Çinin son bir ay ərzində istər Ukrayna-Rusiya savaşı, istərsə də Yaxın Şərqlə bağlı irəli sürdüyü təkliflər mövcud dünya düzənini ciddi şəkildə çalxaladı. İndiyədək dünyanın müxtəlif yerlərində regional savaşlar çıxararaq öz qlobal hegemoniyasını qorumağa çalışan ABŞ və bəzi Qərb ölkələrinin oyununu pozmaq istiqamətində atılan addım kimi dəyərləndirilən bu təşəbbüslər, sözsüz ki, mövcud beynəlxalq güc mərkəzlərini əndişələndirməyə bilməz. Xüsusilə ABŞ-da fəaliyyət göstərən düşüncə mərkəzləri və bəzi müstəqil strateqlər Pekinin bu hərəkətlərini Vaşinqtona meydan oxuma kimi qiymətləndirirlər. Onların fikrincə, Pekin Vaşinqtonun regionda buraxdığı strateji səhvlərdən və boşluqlardan yararlanıb həmləyə keçib. Üstəlik, mövcud dünya düzəninin qurucularının regionlara gətirdiyi müharibələr, xaotik vəziyyətlər də Çinin əlini gücləndirir və yeni supergüc kimi ortaya çıxmasına zəmin yaradır.
Çinin yeni təkliflərində sülhpərvər mövqe sərgiləməsi, qarşıdurma yerinə iqtisadi-siyasi əməkdaşlıqlar fikrini irəli sürməsi onun əlini gücləndirən əsas faktorlardandır. Uzun illər girdiyi savaşlardan yorulan bölgə xalqları da sülhə təşnədir və bu da Çin təşəbbüslərinin regionda müsbət qarşılanmasını şərtləndirir. Bunun ən bariz nümunəsini Pekinin təşəbbüsü ilə İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşmaya Yaxın Şərq ölkələrinin verdiyi reaksiyalardan görə bilərik. Yüzillər boyu davam edən məzhəb savaşlarında böyük bədəllər ödəyən müsəlman-ərəb ölkələrinin demək olar hamısı iki əzəli düşmən arasında bağlanan bu sazişi açıq şəkildə dəstəklədi və özlərinin də bu prosesə qoşulacağını bəyan etdilər.
Maraqlıdır ki, Qərb ölkələrinin böyük miqdarda hərbi yardım verdiyi, Rusiya üzərində “mütləq qələbəsini” arzuladığı Ukrayna prezidenti Vladimir Zelenski də Çinin təkliflərini birmənalı qarşılamadı. NATO-nun Baş katibi Yens Stoltenberq təklifi “Ukraynanın maraqlarını nəzərə almayan cəfəngiyyat” kimi qiymətləndirsə də, Zelenski Çin lideri Şi Jinping ilə görüşə biləcəyini bildirərək Pekinin planına açıq olduğunu göstərdi. "Şi Jinping ilə görüşməyi planlaşdırıram və düşünürəm ki, bu, ölkələrimiz və qlobal təhlükəsizlik üçün faydalı olacaq", - Ukrayna lideri təkliflə bağlı açıqlamasında bildirmişdi.
Mütəxəssislər həm Yaxın Şərq ölkələrinin, həm də Zelenskinin açıqlamalarını təsadüfi hesab etmirlər. Bu zamanadək İranla məzhəb müharibələrinə girən, xeyli insan və maliyyə itkisi ilə üzləşən Yaxın Şərq ölkələri Tehranın nüvə silahı əldə etməsinə ciddi şəkildə yaxınlaşdığı bir məqamda belə, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara istəksizliyini görüb vahiməyə düşürlər. Haqsız da deyillər. Hələ nüvəsiz İran qarşısında çəkingən davranan və ya özünü elə göstərən ABŞ-ın nüvəli İranla bacarmaq imkanları hazırda sorğulanır və sorğulanmalıdır da. Çünki ortada Şimali Koreya nümunəsi var. Bir zamanlar nüvə bombası tədqiqatlarına başlayan Şimali Koreyaya barmaq silkələyən Qərb dünyası indi gündə bir nüvə sınağı keçirən Pxenyanın təhdidləri qarşısında çarəsizlik nümayiş etdirir. Ona qarşı tətbiq olunan sanksiyalar da heç bir işə yaramır. Zira Şimali Koreyanın qonşuluğundan çoxqütblü dünya iddiası ilə ortaya çıxan və özünü yeni qütbün aparıcı ölkəsi kimi görən Çin var. Çin isə onu dörd tərəfdən sıxışdıran Qərb blokuna qarşı yeni müttəfiqlər tapmalı, onunla hərtərəfli əlaqələr qurmalıdır. Yeni qütbünün müttəfiqlərindən biri Koreya, digəri Rusiya və başqa anti-demokratik ölkələrdirsə, İran da bu sıraya qoşula bilər.
Çinlə İran arasında son zamanlar bağlanan bir çox sazişlər də Yaxın Şərq ölkələrinin qorxularını artırır, Pekinin bu ölkəni iqtisadi və siyasi cəhətdən dəstəklədiyini göstərir. 2021-ci ilin sentyabr ayında İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv edilməsi, bundan əvvəl 2021-ci ilin mart ayında Çinlə İran arasında bağlanan “Strateji Ortaqlıq” müqaviləsində 25 il ərzində bu ölkəyə neft qarşılığında 400 milyard dollar ayrılmasının nəzərdə tutulması ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirini sıfıra endirən addımlardır. Bütün bunlar Çinin yaxın illərdə İranı üzləşdiyi iqtisadi və siyasi böhrandan çıxarmaq istəyindən xəbər verir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) və Pentaqonun İranla bağlı son açıqlamaları da Yaxın Şərq ölkələrini narahat etməyə bilməz. Bildiyimiz kimi, dünyanın məşhur nəşrlərindən olan “Bloomberg” ötən ay dərc etdiyi bir xəbərdə MAQATE müfəttişlərinə istinadən xəbər vermişdi ki, İran uranı 84% zənginləşdirib. Bu isə nüvə silahı əldə etməyə yaxınlaşmaq həddidir. Ardınca da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın 12 gün ərzində nüvə silahına sahib ola biləcəyini açıqlamışdı. Nüvə silahının 90% zənginləşdirilmiş urandan hazırlandığını nəzərə alsaq, Pentaqonun öz açıqlamasında nəyə əsaslandığını anlamaq mümkündür.
Üzərindən 1 ay keçməsinə rəğmən ABŞ və İsrailin hələ də İrana qarşı hərəkətə keçməməsi çarəsizliyin işarəsi kimi görünür və bu vəziyyət Yaxın Şərq ölkələrini adekvat addımlar atmağa vadar edir: onlar ya nüvə İranı ilə dil tapmağa çalışmalı, ya da özləri çəkindiricilik güclərini artırmaq üçün atom bombası istehsal etməyə başlamalıdırlar. ABŞ isə İsrailin təhlükəsizliyi səbəbindən ərəb ölkələrinin nüvə silahına sahib olmasını istəmir. Qeyd edək ki, İranın nüvə silahlarına sahib olması Türkiyənin də eyni addımı atmasını şərtləndirir və yəqin ki, yaxın zamanlarda Ankara da bu istiqamətdə bəzi təşəbbüslərdə bulunacaq.
Ukraynaya gəlincə, NATO və Qərb dövlətləri bir tərəfdən Kiyevi hərbi yardımlarla dəstəkləyərək onu Rusiya ilə müharibəyə həvəsləndirir, digər tərəfdən isə savaşın iqtisadi bədəllərini dilə gətirir və bunu sorğulayırlar. Bəzi hallarda Ukraynanı güzəştə səsləyən bəyanatlar da səsləndirilir. Xüsusilə müxalif qüvvələr tərəfindən dilə gətirilən bu fikirlər Zelenski hakimiyyətində hər an Rusiya qarşısında tək buraxıla biləcəkləri qənaətinə yol açır, qorxularını artırır. Xüsusilə ABŞ-da respublikaçı senator və konqresmenlərin Rusiya ilə münasibətləri yenidən tənzimləmək barədə bəzi fikirləri Ukrayna rəsmilərini tərəddüdə salır. Üstəlik, Ukraynaya verilən silah və sursatlar da yetərli sayda deyil və bu yardımların nə qədər davam edəcəyi də bilinmir.
Ən əsası isə Əfqanıstan nümunəsində gördüyümüz kimi, Vaşinqtonun hər an öz müttəfiqlərini odun arasına atıb illərdən bəri davam etdirdikləri siyasətdən geri çəkilmək təcrübəsi də var. Bu da dünyanın hər yerində olduğu kimi, Ukraynada da ABŞ-la müttəfiqliyin etibarına kölgə düşürür. Dolayısıyla Çinin sülh təklifi Ukrayna rəsmilərinə də cazibədar görünür və Zelenskinin Şi Jinpinglə görüşə isti baxmasının sirrini bu əndişələrdə axtarmaq lazımdır.
“National Interest” jurnalından Kevin Braun da öz təhlil yazısında ABŞ-ın bu ikili mövqeyinin Çinin işinə yaradığı və Vaşinqtonun getdikcə itirdiyi nüfuzunun Pekin tərəfindən doldurulmağa çalışıldığını bildirir. Braunun fikrincə, Çinin bu sülhpərvər mövqeyi təkcə Ukrayna və Yaxın Şərqdə deyil, həmçinin Rusiya ilə iqtisadi münasibətləri davam etdirmək istəyən digər Qərb və Avrasiya ölkələrdə də müsbət qarşılana bilər: “Hətta Hindistan və Vyetnam kimi Pekinlə gərgin münasibətləri olan inkişaf etməkdə olan iqtisadiyyatlar belə, Rusiya ilə məhdudiyyətsiz ticarət əlaqələrinin bərpasını alqışlayardılar. Həmçinin, Fransa, Almaniya və İtaliya kimi mühüm Aİ-yə üzv ölkələr də müharibənin Çinlə danışıqlar yolu ilə həllində maraqlıdırlar”, - Braun bu qənaətdədir.
Ukraynada narahatlığı artıran digər bir faktor Kiyevi böyük məbləğli hərbi yardımlarla dəstəkləyən Baydenin 2024-cü il prezident seçkilərində dəstək təşəbbüslərinə şübhə ilə yanaşan Respublikaçı müxalifətlə üzləşməsi və hakimiyyəti itirmək təhlükəsidir. Ötən ilki ara seçkilərində respublikaçıların nəzarətinə keçən Nümayəndələr Palatası indidən Kiyevə gedən vəsaitlərin daha dərindən yoxlanılmasını istəyir. Təxminlərə görə, 2024-cü il seçkilərində respublikaçı namizəd prezident seçilsə, Moskva ilə gərginliyi azaltmaq üçün neytral mövqe tutacaq və Ukraynaya hərbi yardım proqramları dayandıracaq.
Sözsüz ki, Vaşinqton öz dünya hegemoniyasının sonunu gətirəcək bu proseslərə seyrçi qala bilməz. Onun bu yaxınlaşmaların qarşısını almaq üçün isə əlində bir neçə alternativləri var: əvvəla, istər Avropa, istərsə də Yaxın Şərqdə yeni münaqişə ocaqları yaratmaq, Rusyaya qarşı ikinci cəbhələr açmaq, Yaxın Şərqdə isə əzəli düşmənlərin bir araya gəlməsini əngəlləmək.
İkincisi, keçmiş müttəfiqlərin təhlükəsizlik əndişələrini artıran ənənəvi siyasətlərdən vaz keçmək. Məsələn, nüvə İranına qarşı nüvə ərəb ölkələri yaratmaq, Yaxın Şərqin ən önəmli güclərindən olan Türkiyəni də bu prosesə cəlb etməklə İrana qarşı sünni müqavimət gücünü artırmaq. Bunun üçün isə Türkiyəyə qarşı bəzi embarqoları xüsusilə, onun nüvə dövlətinə çevrilməsinin qarşısında dayanan əngəlləri qaldırmaq, PKK təhlükəsini sıradan çıxarılmasına, onun yerinə Suriyada, İraqda Ankara ilə əməkdaşlığa can atan ərəb-kürd birliyinin qurulumasına şərait yaratmaq lazımdır. Əks halda region ölkələrinin bu tələbləri Çin və Rusiya tərəfindən həyata keçirilə bilər.
Yeri gəlmişkən onu da vurğulayaq ki, Çinin Yaxın Şərqdə dil tapa bilməyəcəyi yeganə dövlət Türkiyədir. Bu da Çinin daxilində ağır işgəncələrə və assimiliyasiyaya məruz qalan Şərqi Türkistan problemi ilə bağlıdır. Türkiyə və Çin arasındakı iqtisadi-siyasi əlaqələr məhz bu siyasət səbəbindən istər-istəməz pozulmağa məhkumdur. Bu baxımdan ABŞ Çinə qarşı siyasətində türk amilinin önə çıxmasında maraqlı olmalıdır.
Üçüncüsü, indiyədək yürütdüyü İsrail mərkəzli Yaxın Şərq siyasətindən imtina etmək və paritet əsaslı yəhidi-ərəb-türk ittifaqı siyasətinə öncəlik vermək. Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti 2017-ci ildə hakimiyyətə gələrkən irəli sürdüyü “İbrahim anlaşmaları” zahirən bu ideyanı əlində rəhbər tutsa da, mahiyyət etibarilə yenə də ənənəvi İsrail mərkəzli tutumdan vaz keçə bilməmişdi. Nəticədə bu siyasət də uğur qazanmadı və bu gün ərəb-fars ittifaqını dəstəkləyən Çinin işinə yaradı. Vaşinqton bu siyasətinə də yenidən baxmağa və daha ədalətli yanaşma ortaya qoymağa çalışmalıdır. Yəqin ki, bu mərhələdən sonra İsrail də həmin siyasətlə razılaşmalı olacaq.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: