Xəbər lenti



Kamal Əliyev

Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoliq

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin noyabrın 22-23-də Ermənistana səfər edəcəyi gözlənilir.

 

Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Validimir Putinlə bu gün baş tutmuş telefon danışığında razılıq əldə olunub. Şübhəsiz ki,Kreml rəhbərinin Yerevana səfəri böyük maraq kəsb edir. Ona görə ki, son dövrlər Yerevan-Moskva xəttində ciddi narazılıq elementlərini görürük. Daha dogrusu,Paşinyan hökuməti imkan düşdükcə ayrı-ayrı platformalarda Rusiyanı açıq tənqid edir, Moskvanın nəzarətində olan KTMT-ni fəaliyyətsizliydə ittiham edir, hətta bu hərbi-siyasi təşkilatı tərk edəcəyinin anonsunu verirdi.

 

Yadınıza salım ki, sentyabrın 12-13-də Azərbaycan-Ermənistan arasındakı təmas xəttində baş verən hərbi eskalasiyada Yerevan birbaşa KTMT-ni fəaliyyətsizlikdə günahlandırmışdı. Daha sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfəri və elə həmin gün Ermənistan paytaxtında Putinin plakatlarının yırtılması onu göstərirdi ki, erməni hökuməti Rusiyadan narazıdır. Digər tərəfdən, Paşinyanın ailə qəzetində Rusiyanın əleyhinə silsilə məqalələrin çapı, Kremlə yaxın olan Zatulin və Simonyan kimi fiqurların Ermənistana girişə qadağa qoyulması onu göstərirdi ki, Yerevan öz geopolitik konyukturasında Rusiya ilə yolları ayırmağı gözə ala bilər. Oktyabrın 31-də Soçidə Paşinyan-Putin görüşü hiss olunurdu ki, erməni və rus liderlər problemləri həll etmək istəyirlər. Hətta belə demək mümkünsə, Paşinyan Putinə “zeytun budağı”uzatdı. Və tıbii ki, Paşinyanın bu jestinə Putin etinadsız yanaşa bilməzdi.Putinin son Valday toplantısından da belə nəticəyə gəlmək olardı ki, Kreml Ermənistanı Qərbə qapdırmaq istəmir və nəyin bahasına olursa-olsun Cənubi Qafqazdakı forpostu olan bu kiçik ölkəni yenidən öz çətiri altına alacaq. 

 

Zənn etmək mümkündür ki,  Rusiya bundan sonra Ermənistana həm investisiya yatıracaq, həm də bu ölkəyə silah-sürsat göndərəcək. Güman edirəm ki,Putinin Yerevana qısa müddətli ziyarəti Rusiya-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq.Bu gün Ermənistan siyasi elitasının Rusiyadan tələbi odur ki, 2025-ci ildə Qarabağdakı rus hərbçiləri bölgədən getməsin. 

 

Açıq deyim ki, mən də “sülhməramlı”rusların Qarabağdan gedəcəyini zənn etmirəm. Əlbəttə, bu, ayrı bir müzakirə mövzusudur. Konkret Putinin Yerevana səfərinə gəlincə, mən buna iki ölkə arasındakı münasibətlərdə “nikah yenilənməsi” kimi baxıram. Güman ki, Putinin Yerevana səfərindən sonra erməni mediasında anti-Rusiya ab-havasına nisbətən son qoyulacaq. Putin isə öz növbəsində Ermənistana qarant verəcək ki, Rusiya sizi həmişə himayə edəcək və əsla Qərbə güvənməyin. Təbii ki, Rusiyanın Ermənistana verəcəyi əsas qarant Qarabağdakı rus hərbçilərinin 2025-ci ildə bölgədən çıxarılmaması olacaq. Bundan əlavə, Putinin bundan sonra da Ermənistanın bir dövlət kimi mövcudluguna və təhlükəsizliyinə də qarant verəcəyi mümkündür. 

 

Göründüyü kimi, Rusiya Ermənistanı Qərbə qapdırmamaqda olduqca israrlıdır. Ancaq Ermənistanın demokratik Qərbə inteqrasiyasında əsas siyasi iradə sahibi Nikol Paşinyandır. Əslində Kreml də bu reallığı bilir və bu nöqteyi-nəzərdən Paşinyanla siyasi sövdələşməyə getmək istəyəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 5 469          Tarix: 12-11-2022, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma