Xəbər lenti


Kamal Əliyev

Sülh Araşdırmaları İnstitutunun rəhbəri, politoloq

 

Səudiyyə Ərəbistanı İranın krallıqdakı hədəflərə hücum edəcəyi ilə baglı ABŞ-la kəşfiyyat məlumatları paylaşıb. Bu barədə məlumatı ABŞ-ın məşhur “The Wall Street Journal” qəzeti tirajlayıb. Bundan əlavə, körfəzdəki ərəb ölkələrinin orduları döyüş hazırlığı vəziyyətinə gətirilib. 

 

Məlumata görə, rejimin hücum edəcəyi hədəflər arasında İraqın şimalındakı kürd muxtariyyətinin paytaxtı Ərbil şəhəri də ola bilər. Görünür, İrandakı rejim sentyabrdan bu tərəfə ölkə daxilində başlayan və hələ də davam edən kütləvi aksiyaların qarşısını almaq, ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün qonşu dövlət(lər)lə hərbi konfrantasiya yolunu seçə bilər. 

 

Doğrudur, hazırda İrandakı kütləvi etiraz aksiyalarının miqyası əvvəlki həftələrlə müqayisədə zəifləyib, ancaq rejim hələ də etirazların tam yatırılmasına nail ola bilməyib. Adətən avtoritar və totalitar tipli rejimlər öz səltənətlərini qorumaq üçün mütləq “xarici düşmən” yaradır və hərbi qarşıdurmalara qədər bu prosesləri davam etdirirlər. Baxmayaraq ki, İran İslam Respublikasında indiyəcən dəfələrlə kütləvi etiraz aksiyaları keçirilib, amma hazırda baş verənlərin əsas lokomotivi qadınlar və gənclərdir

 

Ali rəhbər Seyid Əli Əkbər Xamanei dərk edir ki, demoqrafik olaraq gənc və dinamik İran cəmiyyəti müəyyən mərhələdə rejimin əsaslarına təhlükə yarada bilər. Və bu səbəbdən, Tehran üçün bu sarmaldan çıxış yolu qonşularla müharibə variantıdır. Rejim hesab edir ki, 1979-1988-cu illərdə İraqla müharibədə olduğu kimi indi də xalqı öz ətrafında konsolodasiya etməyin yeganə yolu müharibədir. Bunun üçün İranın başlıca hədəfi Səudiyyə Ərəbistanı daxil olmaqla körfəzdəki ərəb monarxiyalarıdır. 

 

Proqnozlaşdırmaq mümkündür ki, İranın daxil olduğu Yaxın Şərq regionunda ciddi hərbi eskalasiya baş versin. Şübhəsiz ki, İranın hədəfi təkcə ərəb ölkələri deyil, eyni zamanda, İsrail olacaq. Təl-Əviv həmişə bəyan edir ki, yəhudi dövləti İranın nüvə silahına sahib olmasına qətiyyən razı olmayacaq, hətta lazım bilərsə təkbaşına bu rejimə qarşı hərbi əməliyyatlar keçirəcək.

 

Bu gün İsraildə baş tutan parlament seçkilərinin ilkin nəticələrinə görə, keçmiş baş nazir, Likud partiyasının lideri Benjamin Netanyahunun liderlik etdiyi koalisiya yeni hökumət qurmaq üçün gərəkli 61 deputat mandatı əldə edir. Hazırki baş nazir Yair Lapidin “Yeş Atid” partiyası təkbaşına 30 mandat qazanıb. Müdafiə naziri Benni Qantsın Milli Birlik Partiyası isə 11 mandat qazanıb. Bu nəticəyə görə, Bibi ləqəbli Netanyahu yeni hökuməti quracaq. Netanyahudan söz düşmüşkən, sağçı siyasi profil olan Bibi İrana qarşı sərt siyasətinə görə tanınır. Netanyahu təkidlə tələb edir ki, Qərb ölkələri İranla nüvə danışıqlarını dayandırsınlar. Onun fikrincə, İranla nüvə sazişi rejimin leyhinədir və sanksiyaların qaldırılacagı təqdirdə rejim Yaxın Şərqdəki proksilərinə daha çox maliyyə, silah-sürsat yardımları göstərəcək.  Demək olar ki, İrandakı son hadisələr, İsraildə B.Netanyahunun yenidən baş nazir olacağı Yaxın Şərqdə status-kvonun dəyişməsi ilə nəticələnə bilər. İndi İsrail və İran arasında hərbi qarşıdurma dünənə görə daha çox mümkün görünür. Yaxın həftələr və ya aylarda Yaxın Şərqdə ciddi hadisələrin baş verməsi ehtimallar daxilindədir…

 




Ana səhifəyə qayıt        Baxış: 6 073          Tarix: 2-11-2022, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma