İranla dünyanın qüdrətli dövlətlərinin 43 ildən bəri şiddətlənən intriqası son aylarda (illərdə) daha da şiddətlənib. Bunun ciddi səbəbləri var. Məsələ ondadır ki, həmin dövlətlər İrana, İran da onlara qarşı aqressiv xarici siyasət yeridir.
Son vaxtlar isə İran riskli bir yola girmiş kimi görünür. Onu dünya və region üçün təhlükəli sayanların sayında artım var.
Bu günlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın regional siyasəti haqqında suala belə cavab verib: “İranın bölgə üçün təhlükə olduğu göz önündədir. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və İranın regionda və bəlkə də ondan kənarda sabitliyi pozan təsirinə qarşı müqavimət göstərməyə davam edəcəyik”.
Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib: "Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?"
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İrana bağlı bir terror qrupunun bu yaxınlarda Londonda fəaliyyət göstərən fars dilli telekanalın iki britaniyalı-iranlı jurnalisti öldürməyi planlaşdırdığı barədə informasiyaya münasibət bildirərək deyib:
“Mən bu gün İran nümayəndəsini çağırdım, jurnalistlərin və ya Böyük Britaniyada yaşayan hər kəsin həyatına qarşı təhdidə dözməyəcəyimizi açıq şəkildə bildirdim”.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat tviterdə İranın təhdidlərinə qarşı yazıb: “Təklif edirəm ki, ittihamlara vaxt itirməyək, faktlarla danışaq. Artıq həftələrdir ki, İranın terror hücrələri hökumətin göstərişi ilə Türkiyə torpaqlarında günahsız israilliləri öldürməyə çalışır”.
ABŞ Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi İranın Səudiyyə Ərəbistanına hücum etməsi ehtimalından danışarkən deyib: “Biz hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq və bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etməkdən çəkinməyəcəyik”.
Türkiyənin Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın son günlər İran rəsmilərinin Türkiyənin ünvanına söylədikləri fikirlərə cavab verərkən bildirib.
“İranın bölgədəki məsələlərdə nüfuzunu artırmağa çalışdığını görməyə bilmərik. “Ora rejimin dəvəti ilə getdik” arqumenti bizim üçün qəbuledilməzdir. İran hansı rejimlə əməkdaşlıq edib? 600 min insanı qətlə yetirən bir hökumətlə əməkdaşlıq etmək nə dərəcədə qanunidir? İŞİD-ə qarşı mübarizəmiz, fəaliyyətimiz, verdiyimiz şəhidlər ortadadır. Türkiyə bu gün İŞİD-ə qarşı mübariəzinin ön cərgəsindədir. Bunu təqdir etməkdənsə, Türkiyəyə qarşı diqqətə almadığımız tənqidlər eşidilir”.
Bunlar bu ay ərzində böyük dövlətlərin rəsmi şəxslərinin İrana yönəlik açıqlamalarıdır və deyilənlərin məzmunundan da görünür ki, münasibətlər heç də dostcasına deyil.
Hələ buraya Ukrayna liderlərinin, Hollandiya, İsveç, Norveç kimi ölkələrin rəsmi şəxslərinin də İranı qınayan bəyanatlarını əlavə etmək olar.
Regionda isə İrana yaxın duran bir Rusiyadır, bir də Ermənistan. Onları bir araya gətirən səbəb təbii müttəfiq olmalarıdır. Rusiya İranın silahından, dəstəyindən NATO və Ukraynaya qarşı yararlanır, İran isə məruz qaldığı sanksiya və embarqoları Rusiya vasitəsilə dəlmək istəyir. Onlar ortaq tale “dost”larıdır. Bu dostların arasında qalan Ermənistan isə rəsmi Tehranın Azərbaycana bəslədiyi düşmən münasibətdən faydalanmaq əzmindədir.
Yerdə qalan region dövlətləri İranla dost deyilər. Tarixi İran-İraq düşmənçiliyinin yerini alan İsrail-İran düşmənçiliyinə son illərdə İran-Səudiyyə düşmənçiliyi əlavə olunub. Bu iki dövlətin arasında Yəmən münaqişəsi var. İranın Ərəb\Fars körfəzində yerləşən ölkələrə münasibəti də düşməncəsinədir. Ortada BƏƏ-nin İran tərəfindən işğal edilən 3 adasına görə konflikt mövcuddur.
Son həftələrdə İran-Əfqanıstan sərhədində baş verən silahlı toqquşmalar göstərir ki, hansısa tərəfin günahı üzündən orada da münaqişə ocağı çatılmaqdadır.
Bunlar azmış kimi, İran indi də Azərbaycanla münasibəti son dərəcə gərginləşdirib.
Yuxarıdakı açıqlamalardan da görünür ki, anti-İran koalsiyasının başında ABŞ durur. Bu iki dövlət arasında münasibətlər 1979-cu ildə baş verən islam inqilabından sonra pozulub. O zaman İranın yeni rəhbərliyi ABŞ-ın bölgədəki nüfuzuna ağır zərbə vurub, ABŞ şirkətlərini böyük maddi ziyana uğradıb. Bundan daha ağır zərbə isə bir dəstə iranlı tələbənin ABŞ səfirliyinin 52 əməkdaşını 1979-cu ilin 4 noyabrından başlayaraq 444 gün ərzində girovluqda saxlaması olub.
Bu hadisə ABŞ-da hələ də unudulmayıb, hər il qeyd olunur və İrana qarşı cari nifrəti daha da artırır. O vaxtdan bəri ABŞ-la İran arasında diplomatik əlaqələr yoxdur.
ABŞ-la münasibəti pis olan ölkənin Böyük Britaniya ilə “dost-qardaş” ola bilmədiyi gerçəkliyi bu məsələdə də özünü göstərir. Ancaq rəsmi Londonun İranla öz intriqası da var. Bu, 1989-cu ildə İranın ali dini lideri Ruhulla Xomeyninin Böyük Britaniya vətəndaşı, yazıçı Salman Rüşdiyə ölüm hökmü kəsməsi ilə bağlıdır. Britaniya rəhbərləri bu hökmün ləğv edilməsi, Rüşdinin təqib olunmaması, terrora məruz qoyulmaması üçün İranın sonrakı ali rəhbərinə və prezidentlərinə dəfələrlə müraciət etsələr də, hər dəfə sözləri yerə düşüb. Bilindiyi kimi, bu yaxınlarda, 33 ildən sonra olsa da, S.Rüşdinin həyatına sui-qəsd cəhdi olub və bu hadisə də İranın “terrorçu dövlət” reputasiyasını bir daha təsdiq edib.
Elə Ceyms Kleverlinin yuxarıda iqtibas etdiyimiz fikirləri də həmin əndişədən doğur, ingilslər hesab edirlər ki, İran Londonda jurnalistlərə qarşı terror aktı törətməyə qadir və hazırdır.
İranın İsraillə intriqası guya ki, Fələstin torpaqları ilə bağlıdır, amma bunun bəhanədən başqa bir şey olmadığı aydındır. Necə olur ki, Fələstin ərəbləri ilə eyni dinə, məzhəbə etiqad edən digər ərəb dövlətləri artıq İsraillə əməkdaşlıq edirlər, amma sünni ərəblər tərəfindən “rafizi” adlandırılan iranlılar başqa vaxt “Yezid törəmələri” adlandırdıqları ərəblərdən ötrü cəngə çıxır?
İsrail isə İranın nüvə silahı əldə edəcəyi təqdirdə bu kiçik yəhudi dövlətini Yer üzündən siləcəyinə dair təhdidlərini ciddi qəbul edir.
Türkiyənin İranla səmimi dost ola bilməməsinin şərtləri çoxdur. Buraya Türkiyəni bölmək istəyən PKK-ya yardımdan tutmuş iranlı siyasi, dini liderlərin, təbliğatçıların vaxtaşırı 500 il əvvəlki Səfəvi-Osmanlı müharibəsini xatırlamaları, tarixi məğlubiyyəti həzm edə bilməmələri daxildir. Üstəlik, İranın Azərbaycana qarşı aqressiv davranışı Türkiyənin nüfuz dairəsinə müdaxilə etmək anlamına gəlir.
Beləliklə, xarici dövlətlərlə ciddi münaqişələrin içinə girmiş İran dövləti həm də daxildə vətəndaş itaətsizliyi ilə üz-üzədir və iki aya yaxındır ki, öz daxilində sabitliyi bərpa edə bilmir.
Əslində bu durumda olan dövlət öz xarici siyasətinə yenidən baxmalı, qonşuları ilə münasibətini normallaşdırmalıdır. İranı idarə edənlərin isə bu niyyətdə olmadığı görünür. Onlar əvvəlki illərin təcrübəsinə dayanaraq hesab edirlər ki, ABŞ da, İsrail də, o biri dövlətlər də İranla münasibəti son həddə qədər pisləşdirsələr də, lap axırda dayanacaq, geri çəkiləcəklər, həlledici addım atmayacaqlar.
Xalid Kazımlı
Müsavat
Paylaş: