Xəbər lenti


Rusiya Dövlət Dumasının aşağı palatasının sədri Vyaçeslav Volodin Moskvada Azərbaycan parlamentinin sədri ilə görüşərkən açıq-aşkar təhlükə ehtiva edən bəyanatlar verib. “Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul edilmiş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin yerinə yetirilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq, ölkəni itirə bilərlər. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyən Volodin əlavə edib ki, Avropa institutlarını işə cəlb etmək istəyənlər on dəfə düşünməlidirlər.

Volodin Ermənistana açıq çağırış etməklə yanaşı Aİ-yə region ölkələrinin daxili işlərinə müdaxilə etməmək barədə də xəbərdarlıq edir. Məlum olduğu kimi, Avropa Parlamenti bir neçə həftə əvvəl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli qətnamə qəbul edib.Həmçinin bir neçə gün əvvəl guya Azərbaycanın “hücumu”nu yenidən pisləyən qətnamənin yeni layihəsi təqdim edilib. Eyni zamanda, Ermənistan sərhədində Aİ müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı qərar da var. Baş verənlər fonunda Ermənistanın açıq-aşkar öz siyasi trayektoriyasını dəyişdiyinə şahid oluruq ki, bu da hazırda başı Ukraynadakı müharibəyə qarışmış Moskva tərəfindən xəyanətkar adddım kimi dəyərləndirilir.

 Faktiki olaraq, Vyanada Alma-Ata bəyannaməsinə əsasən Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqləyən Ermənistan, “status” məsələsini qeyri-müəyyən perspektivdə qoymağı nəzərdə tutan protokolun mövcud olduğu Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlı Rusiyanın planını aradan qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə bu aydın fərqlərdən məharətlə istifadə etməsi ilə plan tamamilə suya düşdü. Rusiyanın verdiyi vədləri yerinə yetirə bilməməsini bəhanə gətirən Ermənistan isə Aİ missiyası üçün “yaşıl işıq” yandırdı. Hazırda İrəvan vəziyyəti üçtərəfli bəyanatlardan, xüsusən də 10 Noyabrın razılaşmasından çıxarmaq üçün hər şeyi edir, çünki 44 günlük müharibədən sonra məhz həmin üçtərəfli sənədlərdə üzərinə götürdüyü aydın öhdəliklər mövcuddur. Ukraynada davam edən müharibə şəraitində İrəvan mümkün transformasiya halında öz siyasi düsturunu yenidən qurmağa çalışır. Lakin sözügedən düsturun saxlanılması məsələsi İrəvanın əlində deyil, gücü xaricindədir.

 Beləliklə, Volodin həm təhlükəsizlik və maraqlarının müdafiəsi bəhanəsilə bölgədə əlavə mexanizmlər yaratmağa çalışan Aİ-ni, həm də qeyd etdiyi üçtərəfli formatı praktiki olaraq ardıcıl olaraq sarsıdan Ermənistana açıq xəbərdarlıq edir.

 Asif Cəfərov
Ordu.az

 




Ana səhifəyə qayıt        Baxış: 4 863          Tarix: 15-02-2023, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma