suriyada da ən azından muxtar kürd vilayətinin yaratmaq istəyir. Gəlin, biz mövzumuzdan yayınmayaq və İran-PKK, SEPAH-PKK gizli əməkdaşlıgını analiz edək.


Bildiyiniz kimi, İrandakı etirazların "simvol fiquru" Məhsa Əmini kürddür. Baxmayaraq ki,rejim ölkədəki etiraz aksiyalarını xarici qüvvələrlə əlaqələndirmək istəyir, lakin proseslərin mahiyyəti tamamilə fərqlidir. Kütlələri özünə qarşı qaldıran "motivasiya" bilavasitə 43 illik rejimin hazırki lideri Seyid Əli Xamaneidir. Maraqlıdır ki, SEPAH hələ də prosesləri boğmaq istəmir və yaxud gözləmə mövqeyindədir. Halbuki, 2019-cu ildə yanacağın qiymətlərinin artmasına görə keçirilən aksiyalara SEPAH müdaxilə edərək, 1.500-dən çox etirazçını qətlə yetirmişdi.


İndiki proseslərdə rejimin hədəflərindən biri də aksiyalardakı kürd kartını həm də Türkiyəyə qarşı yönəltməkdir. Çünki, PKK İran kəşfiyyatının illərdir Türkiyəyə qarşı istifadə etdiyi aparatdır. Məsələn, İranda PKK, PYD, Kobani Qamışlı kimi təşkilatların və toponimlərin istifadəsinə qadağa yoxdur. Bununla yanaşı, PJAK mövzusu rejim üçün "qırmızı xətt"dir. Çünki İran kürd separatizmini PKK üzərindən həmişə Türkiyəyə ixrac etmək siyasətini güdüb. Təxmin edirəm ki, 2014-cü ildə necə ki, İran Suriya-Türkiyə sərhədinə kürd separatçılarını yerləşdirmişdisə, yaxın tarixdə də İran-Türkiyə sərhədinə də kürdləri məskunlaşdıracaq. Hal-hazırda İranda baş verən siyasi və sosial etirazlar rejim üçün vazkeçilməz fürsətdir. 


Bir maraqlı məqam da budur ki, İrandakı bəzi media orqanları ara-sıra etirazları PKK ilə əlaqələndirir. Ancaq bu, rejimin diqqəti əsas məsələdən yayındırmaq cəhdidir. Məlum olan budur ki, PKK 90-cı illərdən bəri İranın uşağıdır və onun çıxarları üçün istifadə olunur. Ümid edirəm ki, Türk kəşfiyyatı da İranın kürd kartından xəbərdardır və preventiv tədbir alır.


Konkret aksiyalara gəlincə, hələ ki, İrandakı etnik azərbaycanlılar proseslərə farslar və kürdlər qədər kütləvi qoşulmaqda tərəddüd edirlər. İrandakı etnik azərlərin kompakt yaşadıgı Təbriz, Ərdəbil, Zəncan və başqa şəhərlərdə kütləvilik kifayət qədər yüksək deyil. Əvəzində,farsların çoxluq oldugu Tehran, İsfahan, Şiraz, Kərəc, Yəzd, Buşəhr, Sələndəc kimi şəhərlərdə kütləvilik daha çox nəzər çarpır. Yuxarıda da vurguladıgım kimi, Məhsa Əminin etnik kürd oldugu səbəbindən, İranın kürd şəhər və qəsəbələrində də kütləvilik daha yüksəkdir. 


O ki qaldı davam edən aksiyaların rejimi yıxmasına, bu, indiki məqamda mümkün deyil. İranda rejim dəyişikliyi qlobal güclər üçün onun parçalanmasından daha sərfəlidir. Konkret olaraq, anqlo-sakson ittifaqı üçün dağılmış İran yox, onların dediyi ilə oturub-duran rejim daha məqbuldur.


Kamal Əliyev,

Politoloq




Ana səhifəyə qayıt        Baxış: 6 333          Tarix: 11-10-2022, 18:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma