Ermənistan rəsmilərinin son müsahibələri bir sıra siyasi mesaj və təkliflərlə yadda qaldı.
Qarabağa iddiaların əsassız olmasını Paşinyan son müsahibəsində etiraf edir. Müsahibədə bütün dünya ölkələrinin “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirən Paşinyan, nümunə kimi Lissabon sammitinin qərarını və 1993-cü il BMT Təhlükəsizlik Şurası qətnamələrini qeyd edir. Paşinyan, erməniləri “xülyalara qapılmamağa” çağırır: “Belə vəziyyətdə Ermənistanı və “Dağlıq Qarabağı” fəlakət qarşısında qoymaq istəmiriksə, bütün dünyaya qarşı təkbaşına mübarizə” aparmamalıyıq.
Paşinyana görə, Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır. Madrid prinsipləri çərçivəsində Qarabağda referendumun keçirilməsinə razı olan S. Sarkisyan, Paşinyanın fikrincə, 1991-ci il referendumunun üstündən xətt çəkib. Bütün bunlardan Paşinyan belə qənaətə gəlir ki, Ermənistanın yeni nəzəri bazaya ehtiyacı vardır.
“Yeni nəzəriyyə” Qarabağa ərazi məsələsi kimi yox, əhalinin hüquq və təhlükəsizlik məsələsi kimi baxılmasını özündə ehtiva edir. Paşinyan müsahibədə məsələni belə formada təqdim etməyə çalışır ki, guya Ermənistan Azərbaycanın, hətta Qarabağla birlikdə ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Paşinyan Azərbaycanı Qarabağın erməni əhalisinə təhdid, təcavüz, etnik təmizləmə və soyqırıma hazırlıqda ittiham edərək, Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşaya bilməməsi narrativini əsaslandırmağa çalışır. Dolayısı ilə Paşinyan deyir ki, öz hüquq və təhlükəsizliyini Azərbaycanda təmin edə bilməyən ermənilər “xilas naminə ayrılmaq” prinsipi ilə müstəqil olmağa, “xilas naminə birləşmək” prinsipi ilə isə Ermənistana birləşməyə çalışırlar.
Müsahibədə Azərbaycanla sülh sazişinin mümkün variantlarına da toxunulub. Paşinyana görə, sülh sazişi ümumi məsələləri əhatə edən çərçivə sənədi formasında və daha geniş tərkibli sülh sazişi variantında mövcuddur. Müsahibədən aydın olur ki, Paşinyan məhz 1-ci varianta meyl edir.
Paşinyanın fikrini Ermənistanın Təhlükəsizlik Şurası (TŞ) katibi A.Qriqoryan Civilnet-ə verdiyi müsahibədə inkişaf etdirir. Qriqoryana görə, “Qarabağ problemini həll etmədən və ya heç olmasa onun necə həll olunacağına aydınlıq gətirmədən” Azərbaycanla sülh müqaviləsinin imzalanmasını qeyri-mümkündür. Onun fikrincə, Ermənistan Bakının təqdim etdiyi 5 prinsip və onun “genişləndirilmiş variantı üzərində işləyib”, onu 7 noyabrda Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə təqdim edib. Qriqoryanın çıxışında iki xətti müəyyən etmək olar:
1. İrəvan sülh sazişinin ilin sonuna qədər imzalanmalı olduğunu dərk edir. Bu, Bakının “ultimatumu” və ABŞ-ın tələbidir. Sazişin ilin sonuna qədər imzalanmalı olduğu 27 sentyabr tarixli “Vaşinqton sənədində” də qeyd edilir. Qriqoryana görə, sülh sazişinin əsasını Azərbaycanın təqdim etdiyi 5 prinsip və əlavə elementlər təşkil etməlidir.
Aydındır ki, istənilən formada “status”a Bakının etirazına görə, 5 prinsip və “əlavə elementlər” sülh sazişinin mətnində ola bilməz. Belə şəraitdə Ermənistan bir tərəfdən təxribatçı bəyanatlar verməklə, digər tərəfdən isə Rusiya və Fransanın əli ilə Qarabağ məsələsini fərqli formatda qabartmağa və gündəlikdə saxlamağa çalışır. Ermənistan Qarabağ ilə bağlı hər hansısa bir sənədin, hətta sülh sazişində olmasa belə, qəbul edilməsinə çalışır. Buna görə də Paşinyan Xovayevlə son görüşü zamanı Rusiyanın təklif etdiyi varianta razı olduğunu dedi. Fransanın 15 noyabr qətnaməsində isə qondarma qurumun tanınmasının və bu tanınmanın danışıqlar vasitəsinə çevrilməsinin zəruriliyi bəyan edildi.
2. Bu cür çıxışlar ilin sonuna qədər sülh sazişi bu və ya digər səbəbdən imzalanmayacağı təqdirdə Bakının adekvat addımlarını qabaqlamağı nəzərdə tutur.
Bir tərəfdən Qriqoryan timsalında Ermənistan Azərbaycanla danışıqlara açıq olduğunu və “sülh prosesinin çərçivələrinin getdikcə daha da müəyyənləşdiyini” bildirir. Digər tərəfdən isə İrəvan rəsmiləri fərqli bəyanatlarla Prezidentin 8 noyabr çıxışını Ermənistana hücuma hazırlığı kimi təqdim etməyə çalışır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: