«Qara Pişik»dən soruşdum ki, dostum Tural Səfərovun Naxçıvan Əlahiddə Qoşun Ordusunda «xan» həzrətlərinin Ali Baş komandan kimi qarşılanması, dolayısıyla Kərəm Mustafayev «xan»a biət etməsi həqiqətlərini ortaya çıxarması Muxtar Respublikada necə əks-səda yaradıb? Cavab verdi ki, necə olacaq, Kərəm Mustafayevin özünü Abbasilərin 5-ci xəlifəsi Harun ər-Rəşidin bağbanı kimi aparacağına şübhə etmirəm. Dedim: Ay «Qara Pişik», nə olsun, savadlısan, elə danış ki, biz binəva avamlar da bir şey anlayaq da. Harun ər-Rəşid kimdir, onun bağbanının Kərəm Mustafayevlə nə əlaqəsi var?
Gözünə döndüyüm «Qara Pişik» başladı mənə «Tarixi-Nadir» hekayələrinə bənzər əhvalat «xırdalamağa»:
«Harun ər-Rəşidin bir süd atası varmış: Yəhya bin Xalid Bərməki. Harun ər-Rəşid hakimiyyətə gələndə bu adamı özünün baş vəziri qoyur. 17 il Abbasilər xilafətini əslində Bərməki idarə edir. Baş vəzirin xəlifə üzərində təsiri o qədər güclü olur ki, bir gün ikisi sarayın bağına gəzintiyə çıxır. Harun ər-Rəşidin gözü alma ağaclarından birinin üzərindəki meyvəyə sataşır. Baş vəzirinə deyir ki, o almanı dərsin, xəlifəyə versin. Bərməki o tərəfə-bu tərəfə baxır, özlərindən başqa heç kimi görmür. Deyir:
-Xəlifə sağ olsun, bu vəziyyətdə almanı dərmək üçün bizim bir-birimizin çiyninə çıxmaqdan başqa yolumuz yoxdur. Mən isə qoca kişiyəm. Sən mənim çiynimə çıxsan, ağırlığına belim tab gətirməz. Bəlkə mən sənin o mübarək çiyninə çıxıb almanı dərim?
Xəlifə razılaşır. Bərməki onun çiyninə çıxıb almanı dərəndə bağban peyda olur. Görür ki, ey dadi-bidad, Bərməki indi də xəlifə Harun ər-Rəşidin belinə çıxıb. Ertəsi gün gedib xəlifənin elçi daşının üstündə oturur. Harun ər-Rəşid bağbanı görüb tanıyır və onu yanına çağırır, nə sözü olduğunu soruşur. Bağdan deyir:
-Ey qibleyi-aləm, lütfən, dəftərxananıza deyin, mənə Bərməki sülaləsindən olmadığıma dair arayış versin.
Xəlifə təəccüblənir:
-Rəhmətliyin oğlu, bu ölkədə hər kəs Bərməki nəslindən olduğunu təsdiqləmək üçün saxta sənədlər çıxarır. Sən niyə bunun əksini istəyirsən?
-Qibleyi-aləm, bu gedişlə bir gün gələr, bu sənəd məni və ailəmi böyük bir fəlakətdən xilas edə bilər. Lütfən, deyin, mənə o arayışı versinlər.
Xəlifə əmr edir ki, bağbanın istəyi yerinə yetirilsin. Dəftərxanadan rəsmi şəcərəsini alan bağban sevincindən göyə atılıb düşə-düşə evinə qayıdır.
Gün keçir, ay dolanır, hicri təqvimi 802-ci ili göstərəndə xəlifə ər-Rəşid bir də onda ayılır ki, Yəhya bin Xalid Bərməki Abbasilər xilafətində bütün vəzifələri öz yaxın adamlarına verib. Xilafətdə artıq xəlifənin sözü keçmir. Hər kəs əmri Bərməkidən gözləyir. Üstəlik, məmləkətdə hərc-mərclik baş alıb gedir. Hər yerdə iğtışaşlar, üsyanlar. Bütün bu mərəkənin arxasında isə Bərməkilər sülaləsi dayanır. Hirslənib cəlladlarına əmr edir: "Abbasilər xilafətində bir nəfər də Bərməki saxlamayın. Hamısını dar ağacından asın". Beləcə, Abbasilər xilafətində Bərməki qətliamı başlayır. Hər gün onlarla Bərməki dar ağacından asılır.
Bir gün asılmağa aparılan qoca bir kişi dar ağacına yaxınlaşanda var gücü ilə bağırmağa başlayır, son söz haqqı istəyir. Xəlifə bunu eşidib ona söz verilməsini əmr edir. Qoca kişi cibindən uzun illər öncə dəftərxanadan aldığı rəsmi sənədi çıxıb deyir:
-Baxın, bu kağızı mənə xəlifə həzrətləri verib. Bu da onun mübarək imzası. Mən Bərməki nəslindən deyiləm.
Beləcə, Abbasilərin bağbanı özünü dar ağacından xilas edir».
Qısası, «Qara Pişiy»in dediyinə görə, Kərəm Mustafayev də xəlifənin bağbanı kimi xam adam deyil. O, «xan» həzrətlərinin hərbçilərlə məlum görüşündən sonra rəsmi şəcərə almaq üçün ya artıq Bakıya gedib, ya da yaxın günlərdə paytaxta səfərə çıxmaq planları qurur.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: