Kamal Əliyev,
“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq
Son həftələr, hətta son aylar İran və onun ətrafında baş verən prosesləri analtik məntiqlə analiz etsək, görərik ki, rejim ətəyindəki daşları tökmək üçün hücum etməyə “obyekt” axtarır. Bu gün açıq-aydın konstatasiya etmək olar ki, nüvə danışıqlarında İran üçün hər hansı razılaşma ehtimalı sıfıra enib. Belə ki, Tehran proseslərin gedişatından belə müəyyən edib ki, illüziyalara qapılmagın əhəmiyyəti yoxdur və mümkün olduqca, əbədi düşməni İsraillə müharibəyə hazırlaşmaq lazımdır.
Əslində, İranla paralel olaraq, Benyamin Netenyahunun sağçı koalisiya iqtidarının İsraildə hakimiyyətə gəlməsi İranı daha da aqressivləşdirib.
Üstəlik, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində respublikaçıların Ağ Evdə demokratları əvəzləməsi ehtimalı rejimi olduqca narahat edir. Belə ki, respublikaçılardan fərqli olaraq demokratlar ve Co Bayden adminstrasiyası Fələstində “iki dövlətli” həll planını dəstəkləyir. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netenyahu və Ramallahda Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla keçirdiyi görüşlərdə “iki dövlətli” həll planının vacibliyini vurğulaması kritik detaldır.
İrana gəldikdə isə, rejimin daxilində desentrilizasiya meyillərinin artması, əhalinin hər keçən gün 44 illik islamçı nizama etirazı və iqtisadi vəziyyətin sürətlə kəskinləşməsi Qərbin də diqqətindən yayınmır. Həm ABŞ-İsrail tandemi, həm də Avropa İttifaqı klerikal rejimin tarix səhnəsindən silinməsi üçün münbit situasiyanın yetişdiyinin fərqindədir. Digər tərəfdən, İran hakimiyyəti Rusiyanın Ukraynadakı işğal siyasətinə dəstək verir, işğalçını müxtəlif növ silahlarla təchiz edir. Yəni, bu, o deməkdir ki, İran Rusiya ilə birlikdə Qərbə qarşı faktiki olaraq müharibə vəziyyətindədir.
İran hökuməti həddən artıq qəzəblidir və təmkinli mövqe sərgiləməkdən uzaqdır. Rejim dərk edir ki, ətrafındakı dairə sürətlə daralır və bu, hər an geniş miqyaslı eskalasiya ilə nəticələnə bilər. Şübhəsiz ki, Tehran və Məşhəddəki teokratik elita psixoloji təzyiqlərin getdikcə artdığının fərqindədir və belə olan təqdirdə, mümkündür ki, rejim regionda təxribat(lar)a əl atsın. Bu, küncə sıxılmış teokratik elita üçün olduqca vacibdir. Adətən İran kimi sərt avtoritar və despot rejimlərdə “xarici güclər” məvhumundan geniş istifadə olunur. Düşünürəm ki, hazırda İran hakimiyyəti ona qarşı hərbi hücumun baş verməsini gözləyir. Doğrudur, vaxtaşırı və elə son olaraq İsfahanda silah istehsal edən müəssisələr İsrail (ABŞ-da ola bilər) tərəfindən dronlarla vuruldu, ancaq rejim bu sayaq hücumları bəhanə gətirərək indiki məqamda İsrailə qarşı müharibə elan etməz. Lakin proqnoz etmək mümkündür ki, İran mümkün olduqca böyük müharibəyə hazırlıq görür.
İsraillə müharibə etmək üçün İrana həm daxildə, həm də xaricidə legitimlik lazımdır. Yuxarıda da vurğuladığım kimi, İrandakı 44 illik Vilayəti-Fəqih rejimi “xarici qüvvələr” mövzusundan məharətlə istifadə edib. Bu gün isə bu, bir qədər çətin görünür. Ən başlıcası, İranın önəmli etnoslarından olan kürdlər, ərəblər və bəluclar arasında hakim klerikal elitaya qarşı ciddi narazılıq var. Mümkündür ki, farslardan sonra İranın ikinci ən böyük etnik xalqı olan azərbaycanlılar da münasib mərhələdə rejimə qarşı hərəkətə keçsinlər. Əslində, İbrahim Rəisi hökumətinin də ən çox ehtiyat etdiyi məsələ budur.
Yeri gəlmişkən, İranda yaşayan kürdlər və bəluclar islamın sünni məzhəbinə mənsubdurlar və bu, hakim şiə hakimiyyətinə qarşı bu xalqların xaricidən də dəstək almasına imkan yaradır. O ki qaldı Urandakı etnik azərbaycanlılara, onlar şiədirlər və rejim bu amildən öz məqsədləri üçün istifadə edir. Amma bir həqiqəti də unutmamalıyıq ki, İran tarixində baş vermiş siyasi üsyanların, meydan oxumaların əsas episentri də məhz Cənubi Azərbaycan olub.
Hal-hazırda İranın əsas məqsədi nüvə danışıqları prosesini uzatmaqla, uranın zənginləşdirilməsini 90%-ə çatdırmaqdır. Rejimin strategiyası aydındır: Qərb dövlətləri ilə nüvə danışıqlarını maksimum uzatmaq və mümkün qədər nüvə silahına nail olmaq. Nüvə silahına malik olmaq eyni zamanda, rejimin hakimiyyət ömrünün uzadılması və Tehranın bundan sonra da Yaxın Şərqdə proksiləri vasitəsi ilə “Şiə ayparası” doktrinasının həyata keçirilməsidir.
Buna paralel olaraq, İran hazırda Suriyada Rusiyanı əvəz edir. Bu isə Tehranı Ankara ilə üz-üzə gətirən faktdır. Üstəlik, Ankara-Bakı tandemi də Tehranı narahat edir. Və bu nöqteyi-nəzərdən, Tehrandakı Azərbaycan səfirliyinə hücum, rejimin Ermənistanla yaxınlaşmasını da diqqətlə izləməliyik. Azərbaycan-İsrail münasibətlərinin dərinləşməsi, Təl-Əviv və Ankara arasında buzların əriməsi İranı naranat edir və bu, rejimi təxtibatlara da sövq edə bilər. Nəzərə almalıyıq ki, həm Azərbaycanda, həm də Türkiyədə İranın ağentura şəbəkəsi, ”yatmış hüceyrələri”var və onlar təxribatlara əl ata bilərlər.
Paylaş: