2016-cı ildə aprel döyüşlərindən sonra Rusiyanın ölkəmizdəki 5-ci kolonunun hərəkətə keçdi və bir çox təxribatlara əl atdı. Sanki bununla hansısa gizli əl Moskvanın təsir dairəsindən çıxmağa çalışan, rus imperializminin ölkəmizdə qurduğu “siyasi-inzibat minaları” təmizləməyi planlaşdıran rəsmi Bakını zərərsizləşdirmək istəyirdi.
Təxribatlar əsasən 2 istiqamətdə aparılırdı. Bunlardan biri Tərtər hadisələri, digəri isə Naxçıvan MR-nın müstəqillik təşəbbüsləri idi. Tərtər hadisələrinin ümumi məzmunu bir çoxlarımıza bəlli olduğundan bunun üzərində çox dayanmaq istəmirik. Sadəcə onu xatırlatmaqla kifayətlənirik ki, bu hadisələr 2017-ci ilin aprel-iyun aylarında baş vermişdi. Həmin dövrdə aprel döyüşlərində fərqlənən əsgərlərimiz Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qalmışdılar. Onların ifadələrinin alınması, “istintaq” prosesi zamanı öldürülməsi, əlil edilməsi, “təqsirkarlar”ın müxtəlif üsullarla məcbur edilərək etirafedici ifadələrə imza atdırılması kimi cinayətlər hələ də açılmamış qalır.
Naxçıvan MR-da isə paytaxta itaətsizlik daha erkən, mərhum prezident Heydər Əliyev dünyasını dəyişib İlham Əliyev hakimiyyətə gəlməsilə başlamışdır. Yəni 2003-cü ildən. Hər dəfə paytaxtdan küsəndə MR media orqanlarında gənc prezidentin adının çəkilməsi qadağası ilə müşayiət olunan bu ilkin başqaldırılar getdikcə daha ciddi xarakter almışdı. Naxçıvan-Bakı arasında qopuşun qırılma nöqtəsi isə Tərtər hadisələri ilə eyni vaxta düşür. Məlum olduğu kimi, 2017-ci ildə Prezident İlham Əliyev Naxçıvan MR-ın sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun yerinə Azərbaycan DİN-in kadrlar idarəsinin rəisi Rafiq Abbasovu təyin etmək istəmiş, “xan” həzrətləri isə bu istəyi geri çevirmişdi. Məhz həmin vaxtdan etibarən paytaxtdan Naxçıvana göndərilən hərbi qulluqçu və polislərə “Bakının casusu” kimi baxılmış və onlar ən müxtəlif basqılara məruz buraxılaraq işdən uzaqlaşdırılmışdır. Ardınca da bir çox idarələrin adından Azərbaycan Respublikası sözü çıxarılmış və tamamilə Naxçıvan MR-ə bağlı qurumlar formalaşdırılmışdır.
“Xan”sayağı “sünnətləndirilərək” Naxçıvanlaşdırılan belə qurumlardan biri də SOCAR-ın Culfa rayonunda fəaliyyət göstərən Naxçıvan Qaz İstismar Xidmətidir. Xidmətin digər muxtar qurumlardan fərqli olaraq tam müstəqilləşməsi 2019-cu ilə təsadüf etsə də, bu idarədə də 2017-ci ildən etibarən, Azərbaycana tabesizliyin ilkin əlamətləri görünməyə başlayır.
“Qara Pişiy”in bildirdiyinə görə, 2004-cü ildə Naxçıvana yeni qaz xətləri çəkmək üçün Azəriqaz İstehsalat Birliyinin Naxçıvan filialı yaradılır. 2010-cu ildə Vasif Talıbovun sərəncamı ilə bu filial ilk “müstəqillik bəyannaməsi”ni elan edərək Azəriqaz İstehsalat Birliyinin tərkibindən çıxır və Naxçıvan Qaz İstehsalat Birliyinə çevrilir. 2019-ci ilin noyabr ayında isə Vasif Talıbovun imzaladığı yeni sərəncamla Naxçıvan Qaz İstismar Xidməti adını alır. Maraqlıdır ki, bu dəyişim sadəcə adla da qalmır. Qurum “müstəqilləşəndən” sonra tamamilə yeni qaydalarla işləməyə başlayır.
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq Naxçıvan Qaz İstismar Xidməti əsl metamorfoza prosesi keçirir; işçilərin yarısı evə buraxılır, digər yarısı isə işdə saxlanılmaqla məzuniyyətə göndərilir. Həmin ilin aprel ayı ərəfəsində Səbuhi Məmmədovun təkidi ilə ştat sayı azaldılaraq bir çox işçilər də işdən azad edilir”, - “Qara Pişik” belə deyir.
Onun sözlərinə görə, pandemiya vaxtı evə buraxılana qədər hamıya maaşından əlavə pul verilirdi. MR Maliyyə Nazirliyi onu da kəsir. Daha sonra Qaz İstismar Ximdətinin tərkibində evlərə qaz çəkilməsi ilə məşğul olan xüsusi MMC yaradılır. "Naxçıvanqaz" Servis MMC adlı bu qurum özəl şirkət kimi fəliyyət göstərsə də, işçilərin maaşları Maliyyə Nazirliyindən verilir. Nəticədə hər yeni durbanın metrajından və bəzi hissələrdən yeyintilər başlayır, büdcə talan olunur.
“Naxçıvan MR Qaz İstismar Xidmətinə ayrılan yanacaq pulundan ay sonuna saxlanılan vəsaitlər ciblərə gedir. Yanacağı talonlar vasitəsi ilə mənimsənilən külli miqdarda vəsait “xan”ın vəzifəyə təyin etdiyi şöbə müdirlərinə çatır. İşçilər isə az maaşla yetinir”, - mənbəmiz vurğulayır.
İki ay bundan əvvəl Xidmətdə Ali Məclis tərəfindən yoxlamalar aparıldığını deyən mənbəmiz korrupsiya iddiası ilə bir neçə nəfərin işdən çıxarıldığını bildirir - müdir və o müdirə aid olmayan iki işçi: “Yenə öz bildikləri kimi işlərini davam etdirirlər. Qazdan-neftdən anlayışı olmayan insanları, yəni öz qohumlarını yığıb doldurublar iş yerlərinə. Bəs savadlı kadrlar nə etsin? Kimsə buna etiraz edəndə isə dəli adlandıraraq dəlixanaya göndərilirlər”.
Maraqlıdır ki, Azərbaycanın müvafiq qurumlarının Naxçıvanda apardığı struktur islahatları da Naxçıvan Qaz İstismar Xidmətindən yan keçmiş kimidir. Əksinə, yoxlamalar bu xidmətdə korrupsiyanın çiçəklənməsinə yol açıb: “Yoxlamalardan əvvəl aşağı təbəqəli işçini 1500 manat işə götürürdülərsə, indi işə düzəlmə məbləği 2000 manata yüksəlib. Müdir vəzifəsinə təyin olunan savadsız qohumlardan belə, pul alırlar. Onlar bunun üçün 5000 manat verməlidirlər”, - deyən “Qara Pişiy”in iddiasına görə, iş təyinatından yığılan rüşvətin çoxu Azər Zeynalova gedir.
Həmsöhbətimizin iddiasına görə, hər bir abunəçiyə qaz çəkimi 300-1000 manata başa gəlir – abunəçinin sənədi olsa da, olmasa da: “Qaz satışı ən gəlirli sahədir deyə artıq maşınlara verilən yanacaqlar, vətəndaşlara çəkilən qazlar üzərində yeyintilər daha da artdı. Bunun müqabilində xidmət müdiri özünə təzə maşın aldı - Toyota Rav 4”
Mənbəmiz işçilərin paketin kəsməsindən də gileyləndi: “İşçilərə ildə bir neçə dəfə 50 manat bayram pulu verirdilər. Keçən il baxdılar ki, səs-küy qalxacaq, bu ödənişi qaldırıb maaşın 30%-i etdilər. Halbuki digər qurumlarda 3 aydan bir öz əmək haqqının bir və ya iki mislində mükafat alırlar. Məsələn, Dövlət Energetika İdarəsində maaşdan başqa onun bir misli dəyərində əlavə ödəniş verilir. Hərçənd orda da mükafatların bir mislini yığıb göndərirlər lazım olan yerlərə”.
Həmsöhbətimizin bildirdiyinə görə, Naxçıvan Qaz İstismar Xidmətinin adı Muxtar Respublikanın rəsmi qurumları arasında da çəkilmir. Bunun səbəbi isə həmin idarənin “xan”a, Naxçıvanın Baş naziri Səbuhi Məmmədova və “Boz kardinal” Azər Zeynalova aid olmasıdır. “Bu ilin sentaybr ayında Azər Zeynalov Ramin İsmayılov birgə oyun quraraq güya yeyinti var bəhanəsi ilə Əli Səfərli Fəxrəddin oğlu adlı birini qaz çəkilişinə baxan direktor təyin etdilər. Sabiq direktoru yeyinti ittihamı ilə işdən uzaqlaşdırdılar”.
Paylaş: