Azərbaycan xalqı Ermənistan və onun havadarları üzərində zəfərinin ikinci ildönümünü qeyd edir. İki il əvvəl Azərbaycan ordusu Qarabağın incisi Şuşanı və bütövlükdə Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımızın necə cəsarətli, döyüşkən, Vətəninə və torpağına görə canından keçməyə hazır olduğunu göstərdi. Azərbaycan əsgəri Şuşa kimi alınmaz qalaya sıldırımlı qayalarla yüngül silahlarla dırmaşaraq mümkünsüz kimi görünən və belə tezliklə işğaldan azad edəcəyimizi gözləməyən ermənilərə ağır zərbə endirmiş oldu.
Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
44 günlük müharibəyə qədər dünya ictimaiyyətində belə bir fikir var idi ki, ədalətin kimin tərəfində olmasından asılı olmayaraq, beynəlxalq səviyyədə maraq doğuran münaqişələrin müharibə yolu ilə həlli mümkünsüzdür. İkinci dünya müharibəsindən sonra yaranmış yeni beynəlxalq münasibətlər sistemi və 1991-ci ildə formalaşmış yeni geosiyasi konfiqurasiya mühitinin bu və ya digər münaqişələrə baxış bucağı “dondurulma”, “hegemon dövlətlərin həmin münaqişə coğrafiyasında bir-birinə qarşı dolayısı yolla hərbi əməliyyatlarda iştirak etməsi” kimi hallarda özünü göstərirdi. Lakin coğrafi cəhətdən kiçik ölkə olan Azərbaycan son on illər ərzində ilk dəfə olaraq öz ərazi bütövlüyünü işğaldan azad edən dövlət kimi tarix kitablarına adını həkk etməyi bacardı. Təsadüfi deyil ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbədən sonra separatizmdən, qonşu ölkələrin işğalından əziyyət çəkən dövlətlər hərbi yolla münaqişələrini həll etmək fikrinə düşdü, ordumuzun rəşadətindən ilhamlandı.
Sözsüz ki 2020-ci ilin payızında əldə edilən qələbə olduqca düşünülmüş sistemli siyasətin nəticəsi idi. Prezident İlham Əliyevin tarixi qələbə ərəfəsində apardığı siyasi-ideoloji xətt, onun iqtisadiyyatı gücləndirməklə hərbi sahədə apardığı islahatlar, dövlət quruculuğu, dövlət idarəetməsi istiqamətində verdiyi bir sıra qərarlar, xarici siyasət fəlsəfəsi ilə bağlı tətbiq etdiyi baxış bucağı Azərbaycanın düşmən üzərində qələbəsini şərtləndirdi. 2003-cü ildə dövlət büdcəsi cəmi 1.3 milyard manat olan Azərbaycanın 2023-cü ildə büdcəsinin 30 milyard manatı keçməsi, strateji valyuta ehtiyatlarımızın 56 milyard dolları ötməsi də nəzərə alınacaq mühüm məqamlardandır.
Müharibədə qalib gəlməyin daha bir şərti dövlət başçısının tətbiq etdiyi ideoloji siyasətlə bağlı idi. Qonşu ölkələrdən fərqli olaraq, bu illər ərzində rəsmi Bakı ölkə daxilində siyasi, dini və milli oriyentirlərlə bağlı sistemli fəaliyyət quraraq vahid xətti formalaşdırmağı, möhkəmləndirməyi bacardı. Nəticədə, Azərbaycanda dini və milli-etnik məsələləri qaldırmaq istəyən və bu kartlardan zaman-zaman ölkəmizə təzyiq vasitəsi kimi istifadə etmək istəyən Ermənistanla yanaşı, bizimlə ümumi sərhədlərə malik olduğumuz digər qonşularımızın xəyalları puça çıxmış oldu. Hazırda da bəzi xarici aktorların Azərbaycan daxilində şiəçilik adı altında əlaltıları vasitəsilə vəziyyəti qarışdırmaq cəhdləri, sərhədyanı ərazilərdə yaşayan etnik qruplar arasında guya hansısa oyanış yaratmaq istəyənlərin əsas məqsədləri cəmiyyətimizin parçalanması, vəhdətə zərbə endirməkdir. Lakin Azərbaycan dövlətinin apardığı siyasət Xalq-Prezident birliyinin tam gücü ilə istənilən təxribata cavab verəcəyini göstərmiş oldu. 44 günlük müharibə ərəfəsində və döyüşlərin getdiyi günlərdə Azərbaycan xalqının bir nəfər kimi Ali Baş Komandana vermiş olduğu dəstək, milli mənsubiyyətindən, dini inancından asılı olmayaraq, döyüşmək qabiliyyətində olanların hərbi komissarlıqların önündə növbəyə düzülməsi, tələbəsindən tutmuş təqaüdçüsünə kimi digərlərinin isə imkanları müqabilində orduya verdiyi dəstək cəmiyyət daxilində mənəvi birliyin, monolitliyin bariz nümunələri idi.
Əlbəttə, XX əsrdən başlayaraq inteqrasiya olunan qloballaşan beynəlxalq münasibətlər sistemində qalibiyyətin çox vacib səbəblərindən biri - xarici siyasət, beynəlxalq şəraitdir. Hamıya çox yaxşı məlumdur ki, istər qondarma “erməni soyqırımı”, istərsə də Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan, erməni diasporu, erməni kilsəsi trio təşkil edərək beynəlxalq aləmi öz tərəflərinə çəkərək həqiqətin deyil, yalanın, böhtanın bir müddətlik qələbə çalmasına nail olmuşdu. 1918-20-ci illərdə olduğu kimi, 1980-ci illərin sonlarından başlayaraq dünyanın ayrı-ayrı güc mərkəzləri, hegemon dövlətlərin hökumətləri, ayrı-ayrı parlamentarilər daim Azərbaycana qarşı mənfur siyasətlərini həyata keçirmişlər. 2000-ci illərin əvvəllərindən başlayaraq isə rəsmi Bakı məqsədyönlü və sistemli şəkildə istər diaspor, istər informasiya, istərsə də ikitərəfli və çoxtərəfli münasibətlər istiqamətində mühüm fəaliyyətə başladı. Nəticədə 2020-ci il ərəfəsində Azərbaycan Ermənistan qarşısında informasiya müharibəsində üstünlüyə malik olaraq dünya ictimaiyyətinin İrəvanı işğalçı kimi tanımasına müyəssər oldu.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət başçısı beynəlxalq səviyyəli bütün görüş və çıxışlarında həmişə Ermənistanın hərbi-siyasi təxribatlarına geniş yer ayıraraq, bu ölkənin təcavüzkar və işğalçı siyasətini daim ifşa edirdi.
BMT tribunasından tutmuş ən müxtəlif səviyyələrdə keçirilən beynəlxalq tədbirlərdə çıxışlarında, ayrı-ayrı dünya liderlərindən tutmuş ən kiçik ölkələrin başçılarına qədər bütün görüşlərində Prezident İlham Əliyevin xüsusi vurğuladığı bir məqam vardı: Ermənistan işğalçıdır, işğal etdiyi Azərbaycan torpaqları qeyd-şərtsiz boşaltmalıdır, Azərbaycan ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq, nə yolla olursa olsun, torpaqlarını işğaldan azad edəcək. Proseslərin gedişi göstərdi ki, bu bəyanatlar sadəcə söz xatirinə söz olaraq deyilməmişdi. İlham Əliyev ən müxtəlif tribunalardan səsləndirdiyi bu bəyanatları həyata keçirməyi qarşısına məqsəd kimi qoymuşdu və böyük siyasət ustası, mahir hərbi komandan kimi bunu etməyi bacardı.
Azərbaycanın əsrin əvvəllərindən başlayaraq Ermənistanın yer aldığı hərbi-siyasi, iqtisadi təşkilatlarda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarusla yeni əməkdaşlığın əsasını qoyması, Rusiya və İran regional tandemi ilə bağlı qapılar arxasında mühüm görüşlər, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatında aparıcı mövqe qazanması, Avropa İttifaqı və ABŞ-la münasibətlərdə Bakının ilbəil artırdığı strateji əhəmiyyət, beynəlxalq təşkilatlarda ölkəmizin imicinin yüksəldilməsi, dünya siyasi arenasında söz sahibi olan ayrı-ayrı ölkələrlə münasibətlərin yüksək səviyyəyə çatdırılması, bir sözlə Azərbaycanın regional və beynəlxalq proseslərdə obyekt deyil, əsl qlobal aktor olmasını sübut etməsi, sözsüz ki, qələbə üçün ciddi zəmin idi.
Bu mənada Azərbaycan dövlətinin və onun liderinin ölkəmizdə təşkil etdiyi müxtəlif qlobal miqyaslı tədbirləri qeyd etməmək olmaz. Azərbaycan son illər ərzində qlobal çağırışların müzakirə olunduğu məkana çevrildi.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri və digər mötəbər tədbirlər, eləcə də BMT tərəfindən dəstəklənən qlobal toplantıların Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bakı bu gün beynəlxalq müzakirələrin həyata keçirildiyi nüfuzlu platforma rolunu oynayır. Bütün bunlarla yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yürütdüyü məqsədyönlü siyasət 44 günlük müharibənin gedişində ölkəmizin beynəlxalq dəstək əldə etməsində mühüm rol oynamış oldu. Sadalanan tədbirlər, eləcə də Azərbaycanın QH-yə sədrliyi, ayrı-ayrı ölkələrə, o cümlədən QH sədri kimi təşkilata üzv olan ölkələrə göstərdiyi humanitar yardımlar Vətən müharibəsinin gedişində beynəlxalq platformalarda ölkəmiz əleyhinə addımların əngəllənməsinə imkan verdi. “Bu tədbirlər, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi nəyə lazımdır” kimi düşünənlər 44 günlük müharibə zamanı qlobal siyasi arenada baş verənlərlə bu suallarına da cavab almış oldular.
44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında apardığı şanlı döyüşlərlə yanaşı, Bakının diplomatiya meydanında mübarizəsi, İlham Əliyevin müdrik xarici siyasəti ilə müşayiət olunurdu. Bu dövr ərzində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, ölkəmizə edilən səfərlər çərçivəsində xarici nümayəndə heyətləri ilə keçirilən görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr dövlətimizin başçısının Zəfər diplomatiyasının önəmli tərkib hissələrini təşkil edirdi.
Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşüb, onlara müsahibələr verirdi. Bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyaca məşhur 30-a yaxın media quruluşuna müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı.
Dövlət başçısının illər ərzində həyata keçirdiyi diplomatik strategiya Vətən müharibəsi zamanı öz bəhrəsini verdi. Azərbaycan beynəlxalq siyasi arenada tam dəstək ala bildi.
Beləliklə, 2 il əvvəl Azərbaycan Respublikası iki əsr ölkəmizə qarşı həyata keçirilən “erməni məsələsi”nə son qoyaraq, bir daha bu kartdan istifadə edilməsinə imkan verməyəcəyini göstərdi. Hazırda bəzi qonşu və beynəlxalq dairələrin ölkəmizə qarşı ciddi pressinqdən istifadə etdiyi vaxt onlara dönüb arxaya baxmağı və tarixdən dərs çıxarmağı məsləhət görürük. Azərbaycan dövləti və xalqı 2 il əvvəl tarixi qələbə qazanaraq bölgədə yeni dönəmin əsasını qoyub. Yaxın gələcəkdə ölkəmiz qarşısına qoyduğu məqsədləri bir-bir həyata keçirəcək, bölgənin sabitlik məkanına çevrilməsi üçün prinsipial siyasətini davam etdirəcək.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Paylaş: