Xəbər lenti


Kamal Əliyev

“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq


İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə qarşı təşkil edilən terror hücumu, bir nəfərin öldürülməsi və iki nəfərin yaralanması ətrafında söz-söhbətlər, spekulyasiyalar davam edir. Şübhəsiz ki, məlum insident bir terror aktıdır və ən böyük məsuliyyəti də İran hakimiyyəti daşıyır.

 

Rəsmi Tehran hər vəchlə məlum terror aktını “şəxsi motiv”, “ailə problemi” kontekstində interpritasiya etməyə çalışsa da, təhlükəsizlik kameralarının köməyi ilə və hadisəni törətmiş terrorçu Yasin Hüseynzadənin polisə verdiyi ifadələrdən belə anlaşılır ki, hadisə əvvəlcədən planlaşdırılıb.

 

Buna baxmayaraq,yuxarıda da vurguladığım kimi,səfirliyə qarşı edilmiş terror hadisəsi Azərbaycan cəmiyyətinin müxtəlif seqmentləri tərəfindən özünəməxsus şəkildə şərh edilir.Diqqətimi çəkən məqam isə budur ki, Azərbaycan cəmiyyətindəki “iranmeyilli” və “avrasiyaçı” qruplar arasında Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktında düşünmədən,analiz etmədən Qərb və “sionist” barmağı axtarmalarıdır.

 

Yəni,”iranpərəstlər”və “avrasiyaçılar”iddia edirlər ki, ABŞ və İsrail Azərbaycanda İrana qarşı ikinci cəbhə açmaq istəyir və ona görə də Tehrandakı terror aksiyasında bu ölkələrin də əli ola bilər. Məsələyə hansı prizmadan baxsan Azərbaycandakı Rusiya və İran sempatizanlarının nə qədər absurd arqument(lər)ə sarıldığını görməmək mümkün deyil. Hətta İran hökuməti, bu ölkənin hüquq mühafizə orqanları,mühafizəkarlara və islahatçılara yaxın medi ada insidenti daha çox “şəxsi motiv”kontekstində şərh edirlər. Mən hələ indiyə qədər bizim iranpərəstlərdən və avrasiyaçılardan fərqli olaraq, İrandakı rejimin təmsilçilərindən bir dəfə də olsun Azərbaycan səfirliyinə edilən hücumda ABŞ və İsraili günahlandırdıqlarını duymamışam.

 

Digər tərəfdən, Azərbaycandakı “avrasiyaçılar”və “iranpərəstlər” bir az da irəli gedərək hadisəni daha fetişləşdirərək deyirlər ki, NATO Azərbaycanda yerləşmək, Rusiya və İranla olan haqq-hesabı bizim hesabımıza həll etmək istəyirlər. Belə olan təqdirdə, azərbaycanlılar terror hadisəsini bəhanə gətirərək, Rusiya və İranın əleyhinə aqressiv fikirlər bəyan etməməli, SEPAH-ı bu işdə günahlandırmamalıdırlar. Belə çıxır ki, İrandakı rejimin birbaşa məsuliyyət daşıdığı bu terror hadisəsini biz Azərbaycana tarixən düşmən kəsilən İranda deyil, okeanın o tayında-ABŞ-da və Yaxın Şərqdə yerləşən yəhudi dövlətində axtarmalıyıq .Ölkədəki “iranpərəstlər” və “avrasiyaçılar” o qədər gülünc arqumentlər irəli sürürlər ki, analitik məntiqlə bunu təhlil etmək müşkül məsələyə çevrilir.

Sadəcə, bu insanların nəzərinə onu çatdırmaq istəyərdim ki, azərbaycanlılar (böyük əksəriyyət) nə İran,nə də Rusiya ilə savaşmaq istəyirlər. Hətta bu ölkələrin də indiki geopolitik kataklizimlərin yaşandığı periodda Azərbaycanla hər hansı hərbi eskalasiyaya can atdıqlarını düşünmürəm. Üstəlik, 2022-ci ilin fevralın 22-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında Moskvada iki ölkə arasında 43 maddədən ibarət”strateji tərəfdaşlıq”sazişi imzalanıb. Məntiqlə düşünsək,” avrasiyaçılar Azərbaycan və Rusiya arasında imzalanmış sənəddən məmnun olmalıdırlar.

Ancaq bizim ölkəmizdəki İran və Rusiya tərəfdarlarını birləşdirən “tellər”, təbii ki, başqadır. İran Rusiyanın Ukraynadakı işğal siyasətinə siyasi və hərbi dəstək verir.


Bundan əlavə, Tehran və Moskvadakı hakim zümrələr və siyasi zehniyyət demokratiyaya, plüralizmə, liberal demokratiya, insan hüquq və azadlıqlarna bəslədikləri kini gizlətmirlər. Təbii ki, bu sırada Rusiya və İranla yanaşı Çini və Şimali Koreyadakı rejimləri də göstərə bilərik.

Diqqətimi bir detal da çəkir ki, bu da Avrasiyaçılıgın ideoloqu Aleksandr Duqinin düşüncələri ilə İranın ali rəhbəri Seyid Əli Xamaneinin şiə islamı ideologiyasının bir-biri ilə örtüşməsidir. Əslində, bətnindəki provaslavlıqla avrasiyaçılıgı birləşdirən bir ideologiyanın İrandakı cəfəri şiəliyi ilə eyni cərgədə olması qeyri-adekvatdır. Lakin hər iki ideologiyanın fundamenti anti-demokratiyadır. Və təəssüflər olsun ki, hər iki ideologiya Azərbaycanda özünə xeyli tərəfdar toplaya bilib. Bu isə olduqca təhlükəli tendensiyadır. Çox təhlükəli situasiya ilə üz-üzəyik. Diqqətli olmalıyıq.





Ana səhifəyə qayıt        Baxış: 5 910          Tarix: 29-01-2023, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma