I Hissə
İranın mürəkkəb siyasi sistemi onun xarici siyasətinin də yetərincə mürəkkəb, hətta bəzi hallarda kənar müşahidəçilər üçün anlaşılmaz olmasını şərtləndirir. Digər tərəfdən, dəyişən beynəlxalq şərait İranın xarici siyasət kursunda da bəlli dəyişikliklərə səbəb olub. Ölkənin xarici siyasət kursuna dəyişən maraqlarla yanaşı, müxtəlif siyasi qrup və qurumların təsiri qeyd olunmalıdır. Başqa sözlə, siyasi sistem və bütövlükdə cəmiyyətin mürəkkəb daxili strukturundan qaynaqlanan fərqli mənafelərin artan və ya azalan təsirləri Xarici İşlər Nazirliyinin aparıcı rolunu məhdudlaşdıran faktorlar kimi çıxış edir.
AMTŞ → XİN
İki il öncə İranın ali rəhbəri Xameneyi dünyanın heç bir ölkəsində XİN-in xarici siyasəti təyin etmədiyini qeyd edib, İranda da xarici siyasət ilə bağlı qərarların qəbulunun XİN-in ixtiyarında olmadığını bildirdi: “XİN icraçıdır. Bizim ölkədə... Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) var, bütün yüksək vəzifəli şəxslər orada iştirak edirlər, qərarlar qəbul olunur, sonra XİN öz metodları ilə onları icra etməli və həyata keçirməlidir”.
Xameneyidən bir neçə gün əvvəl sabiq prezident Həsən Ruhani də oxşar yanaşma təqdim etmişdi: “Ölkənin xarici siyasəti və müdafiəsi ilə bağlı bütün mürəkkəb məsələlər AMTŞ-da müzakirə olunur. Adi siyasi işləri XİN həyata keçirir, amma xarici siyasətə dair mühüm məsələlərə hökmən AMTŞ-da baxılır. AMTŞ ona görə yaradılıb ki, orada hakimiyyətin üç qolunun rəhbərləri iştirak edir, ölkənin hərbi və mülki orqanları təmsil olunur, hərbi və siyasi qurumların başçıları bir yerə toplanır. Araşdırıb müzakirə edirik və sonda qəbul olunan hər bir qərar ali rəhbər tərəfindən təsdiq olunmalıdır”. (Hərçənd AMTŞ-ın 13 üzvündən ikisi, o cümlədən Şuranın katibi (2013-cü ildən bu vəzifəni admiral Əli Şəmxani tutur) də ali rəhbər tərəfindən təyin olunur).
AMTŞ-da xarici siyasətə dair verilən qərarların ali rəhbər Ayətullah Xameneyi tərəfindən təsdiq olunma mexanizmi isə aydın deyil. Bu işdə şəffaflıqdan uzaq Xameneyinin ofisi (Beyt-e Rəhbəri) əsas rol oynayır. Bu ofis vasitəsilə isə başqa bir orqan – İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) dövriyəyə girir.
Xarici siyasət subyekti – Sepah
Sepahın İran xarici siyasətində təsiri və rolunun artması Mahmud Əhmədinejadın prezidentliyi dövrünə – 2000-ci illərin ortalarına təsadüf edir. Həmin dövrdən etibarən İran xarici siyasətində Məhəmməd Xatəmi dönəmindən fərqli olaraq, anti-Qərb diskursu güclənir və ali rəhbərin tövsiyəsi ilə xarici siyasətdə “Şərqə baxış” strategiyası əsas götürülür. Burada “Şərq” sırf coğrafi anlamdan əlavə, Afrika və Latın Amerikasını əhatə edir. Paralel olaraq İranın nüvə proqramı xarici siyasətin və Qərblə münasibətlərin əsas mövzularından birinə çevrilməyə başlayır və İranın regional siyasətində proksi qüvvələrin təşkili və “bəslənməsi” ön plana çıxır. Bu prosesə qonşu ölkələrdə baş verən proseslər (2001-ci il Əfqanıstan, 2003-cü il İraq) önəmli təsir göstərir.
Beləliklə, qeyd olunan üç amil Sepahın xarici siyasətə təsirinin artmasına səbəb olur. Məhz bu dövrdən etibarən Sepahın “Qüds” qüvvələri və onun komandanı general Qasım Süleymani, özəlliklə regional siyasətdə, söz sahibinə çevrilir. “Ərəb baharı” və İŞİD-in meydana çıxması isə bu mövqeyi daha da gücləndirir. Bütün bunlar regional siyasətdə XİN-in rolunu getdikcə azaldıb, onun formal xarakter kəsb etməsini şərtləndirir. İş o yerə çatır ki, region ölkələrinə səfirlərin təyinatı qeyri-rəsmi olaraq Sepahın ixtiyarına keçir.
2013-cü ildə prezident seçilən Həsən Ruhani Qərblə danışıqlara üstünlük verməklə yanaşı, təkcə xarici siyasətdə deyil, ölkə iqtisadiyyatında da Sepahın mövqelərini zəiflətməyə çalışır. 2015-ci ildə İranla Altılıq ölkələri arasında nüvə razılaşmasının imzalanması Ruhani hökumətinə bu yöndə üstünlüklər qazandırır. Lakin, 2018-ci ildə ABŞ-ın nüvə razılaşmasından çıxması Ruhani-Zərif cütlüyünün Sepahın xarici siyasətə təsirini azaltmaq istiqamətində səylərini və qazandığı müəyyən uğurları heçə endirir və hər şey əvvəlki vəziyyətə qayıtmağa başlayır.
Davamı növbəti hissədə...
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: