Kamal Əliyev
“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bəyan edib ki, onun hökuməti Qarabağ probleminin həlli istiqamətində yeni həll variantını Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın dediklərini analiz etməzdən əvvəl onu vurgulayım ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin erməni baş nazirinə zəngi və təmasdan sonra sülh müqaviləsinin imzalanması istiqamətində müsbət dinamikanın davam etdirilməsi haqqında münasibət bildirməsi bizə onu göstərir ki, Vaşinqton yekun sülh müqaviləsinin imzalanmasını istəyir. Hətta bir az da dərinə gedərək deyə bilərik ki, Vaşinqton konkret olaraq Paşinyanı tələsdirir və tərəfləri müsbət momentumdan faydalanmağa çağırır. E.Blinken daha sonra Azərbaycan prezidentinə zəng vurur və bu təmasda da əsas müzakirə mövzusunun sülh müqaviləsi olduğu məlumdur.
İndi keçək N.Paşinyanın Azərbaycan tərəfinə təqdim etdiyi sülh layihəsinə.
Şübhəsiz ki, Paşinyanın söylədikləri arasında Rusiyaya açıq sitəm var. Belə ki, erməni baş nazir deyir ki, Azərbaycan silahlıları Ermənistanın “işğal edilmiş” ərazilərini 2021-ci ilin mayın 11-dək mövcud olan mövqelərə azad etməlidir. Paşinyan bu kontekstdə deyir ki, dünya ictimaiyyəti bu istiqamətdə Ermənistanın mövqeyini müdafiə edib, halbuki bunu KTMT etməliydi. Gördüyünüz kimi, Paşinyan KTMT deyərkən, daşı Rusiyanın bostanına atır. Yəni N.Paşinyan Putinə deyir ki, bax, sənin etməli olduğunu beynəlxalq ictimaiyyət (Qərb) edir. Və bununla Paşinyan ayın 23-də Yerevanda keçirələcək KTMT-nin zirvə görüşü ərəfəsində V.Putinə siqnal ötürür.
N.Paşinyan onu da deyir ki, Azərbaycan tərəfini "Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə baglı birbaşa söhbətə "başlamağa çağırıb. Erməni baş nazirə görə, bu, "Rusiyanın mövqeyidir" və "Dağlıq Qarabağın statusu məsələsinin deyil", Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiə edilməsinin təminatıdır. Paşinyan bu məsələdə açıq hiyləgərlik edir və doğru deyir ki, bu Rusiyanın istəyidir. Etiraf edək ki, Paşinyan həqiqətən də bu məsələdə Rusiyanın Qarabağla bağlı geosiyasi mövqeyini səsləndirir. Bilirik ki, Rusiya Qarabağdakı etnik ermənilərin statusunu gələcək tarixə saxlamaq istəyir. Elə bu nöqteyi-nəzərdən Rusiya Ruben Vardanyanı Xankəndiyə göndərməklə prinsipcə Qarabağı gələcəkdə Azərbaycandan minumum defakto qoparmağı hədəfləyib. Paşinyan da düşünür ki,Qarabağdakı ermənilərlə bundan sonra Rusiya və onun Xankəndidəki canişini R.Vardanyan məşğul olsun. Təəssüflər olsun ki, Paşinyan Putinlə pərdə arxasında oyun oynayır və bu, gələcəkdə Qarabağda defakto yeni status-kvonun ortaya çıxmasıyla nəticələnə bilər. Təbii ki, bu, ən pis variantdır. Ancaq proseslər sanki o istiqamətdə gedir.
N.Paşinyan onu da deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında "ermənilərin hüquqları və təhlükəsizliyi haqqında beynəlxalq səviyyədə görünən söhbət" olmalıdır. Erməni baş nazirin fikrincə, regional kommunikasiyaların açılması Bakı üçün eskalasiya səbəbi deyilsə, o zaman məsələni həll olunmuş hesab etmək mümkündür. Paşinyanın son dövrdə dediklərini də bu sıraya əlavə etsək, artıq deyə bilərik ki, "Zəngəzur koridoru" məsələsi öz aktuallıgını itirir. Hətta Əliyev hökumətinə yaxın media da son dövrlər "Zəngəzur koridoru" mövzusuna diqqəti azaldıblar. Nəticə olaraq Zəngəzurdan keçməsi ehtimal olunan regional xətt eksterritorial deyil, daha çox marşrut xətti kimi fəaliyyət göstərəcək. Paşinyan hökumətinin istədiyi də elə bu deyildimi?
Paylaş: