Xəbər lenti


 

Ukrayna savaşının birinci ildönümü ərəfəsində ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Qazaxıstana səfər etdi. Bu səfər çərçivəsində Blinken təkcə Qazaxıstan rəsmiləri ilə görüşmədi, Orta Asiyanın digər ölkələrinin Xarici İşlər nazirləri ilə də bir araya gəldi. Qazaxıstan səfərindən sonra Özbəkistana gedən ABŞ yetkilisinin növbəti dayanacağı Hindistan oldu. 

 

Bu səfərin xüsusilə Ukrayna hərbi qüvvələrinin yeni yaz hücumuna başlaması vaxtına düşməsi təsadüfi deyil. Görünən budur ki, ABŞ liderliyində Qərb dövlətləri Rusiyaya Ukraynada yeni sürprizlər hazırladığı bir zamanda Orta Asiya ölkələrindən də hansısa gözləntiləri var. Blinkenin səfərindən əvvəl Qazaxıstanın və Özbəkistanın Rusiya bank sisteminə yeni əngəllərin gətirməsi, TransXəzər layihəsi çərçivəsində bəzi addımlar atması da bu ehtimalı qüvvətləndirir. 

 

Sual oluna bilər: ABŞ Orta Asiya ölkələrindən nə istəyir?

 

Fikrimizcə, bu suala cavab vermək üçün ilk öncə C5+1 formatının yaranma tarixinə və zərurətinə baxmaq lazımdır. C5+1 ittifaqının təbəlləri 2015-ci il sentyabrın 26-da ABŞ-ın dövlət katibi Con Kerri tərəfindən atılıb. Bu o vaxt idi ki, bir il əvvəl Rusiya hücum edərək Ukraynanın bəzi bölgələrini, o cümlədən Krım yarımadasını ələ keçirmişdi. Bununla da kifayətlənməyib 2015-ci ildə Suriyaya da müdaxilə edərək Bəşər Əsəd rejiminin devrilməsini əngəlləmiş və ölkədə vətəndaş müharibəsinin vüsət almasına təkan vermişdi. ABŞ və Qərb ölkələri isə Rusiyanın bu həmlələrindən sonra regional müqavimət projelərini həyata keçirməyə qərar vermişdilər. Təbii ki, bu, uzun illərdən sonra – 2022-ci ilin fevralında anlaşılacaqdı. 

 

Ötən il fevral ayının 24-də Rusiyanın Ukraynaya hücumu və qısa zaman ərzində işğal həmlələrinin fiaskoya uğraması onu göstərir ki, ABŞ Kiyevi bu savaşa zamanında hazırlaya bilmiş və rus imperializminə qarşı mübarizənin əsas yükünü onun slav qardaşının çiyinlərinə yükləşmişdi. Vaşinqtonun Orta Asiya ölkələrindən gözləntisi isə çox sadə idi: Ukrayna qarşısında getdikcə məğlubiyyətə uğrayan Rusiyanın regional təsirləri zəiflədikcə bu ölkələr təşəbbüsü öz əllərinə almalı, tarixi Türküstan dövlətinin yenidən bərpasına çalışmalı, xüsusilə Rusiyanın zəifləməsindən sonra regionu ələ keçirmək xəyallarına düşə biləcək Çinin qarşısında dayana bilməli idilər. Bu isə təbii ki, regional konsoldasiya və Türk Birliyinin yaranması ilə mümkün idi. Xüsusilə 2020-ci ildəki 44 günlük savaşdan sonra Türkiyənin liderliyi ilə Türk Dövlətlər Birliyinin yaradılması istiqamətində atılan addımlar məhz bu məqsədə xidmət edirdi. Açıq şəkildə deyilməsə də Türk Birliyi projesinin altında yatan əsas məqsəd bu coğrafiyada Çinə və Rusiyaya qarşı balans yaratmaqdı.

 

Əslində bugünkü Ukrayna savaşı 2013-cü ilin payız aylarında başlamışdı. Hətta daha əvvəl. 2010-cu ildə Ukrayna prezidenti seçilən Viktor Yanukoviç hakimiyyətə gəldiyi ilk gündən Avropa İttifaqı ilə bir çox mühüm sənədlərə imza atmışdı. O, ölkəsinin Aİ-yə üzvlük niyyətini belə gizlətmir, 2011-ci ildə ABŞ-ın “Wall Street Journal” nəşrində dərc olunan bir məqaləsində yazırdı: “Biz qarşıdakı 10 ildə Avropa ailəsinə qovuşmaq istəyirik. Amma bu məqsədə təkbaşına nail ola bilmərik. Biz Avropadakı dostlarımızı bizə dəstək olmağa dəvət edirik. Bizim gələcəyimiz Avropa ilə sıx əlaqələr qurmaqdır və nəhayət, bu, Aİ-nin tamhüquqlu üzvü olmaqdan asılıdır”. 

 

Təsadüfi deyildi ki, 2013-cü ilin sentyabrında Ukrayna hökuməti Aİ-nin Assosiasiya Sazişi layihəsini yekdilliklə təsdiqlədi. Saziş 2013-cü il noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüsdə Aİ liderlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Sammitində imzalanmağa göndərildi. Rusiya isə Ukraynanın bu planına seyrçi qalmaq istəmirdi. Elə həmin vaxtlarda Yanukoviçə daxili və xarici təzyiqlər başladı. Şərq Tərəfdaşlığı sammitində Ukraynanın assosiativ üzvlük üçün apardığı islahatların yetərsiz hesab olunub təklifinin geri qaytarılması da Yanukoviçi çətin vəziyyətə qoymuşdu. Sonunda daxili və xarici təzyiqlərə boyun əymək məcburiyyətində qalan Yanukoviç Aİ ilə assosiativ üzvlükdən geri çəkildi. Beləcə, Ukraynada Maydan hərəkatı başladı və 2014-cü ildə Avropa İttifaqına meylli siyasətçilər Yanukoviçi devirərək hakimiyyətə gəldilər. Rusiya da buna cavab olaraq Ukraynanın şərqini və Krımı işğal etdi.

 

Maraqlıdır ki, Rusiya-Ukrayna münasibətlərinin qırılma anı sayılan 2013-cü ilin sentyabr ayında Çin də ilk dəfə “Bir Yol, Bir Kəmər” projesini dilə gətirmişdi. Özü də Blinkenin C5+1 çərçivəsində bu yaxınlarda səfər etdiyi Qazaxıstanda. 

 

2013-cü il sentyabrın 7-də Qazaxıstana səfər edən Çin Prezidenti Şi Cinping Nazarbayev Universitetində etdiyi çıxışda qədim İpək yolu ölkələri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasından danışmışdı. Daha sonra projenin adı “Bir Yol, Bir Kəmər”ə çevrilmişdi. Şi Cinpingin bu çıxışı Çinin Rusiyanın Qərblə müharibəyə girəcəyini və regional təsir gücünü itərəcəyini çoxdan gözlədiyini, rus sonrası dövrə ciddi hazırlaşdığını göstərirdi. Zənnimizcə, ABŞ-ın həm Ukrayna-Rusiya savaşını 8 il ləngitməsi və Krımın işğalından sonra C5+1 formatını gündəmə gətirməsinin bir səbəbi də Çinin bu təşəbbüsündən çəkinməsi olmuşdu. Zira Orta Asiyaya bir çarə tapılmadan və Ukrayna hərbi gücü böyük döyüşlərə hazırlanmadan region dövlətləri savaşa itələmək qaş düzəldərkən göz çıxarmaq effekti verərdi.

 

Barak Obama hakimiyyətinin ikinci dönəmində ortaya atılan C5+1 sammiti ilk dəfə 2015-ci il noyabrın 1-də Səmərqənddə keçirildi. Həmin dövrdə, 31 oktyabr - 3 noyabr 2015-ci il tarixləri arasında ABŞ dövlət katibi Con Kerri ilk dəfə regiona rəsmi səfər etmiş, səfər çərçivəsində Mərkəzi Asiya respublikaları ilə ikitərəfli danışıqlar aparılmışdı. Görüşdə regional əməkdaşlıq, transsərhəd təhdidlər və Əfqanıstanın sülh və sabitliyi üçün dəstək layihələri müzakirə olunmuşdu. Con Kerrinin bu ziyarəti əsnasında C5+1 ittifaqının ilk sammitinin keçirilməsi ABŞ administarsiyasının Orta Asiyaya verdiyi əhəmiyyəti göstərir. İttifaqın ikinci sammiti 2016-cı il avqustun 3-də ABŞ-da üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə baş tutmuşdu. Orta Asiyada Rusiyaya və Çinə qarşı balans yaratmağı hədəfləyən bu ittifaq çərçivəsində ABŞ xeyli vəsait xərcləmişdir. Qazaxıstan Prezident Tokayevin bildirdiyinə görə, ABŞ-ın bu illər ərzində təkcə Qazaxıstana yatırdığı sərmayənin miqdarı 62 milyard dolları keçib. ABŞ bu kapital ilə  Qazaxıstana ən çox sərmayə qoyan ölkədir.

 

Vaşinqtonun Orta Asiyaya bu qədər əhəmiyyət verməməsinin səbəbi onun “Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya Strategiyası - 2019-2025: Suverenliyin və İqtisadi Rifahın İnkişafı” adlı sənədində də öz əksini tapıb. Sənəddə Orta Asiya ABŞ-ın milli təhlükəsizlik siyasətləri baxımından son dərəcə strateji bir bölgə kimi təsvir edilir. Adından da göründüyü kimi, sənəddə Vaşinqton administrasiyası Mərkəzi (Orta) Asiya dövlətlərinin müstəqilliyinin və suverenliyinin güclənməsini Rusiyanın bu ölkələr üzərindəki təsirini qırmağa xidmət edəcək amil kimi görür. Bundan əlavə, Ağ Ev region xalqlarının iqtisadi rifahının artırılmasının tərəfdarıdır və bu rifahın gözlənildiyi kimi iqtisadi liberallaşma yolu ilə əldə oluna biləcəyini düşünür. Ağ evin fikrincə, region dövlətlərinin liberallaşdırılması mahiyyət etibarilə onların Rusiya və Çindən uzaqlaşması deməkdir.

 

Sözügedən sənəddə Amerikanın Orta Asiya ilə bağlı xarici siyasətinin 6 hədəfi müəyyən edilir:

 

1. Orta Asiya dövlətlərinin suverenliyinin və müstəqilliyinin dəstəklənməsi və möhkəmləndirilməsi;

2. Orta Asiyada terror təhlükələrinin azaldılması;

3. Əfqanıstanda sabitliyin bərqərar olması üçün regional səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi və regional dövlətlərlə birgə tədqiqatların aparılması;

4. Orta Asiya-Əfqanıstan əlaqələrinin təşviqi və bunun üçün layihələrin hazırlanması;

5. Qanunun aliliyinə əsaslanan dövlət strukturlarının yaradılması məqsədilə insan hüquqları sahəsində islahatların dəstəklənməsi;

6. ABŞ Orta Asiyaya investisiya qoymaqla regionun inkişafını təşviq edir.

 

Sözsüz ki, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu hədəflərin bəziləri öz əhəmiyyətini itirib. Bununla belə, Vaşinqtonun Orta Asiyada həyata keçirməyə çalışdığı əsas hədəflər indiyə kimi özünü qoruyur: Orta Asiyada demokratik sistemin qurulması, iqtisadi liberallaşma, regional konsoldasiya və Qərbə inteqrasiya.

 

ABŞ-ın Orta Asiyaya baxışı indiki şəraitdə xeyli cəsarətli görünsə də, region ölkələrinin də bununla bağlı öz strategiyaları var. Onlar Çin və Rusiya arasında qaldığından qarşılarına qoyulan hədəfləri ehtiyatla yerinə yetirirlər. Mümkün olduğu qədər güclər arasında balansı qorumağa, amma tədricən milli maraqlarına cavab verən hədəflərə doğru irəliləyirlər. 2015-cı ildə Səmərqənddə keçirilən C5+1-in ilk sammitində Qazaxıstan Xarici İşlər naziri Yerlan İdrisovun səsləndirdiyi bu fikirlər də region ölkələrinin qlobal güclərin Orta Asiya uğrunda rəqabətindən çəkindiyini və bu ziddiyyətlərin tərəfi olmaq istəmədiklərini göstərir: “Biz rəqabətdən çox əməkdaşlığa önəm veririk və bu sammitin mesajları xalqların qarşılıqlı maraqlarına xidmət edə biləcək bir çərçivəyə salınmasını təklif edir”. Qeyd edək ki, İdrisovun bu tezisləri sammitin Bəyannaməsinə də salınmışdı.

 

Blinkenin Orta Asiya ölkələrinə səfərinin Qazaxıstandan başlaması da səbəbsiz deyil. Məlum olduğu kimi, Qazaxıstan Rusiya ilə ən uzun sərhəddə malik olan ölkədir. 6.846 kilometrlik bu sərhəddə çoxsayda etnik rus yaşayır. Rusiya Ukraynada tam gücdən düşməsə, onun Qazaxıstana hücum edə biləcəyi də istisna deyil. Üstəlik, Orta Asiya ölkələri arasında Qərblə ən geniş iqtisadi əlaqələr quran, Qazaxıstandır. Avropanın enerji ehtiyacının 10%-ə yaxını Qazaxıstandan təmin olunur. Problem ondadır ki, qazax nefti və qazı Rusiya üzərindən nəql olunaraq Avropaya çatdırılır. Rusiyaya embarqolar tətbiq olunduğu indiki şəraitdə Astana özünə yeni alternativ xətlər tapmalıdır. Əsas alternativ xətt isə Xəzər dənizini keçərək Azərbaycan üzərindən ünvanına çatdırıla bilər. Xəzər isə həm də Rusiyanın dənizidir. Bəs Rusiya necə, buna razılıq verəcəkmi? Nə yazıq ki, hələlik, bu suala müsbət cavab vermək mümkün deyil. Bir müddət əvvəl Böyük Britaniya mətbuatının Rusiyanın Ermənistan ordusunu Azərbaycanın beynəlxalq enerji layihələrinə hücuma hazırlaşdırdığı barədə yaydığı məlumatlar da Putin administrasiyasının bu perspektivə isti baxmayacağını təsdiqləyir.

 

Göründüyü kimi, Orta Asiya ölkələrinin Rusiya və Çin təsirindən çıxması üçün atılacaq hələ çox addımlar var. 

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 761          Tarix: 3-03-2023, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma