Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə danışıqlarda, Aİ nümayəndələrinin mediatorluğu ilə isə çoxtərəfli debatda iştirak etdilər. Konfrans mövcud ziddiyyətləri qabartsa da, yeni təşəbbüsləri müzakirə etməyə imkan verən diplomatik meydança oldu.
Dəhlizlər → yollar
Danışıqlar çərçivəsində Azərbaycan Laçın və Zəngəzurda nəzarət yoxlanış məntəqələrinin (NYM) yerləşdirilməsini rəsmi formada təklif etdi. Bu, Azərbaycanın hazırda kommunikasiyaların açılmasına dair Brüssel-Vaşinqton variantına üstünlük verdiyini göstərir. Rusiyanın (Laçında sülhməramlı kontingentin, Zəngəzurda isə FSB-nin nəzarəti altında) dəhlizlər məntiqindən fərqli olaraq Brüssel-Vaşinqton variantı yollar məntiqinə (yol kimin ərazisindən keçirsə suveren hüquqlar ona məxsusdur) əsaslanır. Anlaşılandır ki, dəhlizlər Rusiyanın regionda təsirini gücləndirdiyi halda, NYM-ların qurulması Moskvanın hər iki ölkədə nüfuzunu zəiflətmiş olacaq. Bakının təklifi praktiki hədəfləri də izləyir: bildiyimiz kimi, İrəvan Bakının Rusiya ilə sövdələşmədə Zəngəzur dəhlizini zorla açmaq istəməkdə ittiham edir. NYM, ittihamların əsassız olduğunu göstərməyə imkan verir, “Qarabağa gizli yolla keçirilmiş” Vardanyan kimi layihələrin üstündən xətt çəkir və Zəngəzurdan eksterritorial dəhliz arzulayan Rusiyanı Ermənistanla üz-üzə qoyur.
Sülh sazişi
ABŞ-ın iştirakı ilə keçirilən görüş Brüssel-Vaşinqton formatının bərpa edilməsinə bir işarədir. Lakin, bu formatın effektivlik dərəcəsi Fransanın anti-Azərbaycan ritorika/davranışı ilə tərs mütənasib olacaqdır. Televiziya kanallarına müsahibə verən Azərbaycan prezidenti, Ermənistanın mövqeyində müəyyən tərəqqinin olduğunu, amma bunun kifayət etmədiyini bildirdi. Vurğulayaq ki, danışıqlar Ermənistanın sülh sazişi ilə bağlı son variantı Azərbaycana ötürməsindən sonra baş vermişdir. Ermənistan mediasının məlumatlarına əsasən, İrəvan son variantda Qarabağla bağlı məsələni “constructive ambiguity”( konstruktiv qeyri-müəyyənlik / ikimənalılıq) formasında təqdim etmişdir. Belə zənn edilir ki, “konstruktiv ikimənalılıq” hər iki tərəfə problemli müddəanı (Qarabağı) daxili auditoriya üçün qələbə kimi təqdim etməyə imkan verib, tərəfləri sülh sazişinin imzalamasına yaxınlaşdıracaqdır. Bununla belə, Prezidentin “Qarabağla bağlı hər hansısa bir müddəanın olması qəbuledilməzdir” ifadəsi “constructive ambiguity” formulasının Bakı tərəfindən rədd edildiyini göstərir.
Ermənistan/Rusiya ↔ Qərb
Azərbaycan prezidenti Rusiyadan ixrac edilmiş, İrəvandan Qarabağa “gizli yolla keçirilmiş”, Avropada çirkli pulların yuyulmasında iştirak edən cinayətkar oliqarx haqqında danışdıqda Vardanyanın təkcə Kreml layihəsi olduğuna deyil, həmçinin, Ermənistanın da bu layihədə pay aldığına işarə edir. Bu, İrəvanın ekzistensial rəqabət aparan hər iki bloka eyni anda işlədiyini və sülhün bərqərar olmasına mane olan əsas faktor olmasını nümayiş etdirir.
Gerçəklikdə Vardanyan layihəsi məqsədinə çatmadı: Rusiyanın hər iki ölkədə mövqelərini gücləndirmək əvəzinə, əks effekt verdi. Hazırda Vardanyanın (istefa və ya işdən qovulma formasında) “vəzifədən” getməsi geniş müzakirə olunur. Rusiyanın regional uğursuzluqları təkcə müharibə və sanksiyalardan qaynaqlanmır. Aparıcı faktor strateji səhvlər və qeyri-adekvat siyasətdir. Potensial olaraq Rusiya Vardanyan layihəsini dayandırmaqla, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına yardım etməklə, baş qərargahında yerləşən xəritələr əsasında delimitasiya-demarkasiyaya və sərhədlərin açılmasına kömək etməklə Qərbi qabaqlayıb, regionda mövqelərini gücləndirə bilər. Lakin, strateji hədəflərin qısamüddətli taktiki üstünlüklər naminə qurban verilməsi Rusiyanın regiondakı mövqelərini sarsıdır.
Nəticə
Münhen Təhlükəsizlik Konfransı iddia/ittihamlarla yanaşı yeni təşəbbüs və təkliflərlə də yadda qaldı. İrəvanın dəyişkən siyasətini yaxşı bilən Bakı cavabın nə vaxt gələcəyindən və necə olacağından asılı olmayaraq qüvvələrini konsolidasiya edib, dəyişən şəraitə operativ cavab verməyə hazırlaşır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: