Naxçıvanın tarixən məhsuldar torpağı, zəngin bitki örtüyü, heyvandarlıq və arıçılıq üçün əlverişli flora və faunası mövcuddur. Təbii bunların başında insan amilini mütləq nəzərə almaq lazımdır – bütün bunların hamısı zəhmətkeş insanlar olan yerdə birə min bəhrə verir. Naxçıvan lavaşının, balının, pendir, tərxun, qovurmasının Bakı şəhərində brend məhsul kimi istehlakçıya təklif olunması və yaxşı alıcısının olması bu qədim diyarın bərəkətli torpağından, zəngin kulinariyasından və zəhmətkeş insanlarından xəbər verir. Ümumilli lider Heydər Əliyev ilk torpaq islahatını məhz Naxçıvanda aparmış və Azərbaycanda uğurla tətbiq olunmuşdur.
Bütün bunların yanında, muxtar respublikanın su mənbələrinin az olduğunu, su baxımdan tarixən əziyyət çəkdiyini qeyd etmək lazımdır. Lakin səmərəli meliorativ tədbirlər görüldükdə hər zaman alternativlərin olduğu da vurğulanmalıdır.
Aqrar sənayenin iki əsas qolu var – bitkiçilik və heyvandarlıq. Muxtar respublikanın aqrar region olduğunun nəzərə alsaq, hər iki səhəyə son illər bütün ölkədə olduğu kimi Naxçıvan da ciddi dövlət dəstəyi göstərildiyini, Bakıdan ayrılan dotasiyalarda fermerlərə və təsərrüfat sahibkarlarına subsidiyaların xüsusi təsnifatla nəzərdə tutulduğununu müşahidə etmək olar. Subsidiyalar ayrılır ama...
Adəm satdı bir buğdaya Cənnəti.. Vasif Talıbov şeytanın kələyindən uzaq durar mı?
Ölkədə ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsi və xaricdən asılılığın azaldılması bütün dünya dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas prioritetidir. Ölkəmizdə buğda, meyvə-tərəvəz, ət, süd və süd məhsulları və s. kənd təsərrüfatı məhsullarının yerli istehsal hesabına qarşılanması üçün xüsusi dövlət proqramları qəbul olunmuş və aqrar sektorunun inkişafında ciddi dönüş yaranmışdır. Buğda və yonca sahələrinin, pomidor, kartof və s. tərəvəz məhsullarının hektarına görə fermerlərə subsidiyia ödənilməsi, toxum yardımı göstərilməsi dövlətin bu sahəyə qayğı göstərdiyinin nümunəsidir. Naxçıvanda ilərdir bu sahədə ciddi korrupsiya faktları mövcuddur. Vasif Talıbovun rəhbərliyi dövründə uzun illər boyu bütün rayonlarda şoran torpaqlar yararlı kimi göstərilmiş, hektarlarla sahələrdə guya buğda, yonca, pomidor, kartof məhsulları rayonlarda və kəndlərdə işləyən kiçik məmurların, icra və bələdiyyə əməkdaşlarının, onların yaxın ailə üzvlərinin adına yazılır və siyahı halında Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinə göndərilirdi. Nazirlikdə isə onların adına bank hesabları açılır, kart sifarişi verilirdi. Kart hazır olduqdan sonra icra hakimiyyətlərindəki qara donlu kafirlər həmin qara camaata “bankda sənin adında kart var, get götür gətir çatdır mənə” deyirdilər. Subsidiyalar ödənildikdə isə milyonlarla manat subsidiya saxta hesablarla məzlum təbəqənin adına köçürülərək mənimsənilirdi. Hər il də Bakıya məlumat verilərkən sənədlərdə köçürülən subsidiyanın məbləğinə uyğun həcmdə “məhsul” göstərilərək ilbəil “məhsuldarlığın” artdığını qeyd edirdilər. Hətta 2010-cu illərə qədər müəllimlərə, dövlət quluqçularına şəkər çuğunduru, kartof əkdirir, onları öz ciblərinin puluna suvartdırırdılar. Vasif Talıbov da həyasızcasına kəndlərdə getdiyi açılışlarda kənd təsərrüfatının inkişafından danışırdı. Vasif Talıbovun həmin siyasətinin məntiqi davamı da pazını, kələmi, kökü, göyərtini xaricə çıxan hər adama zorla satdırmaq və Türkiyəyə keçirtmək, beləcə muxtar respublikanın “ixrac potensialını” artırmaq kimi biabırçılıq idi.
2006-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə süni mayalanma yolu ilə doğulan buzovlara görə subsidiya verilməsi heyvandarlığın inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Ölkədə süni mayalanma işi geniş vüsət aldıqca Göygöl rayonunda böyük süni mayalanma mərkəzi tikildi və mütəxəssislər, yəni ixtisaslı baytar həkimlərdən ibarət süni mayalanma texnikləri yetişməyə başladı. Muxtar respublikadan da mütəxəssislər mütəmadi həmin mərkəzə ezam olunaraq kurslarda iştirak edirdilər. 2018-ci ildə ölkə başçısının sərəncamı ilə Naxçıvanda da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində süni mayalanma mərkəzi yaradıldı və Prezidentin 2021-ci ildə muxtar respublikaya səfəri zamanı mərkəzin açılışı oldu.
Süni mayalanmaya görə əldə olunan buzovlar ətlik və südlük hollandiya və alman sortu buzovlar olurlar. Yerli iribuynuzlu heyvanlara nisbətən daha məhsuldar oluduğuna görə əhalinin ət və süd məhsullarına olan tələbatının yerli istehsal hesabına qarşılanmasında əhəmiyyətli rol oynayırlar. Buzovlar toxum halında idxal edilir və süni mayalanma yolu ilə inəyin bətninə köçürülür. Buzov doğulduqdan sonra ərazi baytar həkimi onu qeydiyata alır, birkalayır və zəruri sənədləri icra hakimiyətinə təqdim edir. İcra hakimiyyətləri də kəndlər üzrə siyahı halına salaraq Dövlət Baytarlıq Xidmətinə təqdim edir. Baytarlıq Xidməti isə adı siyahıda olan fermerlərə bank kartı yazır və hər rübün sonunda Maliyyə Nazirliyinə göndərir. Doğulan hər buzova görə fermerə 100 manat subsidiya ödənilir.
Burda da astronomik rəqəmlərlə korrupsiya faktlarının olduğunu qeyd etmək lazımdır. Ənənəvi qaydada Ali Məclisdən göstərilən tapşırıqla, icra başçıları hər kənddə icra nümayəndələrinin, onların müavinlərinin, mühasiblərinin, ərazi baytar həkimlərinin, rayon mərkəzində işləyən məzlumların adına buzov yazırlar. Özü də 1-2 buzov yox... Reallıqda fermer 1-2, maksimum 5-8 inəyi süni mayalandırır. Ama icra hakimiyyətləri yuxarıda adı keçən məzlum təbəqəsin adına 15-20, 50-60 bozuv yazır və hər kənndə ən azı 10 min – 20 min pulu saxta hesablarla nağdlaşdırırdılar. Şərur rayonunda subsidiya yazılan 120 başa qədər buzovlar var idi. Ayın sonunda da icra başçıları axşam saatlarında Vasif “xan” işdə olmayan vaxtı, güya xəbərsiz kimi, ənənəvi olaraq Ali Məclis adlanan divanı-hümayuna, sədr-əzəm Azər Zeynalov həzrətlərinin qənşərinə bac-xərac gətirirdilər. Bu yolla heyvandarlıq məhv edildi, real problemlər gizlədildi. Beləcə köçürülən vəsaitə uyğun olaraq mal-qaranın baş sayının “artdığını” hər il Ali Məclisin sessiyasında utanmadan yüksək səslə qeyd edən Vasif Talıbov, bunu rəsmi qəzetdə də dərc etdirirdi. Ölkə başçısının səfərlərində də bu rəqəmləri qeyd edirdi.
Arıçılıq da kənd təsərrüfatında zəruri sahələrdən biridir. Hətta insan həyatı üçün, təbiətdə ekoloji tarazlığın qorunmasında bal arılarının müstəsna rolu vardır. Təsadüfi deyil ki, müqəddəs Qurani-Kərimdə Əl-Nəhl (bal arısı) surəsində Allah-Təala arıların adını çəkir və balın yeyilməsinin vacibliyini vurğulayır. Məhşur alim Albert Eynştein arıların məhv olacağı təqdirdə insan həyatının da məhv ediləcəyini proqnozlaşdırmışdır. Ölkəmizin, o cümlədən muxtar respublikamızın zəngin çiçək və bitki örtüyünə sahib olması tarixən arıçılığı əhalinin məşğuliyyət növlərindən və əsas gəlir mənbələrindən birinə çevirmişdir. Elmi-texnoloji inkişafın və bəşər övladının acgözlüyünün fəsadlarından biri də bal arılarının kütləvi ölüm hallarının artmasıdır. Qlobal problem kimi dəyərləndirilən bu məsələyə Azərbaycan dövləti yerində və vaxtında reaksiya vermişdir. Ölkəmizdə 200-dən artıq bitki və çiçəyin nektar və çiçək tozu kimi arıçılığın genişlənməsinə stimul verdiyini qeyd etmək lazımdır. 2018-ci ilin martın 5-də Prezident İlham Əliyev arıçılıqla məşğul olan fermerlərə subsidiya verilməsi haqqında sərənam imzalamışdır. Yerli arı genofondunun möhkəmləndirilməsi, artırılması və kütləvi arı ölümlərinin qarşısının alınması məqsədilə verilən bu sərəncamda hər arı ailəsinə görə 10 manat subsidiya verilməsi nəzərdə tutulur. Qeyd edək ki, verilən vəsait arı dərmanlarının və vitaminlərin alınması, arıçının əlavə xərclərinin qarşılanması üçün yaxşı rəqəmdir. Bu gün baytarlıq apteklarində arı dərmanları, vitaminlər 3-4 manatdır və bir dərman 5-6 yeşiyin tələbatını ödəyir. Misal üçün fluvalidoz dərmanı 3 manatdır. Bir fluvalidoz 10 yeşik arı ailəsində istifadə olunur. Odur ki, hər arı ailəsi üçün ayrılan subsidiya əslində arıçılığın inkişafı baxımından ciddi yardımdır. Müvafiq sərəncam arıçılığın inkişafına stimul vermiş və arıçılara kömək göstərmişdir. Onu da vurğulamaq yerinə düşər ki, dünyanın çox az ölkəsində arıçılığa dövlət dəstəyi göstərilir.
Naxçıvanda isə... Vasif Talıbov üçün bal yeməklə ağız şirin olmur axı.
Yenə ənənəvi qaydada, süni mayalanma işində olduğu kimi “xan” qaydasında icra hakimləri kənd məzlumlarının, işçilərin adlarına astronomik rəqəmlərlə 150-200, Şahbuzda 600-800 yeşik arı yazdırırlar. Kart sifarişi isə hansı banka verilsə yaxşıdır? Ölkənin ilk regional bankı olan Naxçıvan Bank ASC-yə. İlklərin lideri Vasif Talıbovun toxməcər oğlu Seymur Talıbovun bankına. Beləcə dövlətin bank xidməti üçün ayırdığı vəsait də Seymur Talıbova qalırdı. Necə deyərlər, bal tutan barmaq yalayar. Qəmbərsiz toyun nə ləzzəti?
Ölkə başçısının arıçılıqla bağlı müvafiq sərəncamına qədər Naxçıvan Muxtar Respublikasında təxminən 70 000 arı ailəsi olduğu halda, nə hikmətdirsə bir ilin içində bu rəqəm 100 minə çatdı və utanmadan, qızarmadan bu rəqəmləri rəsmi orqanlarda rəsmi mətbuatda səsləndirirdilər. Arıçıları da beləcə yağ-bal içində üzdürürdülər.
Aqrar sahənin bu cür şumlanmasında xüsusi canfəşanlıq göstərən qara donlu kafirlərin başında kim gəlsə yaxşıdır?. Baş nazirin müavini “kültəpəli Qara Elşad” ləqəbli Elşad Əliyev. O Elşad ki, Ordubadda icra başçısı işlədiyi dövrdən gözə girmiş, rayonda hər cür “tutofkanın” dadına baxaraq Ordubadı taladıqdan sonra xan tərəfindən 2013-cü ildə Kənd Təsərrüfatı naziri postu ilə müşərrəf olmuşdur. Qısa müddətdə aqrar sahəni qamarlayaraq Vasif Talıbova təhvil verdikdən sonra baş nazirin müavini postuna gətirilmişdir. Arzusu Ali Məclisdə Mirhəşim Seyidovdan sonra boşalan 2-ci müavin postunu tutmaq olan Qara Elşadın da arzusu ürəyində qaldı. Ama aqrar sahənin şumlanmasında göstərdiyi “əvəzolunmaz xidmətlərinə” görə cavab verməlidir.
Hesablama Palatasının muxtar respublikada apardığı son yoxlamalarında bu faktların hamısı öz əksini tapmışdır. Auditlər yerlərdə torpağı əkən sahibkarları, süni mayalanma və arıçılıqla məşğul olan hər bir fermeri çağıraraq dindirirlər. Sənədlərdə göstərilən saxta rəqəmlərlə “fermerlərin” real təsərrüfatını qarşılaşdırırlar. Yoxlamalar başlayan ilk günlərdə - 27 fevral 2023-cü il tarixdə Naxçıvan MR Nazirlər Kabinetinin sərəncamı ilə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi ölkə başçısının müvafiq sərəncamı ilə müəyyən olunmuş qaydalara əsasən ödənilir. Yeri gəlmişkən, uzun illərdir mövcud olan bu sistemə xan rejimi qoşulmaqdan imtina edirdi. Yoxlamalar başa çatmamış muxtar respublikanın Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov və onun müavini gendroz Fikrət Həsənov vəzifədən azad olunmuşdur. Bakıdan təyin olunan Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova da qısa müddət ərzində təcrübəli mütəxəssis kimi araşdırma aparmış, bu faktların hamısını yerində yoxlamışdır. Xanım Dadaşova Naxçıvan Televiziyasına bu yaxınlarda verdiyi müsahibəsində aqrar sahədə ciddi nöqsanlar olduğunu, Naxçıvanın aqrar inkişaf baxımından digər regionlardan geridə qaldığını, yeni strategiyanın hazırlandığını ifadə etmişdir. Ümid edirik ki, Xəyalə xanımın təklif və tövsiyələri əsasında hazırlanmaqda olan strateji yol özünü doğruldacaq, fermerlər rahat nəfəs alacaqlar.
Cins toyuğa görə subsidiya verilsə idi, Vasif Talıbov yumurtadan yun qırxacaqdı.
Beləliklə, çörəkçinin çörəyini kəsənin çörəyi burnundan gəlir və gələcək. Fermerin zəhmətini yerə vuran, haqqını yeyən, kəndlinin gözünün tikəcəyi olan təsərrüfatını məhv edən, suyunu kəsən, buğdasını biçməyə kombay verməyən gec-tez hesabını verməlidir.
Vasif Talıbovu tanıyan adam kimi bu məqaləni sona qədər üzündən oxumağa hövsələsi çatsa yaxşı iş gördüyünü, əcəb etdiyini hırıldayaraq, hətta qəhqəhə çəkərək dediyini eşidirəm.
“Qara Pişik”
Paylaş: