Xəbər lenti


 

8 noyabrda Şuşada çıxışı zamanı Azərbaycan Prezidenti bir neçə vacib tezis səsləndirdi. Prezident “xaricdən göndərilmiş, öyrədilmiş ünsür”dən, sülhməramlı kontingentin (SK) Qarabağda müvəqqəti yerləşməsindən və Ermənistan SQ-nin Qarabağdan tam çıxarılmamasından söz açdı. 

 

“Ünsür” sözü Rusiya vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşı kimi Qarabağa qanunsuz köçən Ruben Vardanyanı, qalan mesajlar isə Rusiyanın 10 noyabr razılaşmasını pozmasını özündə ehtiva edir. Razılaşmaya görə, SK 1960 sayda hərbçilərdən, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnikadan artıq olmamalıdır. Lakin, Rusiya humanitar yük adı altında Qarabağa əlavə silah-sursat göndərir. Bəyanatın 4-cü bəndinə görə, SK-nın Qarabağda yerləşməsi erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilməli idi. SK artıq iki il müddətində Qarabağda yerləşsə də erməni silahlı qüvvələri hələ tam olaraq çıxarılmayıb.

 

Rusiyanın yanaşması sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasından ibarətdir. Rusiya anlayır ki, Qərblə geosiyasi qarşıdurma şəraitində CQ-dakı nüfuzu bütün spektr üzrə artan sürətlə zəifləyir. Bu səbəbdən Moskva vaxt itirmədən Qarabağ ermənilərinin subyektliliyini artırmaqla sülhməramlıların regionda qalma müddətini uzatmaq istəyir. Bu məqsədlə Vardanyan kartından istifadə edir. Rusiyanın strategiyası Vardanyanın siyasi baxışlarında təmamilə əks olunur. Vardanyan sülhməramlıların Qarabağda “onilliklərlə” qalmalı, ermənilərin “hardasa mühacirət həyatı yaşamaqdansa, Qarabağ uğrunda döyüşməli”, Ermənistanın Azərbaycanla danışıqları “demarkasiya, delimitasiya və dəhlizlər” üzrə aparmalı, Qarabağın taleyini isə Azərbaycan-Rusiya-Qarabağ arasında üçtərəfli formatın müəyyən etməli olduğunu qeyd edir. Bu gün isə N.Paşinyan SK-in Qarabağda müddətsiz qalmalı olduğunu bildirmişdir.

 

Rusiya Vardanyan kartını təkcə Azərbaycana qarşı yox, o cümlədən Ermənistan qarşı istifadə edir. Ermənistan qanunvericiliyi ikili vətəndaşlığa və xaricdə aktivlərə sahib şəxslərə dövlət vəzifələri tutmağı qadağan edir. Rusiya vətəndaşlığından imtina edən, öz aktivlərinin böyük hissəsini Rusiyadan çıxaran Vardanyan, perspektivdə N.Paşinyanı baş nazir vəzifəsində də əvəzləyə bilər. Ermənistanda Vardanyan yeni yaradılmış “Həyat üçün ölkə” partiyası ilə çox yaxındır.

 

Bundan başqa, Vardanyan Qərbdəki erməni diasporları ilə də yaxın əlaqələrə malikdir. Rusiya ümid edir ki, Vardanyanın erməni diasporları ilə yaxınlığı Qərbin Rusiyanın CQ siyasətinə müqavimətini zəiflədə bilər. Lakin, Vardanyanın ABŞ istiqamətində hər hansı bir ciddi uğur qazanacağı az ehtimal olunur. ABŞ-ın başlıca prioriteti Rusiyanı regiondan sıxışdırmaqdır. Vaşinqton Rusiya sülhməramlılarının 2025-ci ildə və ya daha tez Azərbaycandan, perspektivdə isə Ermənistandan çıxıb getməsini hədəfləyir. Bu Moskva tərəfindən Vardanyan üçün müəyyən edilmiş siyasi xəttin əsas müddəaları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Vardanyanın daha çox Fransa ilə sıx işləyəcəyi ehtimal olunur. Qeyd edək ki, 4-5 sentyabr tarixlərində Vardanyan “ortaq işimizə mühüm töhfələr verə biləcək insanlarla görüşmək” adı ilə Fransaya səfər etmişdir. 

 

Beləliklə, hazırda Rusiyanın apardığı strategiya daha böyük gərginliyə və Azərbaycanın adekvat addımlarına səbəb ola bilər. Qarabağ ermənilərini silahlandırmaqla Rusiya əhalinin və onunla birlikdə özünün regionda qalmasını təmin etmək istəyir. Lakin, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinə belə açıq hörmətsizliyə göz yuma bilməz. Azərbaycan Prezidenti də, xarici işlər naziri də Laçın dəhlizinin hərbi yüklərin daşınması məqsədilə istifadəsinin yolverilməz olduğunu bildiriblər. Bu, Laçında gömrük yoxlanış məntəqəsinin yaradılmasına dair bir xəbərdarlıq hesab edilə bilər. Dəhlizin nəzarətə götürülməsi “ünsürlərin” və digər təxribatçı planların üstündən birdəfəlik xətt çəkəcəkdir. Bunun baş verməsi qaçılmazdır. Bakı sadəcə Ermənistana bunu sülh sazişi çərçivəsində həyata keçirmək şansı verir. Bu şansın itirilməsi İrəvan üçün acı nəticələrə gətirəcəkdir. 

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 6 026          Tarix: 11-11-2022, 07:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma