Türkiyədə ard-arda iki şiddətli zəlzələnin baş verməsi dünya dövlətlərinin bu ölkəyə yardım etməsinə yol açıb. Hətta dünənə qədər Türkiyə ilə düşmən olan Yunanıstan belə yardım kampaniyasından geri qalmayıb və digər Avropa ölkələrinə nümunə göstərib. Eyni zamanda bir zamanlar Türkiyə prezidentinin Davos zirvəsində “one minute” xəbərdarlığı ilə araları pozulan və son vaxtlar yeni-yeni yaxın münasibətləri bərpa olunan İsrail də qardaş dövlətə ən çox yardım edənlər sırasındadır.
Rusiyanın təsir dairəsindən qurtulmaq istəyən, bunun üçün Türkiyə üzərindən Qərbə açılmağa can atan Ermənistan da Baş nazir Nikol Paşinyan hökuməti vasitəsilə Ankaraya dostluq əlini uzatmağa çalışır. Son məlumatlara görə, İrəvan artıq 27 xilasedicisini Türkiyəyə yola salıb. Paşinyanın bu təşəbbüsü isə Ermənistanda birmənalı qarşılanmayıb.
Dəryada damla belə omayan bu mütəvazi yardıma sözsüz ki, Türkiyənin humanitar ehtiyacı yoxdur. Əksinə, yəqin ki, ermənilərin Qərbə inteqrasiyasını asanlaşdırmaq məqsədilə Ankara bu yardım təşəbbüsünü geri qaytarmayıb. Bununla belə, ermənilər türk insanına humanitar dəstəkdən daha çox, öz siyasi təmayüllərini şəkilləndirdikləri bu addıma belə böyük qısqanclıqla yanaşırlar. Halbuki onların bu gün Türkiyəyə uzatdıqları əl əslində öz gələcəklərinə qoyduqları investisiyadır. 27 erməni xilasedici bu mənada qardaş ölkədə Türkiyəni yox, Ermənistanı məşəqqətli aqibətdən xilas etməyə çalışacaq. Görünür, özlərinin 27 nəfərlik xilasedicilərini böyük qənimət hesab edən erməni “ziyalıları” Paşinyanın bu təşəbbüsünə heç bir insanlığa sığmayan məntiqləri ilə mane olmağa can atır.
Ovqat.com-un məlumatına görə, Ambartsum K.adlı erməni müəllifi “Bəzən fasilə vermək daha yaxşıdır: Türkiyədə baş verən zəlzələlər və onun regional fəsadları” adlı məqaləsində yazır:
“Əgər onlar ermənidirsə, biz kimik, biz erməniyiksə, onlar kimdir? Bu sual təkcə məni deyil, baş nazir Nikol Paşinyan və onun ətrafının yersiz “sülhməramlı” oyununu müşahidə edənlərin hamısını narahat edir. Bunun bir hissəsi olaraq biz Paşinyanın Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ ilə bağlı bu ölkənin prezidentinə və xalqına başsağlığı və dəstək sözlərini necə ifadə etdiyini gördük.
İrəvanla Ankara arasında diplomatik münasibətlərin olmadığını nəzərə alsaq, bu addımı atmağa dəyməzdi. Yaxşı, Paşinyan türk diktatoruna zəng vurdu eybi yox, bəs niyə bütün qurbanların tezliklə sağalmasını arzuladı?! Biri deyəcək ki, bu, diplomatik etiketdir və başqa cür davranmaq çox səhv olar.
Diplomatik etiketdə düşmən dövlətin liderini narahat etmək, daha çox “erməni məsələsinin yekun həlli” ideyasını qətiyyətlə dəstəkləyən xalqa sağalma arzulamaq məcburiyyəti yoxdur. Paşinyan əslində biz ermənilərin öldürülməsində Azərbaycana hər zaman kömək etmiş və kömək edəcək potensial türk əsgərlərinə şəfa diləyib.
Amma hökumətimiz daha da irəli getməyə qərar verdi. Ölkəmizdən 27 xilasedici Türkiyəyə yola düşdü. Sadəcə başa düşə bilmirəm. Paşinyan və komandası bizim xilasedicilərimizi düşmən yuvasına göndərir və bunun düzgün iş olduğuna inanır. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu addımın yersizliyini və cinayətkarlığını anlamır, özünü sadəlövh kimi göstərir.
Türkiyə Ermənistana nə vaxt və necə kömək etdi? Heç vaxt və heç nə. Sualın özü absurddur. Bəli, onlar sizə Yunanıstanı xatırlada bilərlər. Onlar deyirlər ki, orada da Türkiyəyə dəstək kampaniyası başlayıb, bu kampaniyaya Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyə prezidentinə çağırışı da daxildir. Amma Yunanıstan Türkiyə kimi NATO-nun üzvüdür və onun davranışını böyük ölçüdə məhz bu amil müəyyənləşdirir.
Ermənistan isə hələ NATO-nun üzvü deyil. Ölkəmiz hələ də KTMT-nin üzvüdür. Türk zabitləri azərbaycanlılara təlim keçməkdə davam edir. Ərdoğan Ermənistan və “Artsax”a qarşı bəyanatlar verməkdə davam edir. Azərbaycan bizimlə qarşılaşmaqda Türkiyənin köməyinə ümid bəsləyir. Bu, yeri gəlmişkən, onun Türkiyəyə indiki yardımını izah edir.
Böyük siyasət sentimentallığa dözmür, praqmatik hesablamaya əsaslanır. Əslində indi Türkiyədə baş verənlər Ermənistanın maraqlarına cavab verir. Bəli, ölkəmizin rəhbərləri bunu ucadan deməsinlər, amma xilasedicilərimizi də Türkiyəyə göndərib “sülhpərvərlik” nümayiş etdirməklə ifrata varmasınlar.
Reallıq budur ki, ölkədə baş verən zəlzələlərdən sonra dağıntıların kifayət qədər tez aradan götürülməməsi səbəbindən Türkiyədə hakimiyyətdən, o cümlədən prezident Ərdoğandan narazılıq artır. Zəlzələdən sağ çıxanlar və müxalifət partiyalarının nümayəndələri rəhbərliyi tənqid edirlər. Onlar iddia edirlər ki, beton plitələrin qaldırılması üçün kranların və digər ağır texnikaların göndərilməsinin gecikməsi insanların həyatını xilas etmək üçün kritik vaxt fövtə verilib.
Mütəxəssislər daha on minlərlə insanın dağıntılar altında qalmasından qorxurlar, bu da ölənlərin sayının artmaqda davam edəcəyini göstərir. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlunun keyfiyyətsiz tikintinin çoxlu sayda insan tələfatına səbəb olması ilə bağlı açıqlaması və hökuməti vergi ödəyicilərinin pullarını belə fəlakətlərə hazırlaşmaq üçün israf etməkdə günahlandırması da ittihamlar arasındadır.
Yəni, nəticə etibarı ilə Türkiyədə Ermənistanın xeyrinə olan bir vəziyyət mövcuddur. Çünki açıq-aşkar Ərdoğanın mövqeyinin kəskin şəkildə zəifləməsi baş verir. Onun seçkilərdəki məğlubiyyəti regionda qüvvələr balansını dəyişə bilər. Sabah Azərbaycanın arxalanacağı heç kim olmayacaq. Bu isə o deməkdir ki, rəsmi Bakının bir çox planları, o cümlədən “Zəngəzur dəhlizi” planları da puça çıxır.
Eyni zamanda, biz artıq Azərbaycanın problemlərini görürük. Türkiyədə baş verən zəlzələdən sonra pis hava şəraiti Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına çıxarılmasına əngəl törədib, onun şərtləri terminalın sualtı hissəsinin vəziyyətini yoxlamağa imkan vermir. British Petroleum (BP) şirkəti bəyan edib ki, Azərbaycan neftinin ixracının bərpasının vaxtı hələlik məlum deyil.
Quru rəqəmlər və praqmatizm dili ilə desək, hər gün belə fasilələrlə çıxış etmək Azərbaycanın yüz milyonlarla dollar itirməsi deməkdir. Hansı ki, bildiyimiz kimi, Bakı Ermənistan və Artsaxa qarşı yeni təxribatlar üçün zəruri olan xidmətə qoyur. Bu, ölkəmizin əlində oynayan mövcud reallıqdır. Respublika rəhbərliyinin addımlarını görmək daha təəccüblüdür. Burada fasilə vermək daha ağıllı olardı.
Amma deyəsən indiki hökumətimizdən çox şey tələb edirəm”.
Tərcümə: Ovqat.com
Paylaş: