Kamal Əliyev,
Sülh Araşdırmaları İnstitutunun sədri,
politoloq
Son bir həftə ərzində Rusiya Federasiyası İrandan tədarük etdiyi kamikadze PUA-lar ilə Ukraynaynanın müxtəlif şəhərlərinə dagıdıcı zərbələr endirir. Nəticədə Rusiya paytaxt Kiyev daxil olmaqla, Ukraynanın müxtəlif şəhərlərindəki yaşayış binalarını, elektrik stansiyalarını, kanalizasiya təmizləyici qurguları, uşaq meydançalarını, körpüləri, bir sözlə infrastrukturu məhv edir.
Maraqlıdır ki, Rusiya indiki mərhələdə Ukraynaya qarşı hücumlarını İrandan aldığın kamikadze PUA-ların (Şahed-136) vasitəsi ilə həyata keçirir. Baxmayaraq ki, İran hökuməti müharibə tərəflərinə silah-sürsat satmadıgını bəyan edir, amma reallıqda biz başqa mənzərə ilə qarşı-qarşıyayıq. Fakt budur ki, İrandakı klerikal rejim Rusiyanın Ukraynadakı müharibəsində Kremldən yana mövqe sərgiləyir.
Şübhəsiz ki, Tehranın Moskvaya bu dərəcə yaxın olmasının bir sıra səbəbləri var və onlardan biri də artıq qlobal siyasətdə Rusiya-İran müttəfiqliyidir. Hətta biz bura Çini də əlavə etsək yanılmarıq. İran bu gün Rusiyanın Ukraynada apardığı işğal hərəkatına dəstək verməklə, həm Qərbə gözdağı verir, həm Rusiyaya sadiqliyini nümayiş etdirir, həm də öz “qabaqcıl” silah arsenalını reklam edir. Belə olan təqdirdə, mümkündür ki, İran növbəti mərhələdə Avropa İttifaqının, o cümlədən, ABŞ-ın daha sərt sanksiyaları ilə üz-üzə qalsın.
Halbuki, Qərb İranla nüvə sazişi üzərində işləyir və bu ölkə ilə bəzi müştərək məsələlərdə uzlaşmaqdan yanadı. Digər tərəfdən, İranın Rusiyaya kamikadze PUA-ları və “yer-yer” tipli ballistik raketləri tədarük etməsini rejimin İsrailə də mesajı kimi də anlamaq mümkündür. Şübhəsiz ki, Təl-Əviv də öz növbəsində İranın Rusiya ilə yaxınlaşmasını yaxından izləyir və istisna etmirəm ki, İsrail yaxın tarixdə Ukraynaya HHM sistemləri satsın. Hələ ki,yəhudi dövləti Rusiya-Ukrayna müharibəsində neytral mövqe nümayiş etdirir. Lakin bu, o demək deyil ki, Təl-Əviv sona qədər tərəfsizlik mövqeyini davam etdirəcək.
Təsadüfü deyil ki, Rusiyanın keçmiş prezidenti, hazırkı dövlət başçısı Vladimir Putinin “sag əli” Dmitri Medvedev İsrailə xəbərdarlıq edərək bildirib ki, əgər Təl-Əviv Ukraynaya silah satsa, bu, Rusiya və yəhudi dövləti arasında münasibətləri gərginləşdirəcək. Rusiyanın İsrailə xəbərdarlıgının arxasında Qolan yüksəklikləri və Fələstin mövzularının oldugu heç kimə sirr deyil. Lakin bir məqamı da vurgulamalıyıq ki, İranın Ukrayna böhranında konkret olaraq tərəf tutması İsrailin yaxın və uzaq perspektivdə geosiyasi maraqlarına təhdiddir. Bu,eyni zamanda, İranın Yaxın Şərqdə də geopolitik üstünlük əldə etməsi deməkdir. İndi ortaya sual çıxır: indiyəcən Ukrayna böhranı kontekstində neytrallığını mühafizə edən İsrail Rusiya-İran strateji müttəfiqliyinə hansı vasitələrlə cavab verəcək? Yaxın tarixdə İsrailin Qərbdəki müttəfiqləri ilə birlikdə ciddi qərar(lar) verəcəyinə şahid ola bilərik…
Paylaş: