Ötən həftə tarixi London Qülləsində Britaniya və Yaponiya arasında önəmli müdafiə anlaşması imzalanıb. Yeni pakta əsasən, dövlətlər bir-birinin ərazisində hərbi qüvvə yerləşdirə biləcək və birgə hərbi təlimlər intensivləşdiriləcək.
Rusiyanın Ukraynanı işğalından sonra İkinci Dünya müharibəsinin məğlub cəbhəsi, mövcud dünya nizamının hərbisizləşdirilmiş iki ölkəsi olan Almaniya və Yaponiyanın yenidən hərbi gücə çevrilməsi gündəmə gəldi. Hazırda ABŞ-ın protektorluğunda olan hər iki dövlətin hərbi potensialını artırılması üçün yaxın gələcəkdə yüzmilyardla dollar xərcləməsi gözlənilir.
Ancaq bu məsələdə Yaponiyanın Almaniyadan daha həvəsli və prinsipial olduğu görünür. Bunun görünən bəlli səbəbləri var: Almaniya zəifləyən böyük gücün (Rusiya), Yaponiya isə yüksələn böyük gücün (Çin) yaxınlığında yerləşir. Yəni, almanlardan fərqli olaraq, yaponlar təhdidin getdikcə gücləndiyini görür. Digər tərəfdən, Yaponiya həm Rusiya, həm də Çinin qonşusudur və hər iki böyük dövlətlə ərazi münaqişəsi var. Rusiya və Çinin aktivləşməsi Yaponiyaya qarşı təhdid dərəcəsini artırır. Üçüncü və ən önəmli faktor, dünya geosiyasətinin mərkəzi ABŞ-Çin mübarizəsi səbəbilə Yaponiyanın da yerləşdiyi Uzaq Şərqə sürüşür. Buna görə də, Yaponiya yeni proseslərə hərtərəfli hazırlaşmalıdır.
Yeni proseslərdən biri də yəqin ki, ABŞ nəzarətində Çinə qarşı “Asiya NATO”-sunun yaradılmasıdır və sözsüz ki, Yaponiya bu təşkilatın başlıca güclərindən biri olacaq. Yəqin ki, Britaniya-Yaponiya müdafiə paktı bu prosesin bünövrələrindən birini təşkil edir.
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəzi
Paylaş: